Teleqraf.com-un suallarını Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev cavablandırıb:
- Bu gündən deputatların tətili başa çatıb. Parlamentin yeni sessiyasında hansı qanun layihələrinin müzakirəsi gözlənilir?
- Hələ sədr müavini və üzvü olduğum Səhiyyə komitəsinin iclası olmayıb deyə dəqiq bir söz deyə bilmərəm. İclaslarımız sentyabrın 15-dən sonra keçiriləcək. Müzakirələrdən sonra geniş açıqlama vermək olar. Onu qeyd edə bilərəm ki, keçən ildən komitənin gündəliyində “Optika haqqında” qanun layihəsi vardı, işçi qrupu da layihə üzərində işləyir. İş planına salınıb-salınmayacağını artıq komitənin ilk iclasında biləcəyik. Layihə plenar iclasa tövsiyə olunub qəbul edilərsə, həm optik, həm də gün eynəklərinin həkim məsləhəti olmadan satılmasına icazə verilməyəcək. Gün eynəklərini hər kəs istədiyi yerdə sata bilməyəcək.
- Çoxdandır müzakirə olunan layihələrdən biri də “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsidir. Nəhayət, bu il layihənin qəbulu gözlənilirmi?
- Artıq qanun layihəsi tam hazırdır. Komitə toplanmayıb deyə dəqiq fikir söyləyə bilmirəm ki, payız sessiyasında müzakirə olunacaq, ya yox.
- Yeri gəlmişkən, bu layihə mediada qalmaqallı layihə kimi təqdim olunur.
- Burada heç bir qalmaqal yoxdur. Razılaşdırılmamış müddəa qalmayıb, hər şey razılaşdırılıb.
- Dindar kəsim layihəyə sərt etirazını bildirirdi...
- Cinsi hüceyrə donorluğu problemi vardı, o da aradan qaldırılıb. Artıq dindarlarla fikir ayrılığı yoxdur.
- Bəs deputat həmkarlarınız arasında etirazçılar necə, onlar da dəstəkləyir?
- Bu barədə dəqiq bir söz deyə bilmərəm. Parlamentdə müzakirələr zamanı biləcəyik ki, kimin fikri nədən ibarətdir.
- Son vaxtlar xüsusilə regionlarda cinsi zorakılıq hallarının artması cəmiyyəti narahat edir. Bu hallarla mübarizə üçün nə kimi tədbirlər görülməlidir?
- Hesab edirəm ki, iki istiqamətdə iş görülməlidir. Birincisi, yerli icra hakimiyyəti orqanları, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, QHT-lər, KİV-lər maarifləndirilmə işi aparmalıdır. İkincisi, xüsusilə məişət zəminində törədilən cinayətlərlə bağlı Cinayət Məcəlləsində sərtləşdirici müddəaların olması vacibdir. Küçədə və ya başqa bir yerdə insan özünü müəyyən qədər təsadüfi hücumdan müdafiə edir. Ailə içərisində fiziki cəhətdən gücü olmayan ailə üzvü daimi təzyiqlar qarşısında tab gətirə bilmir. Ona görə də hesab edirəm ki, məişət zəminində törədilən cinayətlərə qarşı çox sərt tədbirlər görməliyik. Cinayət Məcəlləsində onlara verilən cəzaların artırılmasının tərəfdarıyam.
- Bu hadisələr fonunda yenidən ölüm hökmünün bərpası gündəmə gəldi. Sizin yanaşmanız necədir?
- Ölüm hökmünün, yoxsa ömürlük həbs cəzasının ağır olduğunu deyə bilmərik. Bəzi insanlar deyir ki, ömürlük həbs cəzası ölümdən də ağır cəza sayılır. İnsan bir dəfə ölür qurtarır, amma ömürlük həbsdə, 4 divar arasında azadlıqdan məhrum edilmə, deyirlər ki, ondan da ağır cəzadır. Ölüm hökmünün bərpası ilə bağlı bir söz deyə bilmərəm. Amma müdafiəsiz uşaqlara, qadınlara qarşı seksual xarakterli cinayətlərin qarşısının alınması üçün cəzaların sərtləşdirilməsi vacibdir.
- Bu arada sahibsiz itlərin əhaliyə hücumu, 2 azyaşlı körpənin ölümü də müzakirə edilən və etiraza səbəb olan hadisələrdəndir. Bunun qarşısını almaq üçün təklifləriniz hansılardır?
- Sahibsiz itlərin əhaliyə hücumu ilə bağlı müvafiq qurumları cəzalandırmaq lazımdır. Axı onlar niyə öz işlərinin öhdəsindən gəlmirlər? İcra hakimiyyəti orqanları, yaxud bu işlə məşğul olan icraedici qurumlar vəzifələrini yerinə yetirməlidirlər. İnsanlara zərər verəndən sonra məsələni aktuallaşdırırıq, itlərin üstünə düşüb kütləvi şəkildə qırmaq təklifləri edilir. Düşünürəm ki, küçədə-bacada sahibsiz it dolaşmamalıdır. Əgər dolaşırsa, müvafiq qurumlar tədbir görməli, vəzifəli şəxslər onları nəzarətdə saxlamalıdırlar. Sumqayıtdakı hadisədən sonra sahibsiz itlərə qarşı mübarizə aparan təşkilatın vəzifəli şəxslərinə, nümayəndələrinə qarşı hansısa tədbir görmədik. Məsuliyyət hissini artıran inzibati xarakterli cəza tədbirləri görülməlidir. Lazımdırsa, bu qurumların rəhbərləri dəyişdirilməlidir. İndi hansı zamandır ki, insanlar kütləvi şəkildə sahibsiz itlərin hücumuna məruz qalır? Təkcə Sumqayıtda deyil, il ərzində 30-40-a yaxın quduzluqla bağlı müraciətlər, ölüm halları olub. Hesab edirəm ki, tədbirlər sərtləşdirilməlidir.
- Qarşıdan yeni tədris ili gəlir. Test üsulunun ləğvi ətrafındakı müzakirələrlə bağlı nə deyə bilərsiniz? Qəbul imtahanında yeni modelin tətbiq olunacağı, gələnilki abituriyentlərin axırıncı dəfə test formasında imtahan verəcəyi deyilir. Yanaşmalar müxtəlifdir, siz hansı formatı daha məqbul sayırsınız?
- Mən tez-tez yanaşmaların dəyişməsinin tərəfdarı deyiləm. Əgər test üsulu indiyə qədər özünü doğruldubsa, niyə onu dəyişirlər, başa düşmürəm. Formatı dəyişəndə bunun abituriyentlərə köməyi və ya maneəçiliyi nə dərəcədə olacaq, uşaqlar nə qədər adaptasiya ola biləcəklər, bunu bilmirik. Testlə imtahan 25 ildə normal qaydada aparılıb, bunun dəyişdirilməsinin tərəfdarı deyiləm. Təhsil mütəxəssi olmasam da, hesab edirəm ki, belə məsələlərlə bağlı qərar geniş ictimai müzakirələrdən sonra qəbul edilməlidir. Komitə və ya nazirliyin qərarı ilə məsələ həll edilməməlidir. Lazım olsa, parlamentdə dinləmələr açılmalı, ondan sonra dəyişiklik olmalıdır. Təhsil və səhiyyə hər bir vətəndaşın həyatına təsir edən ciddi istiqamətdir. İnsanların böyük əksəriyyətinin müzakirəsi olmadan qərar qəbul etmək, xüsusilə bu sahədə tez-tez qərarları dəyişmək kifayət qədər riskli addımlardır və o qədər də müsbət nəticə vermir. Bilmirəm, qurumların mətbəxində nələr var, dəyişikliklər nədən ibarətdir, amma arzu edərdim ki, bu dəyişikliklər şagirdlərin xeyrinə olsun.
- Ermənistanın Avronest Parlament Assamleyasındakı nümayəndə heyətinin rəhbəri Armen Aşotyanın başçılığı ilə bir qrup erməni deputatların Bakıya gələcəyi xəbəri yayılıb. Beynəlxalq qurumlar çərçivəsində Qarabağla bağlı müzakirələrdən gözləntiləriniz nələrdir? Sərkisyanın müavininin Bakı səfəri ilə bağlı hansısa etirazlar ola bilərmi?
- Açığı, Avronest Parlament Assambleyasına o qədər də böyük inamım yoxdur. Azərbaycan Avronestdən 1 il müddətinə imtina da eləmişdi, sonra müraciət elədilər, bizim parlament yenidən bu quruma qoşuldu. Şəxsən mən Avronest Parlament Assambleyasının səmimi və xoş niyyətinə inanmıram. Erməni deputatların Bakıya səfərə gəlib burada müzakirələr aparmasına gəlincə, buna normal baxıram. Biz hər hansı siyasi bir qurumun üzvüyüksə, həmin beynəlxalq təşkilatın qərarlarına, daxili nizamnaməsinə uyğun tədbirlər həyata keçirməliyik. Biz də Ermənistana getməliyik, erməni deputatlar da bura gəlməlidir. Biz qadağalar qoymaqla Azərbaycanın beynəlxalq nüfuzunu yüksəldən addım atmayacağıq. Digər tərəfdən ermənilərə, xüsusilə Qarabağda yaşayan Azərbaycan vətəndaşı olan ermənilərə qarşı tolerant münasibətimiz varsa, bunu da dünyaya nümayiş etdirməliyik. Bir neçə deputatın Bakıya gəlməsi prinsipcə heç nəyi dəyişmir. Yenə də deyirəm, düşünmürəm ki, Avronest Parlament Assambleyası bu işdə nə isə müsbət rol oynasın. Qarabağ məsələsində yeganə söz sahibi ABŞ və Rusiyadır. Qalanlar hamısı kömkçi vasitələrdir. Amma istənilən köməkçi vasitələrdən də istifadə etməliyik.