Teleqraf.com xəbər verir ki, bunu Prezident Administrasiyası Dövlət qulluğu və kadr məsələləri şöbəsinin sektor müdiri Yusif Hüseynov dövlət qulluğuna dair qanunvericiliyin tətbiqində dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi mövzusunda konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycanda dövlət qulluğuna qəbul və bu sahədə fəaliyyətin davam etdirilməsi üçün qanunvericilikdə bir sıra dəyişiklər edilib: "Dövlət orqanları tərəfindən dövlət qulluğu qəbuluna dair qanunvericiliyin tətbiqi zamanı səmərəliliyin artırılması vacib məsələlərdən biridir.
Dövlət orqanları öz fəaliyyətində dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi işini düzgün təşkil etməlidir, qiymətləndirmənin nəticəsindən asılı olaraq dövlət qulluqçularının həvəsləndirilməsinə də diqqət yetirməlidir.
Dövlət orqanlarında kadr potensialından düzgün və səmərəli istifadə edilməsi,dövlət qulluqçularının irəli çəkilməsi komanda fəaliyyəti, qərar vermək qabiliyyəti və s. bu kimi məsələlərin həllində dövlət orqanlarının, o cümlədən dövlət qulluğu və kadr məsələləri üzrə fəaliyyətdə təkmilləşdirmələr aparmağa ehtiyac var".
Sektor müdiri qeyd edib ki, ilk dəfə dövlət qulluğuna qəbul olan şəxslər üçün dövlət qulluğunun izah edilməsi, tətbiqi, ixtisasarıtma ilə bağlı proqramlar və təlim proseslərində yeni tələblərin və standartların tətbiqi məsələsinə də diqqət artırılmalıdır: “Hesab edirik ki, dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi zamanı vahid yanaşmasının həyata keçirilməsi zamanı DİM tərəfindən mütəmadi olaraq metodiki vəsaitin hazırlanması dövlət orqanlarının müvafiq struktur bölmələrini, bütövlükdə isə dövlət orqanlarının işini bu sahədə təkmilləşdirə bilərdi.
Dövlət qulluqçularının öz işinə münasibəti, onların etik davranış qaydalarına riayət etmələri bir tərəfdən dövlət siyasətinin həyata keçirilməsini təmin edən, digər tərəfdən ölkə vətəndaşlarının dövlət idarəetmə orqanlarına müsbət münasibətini formalaşdıran amillərdəndir”.