Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə noyabrın 22-də Rusiya Federasiyasına səfərə yola düşəcək.
QMİ-nin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, səfərdə məqsəd noyabr ayının 23-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Azərbaycan Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi, Sankt-Peterburq Dövlət Universiteti, Sankt-Peterburq və Rusiyanın Şimali-Qərb regionu üzrə Ruhani İdarəsinin birlikdə təşkil etdiyi “Rusiya-Azərbaycan: sülh, təhlükəsizlik və əməkdaşlıq naminə konfessiyalararası dialoq və islam həmrəyliyi” mövzusunda konfransda iştirak etməkdir.
Azərbaycan Prezidenti İlham Əliyevin elan etdiyi İslam Həmrəyliyi İli çərçivəsində Bakıda, Şimali Qafqazda, Finlandiyada, İranda, Türkiyədə, Özbəkistanda və İspaniyada keçirilmiş beynəlxalq tədbirlərin ardınca Sankt-Peterburqda baş tutacaq Konfransda Azərbaycan Respublikasının Milli Məclis üzvləri, AMEA-nın İnstitut rəhbərləri, ölkəmizin tanınmış elm və din xadimlərindən ibarət geniş nümayəndə heyətinin iştirakı nəzərdə tutulur.
Azərbaycan-Rusiya mənəvi əlaqələrinin inkişafı üçün əhəmiyyət kəsb edən beynəlxalq tədbirdə Azərbaycanı QMİ sədri ilə bərabər ənənəvi dini konfessiyaların başçıları — Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının Arxiyepiskopu Aleksandr İşein, Dağ yəhudiləri icmasının başçısı Melih Yevdayev və Bakıdakı Katolik icmasının ordinarisi Vladimir Fekete təmsil edəcəklər.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Sankt-Peterburq şəhərinin rəhbərliyi, tanınmış ictimai-siyasi, elm və din xadimləri ilə yüksək səviyyəli görüşləri nəzərdə tutulur.