Uzun illər idi ki, ölkədə qida təlükəsizliyi ilə bağlı qanun yox idi.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyib.
Onun sözlərinə görə, qanun olmayan yerdə həmişə cinayət baş verir:
“Qida Təhlükəsizliyi Agentliyindən də çox böyük gözləntilərim var. Prezidentin Azərbaycan mallarının təşviqi ilə bağlı verdiyi tapşırıqlar bu agentliyin yaranmasını zəruri edirdi. Bir çox ölkələrdə bunun təcrübəsi var. Təsadüfü deyil ki, agentliyin yaradılması və Azərbaycan mallarının təhlükəsiz olması təkcə bizim hökümətin diqqətində deyil, həmçinin beynəlxalq təşkilatların diqqətində olub. 2011-ci ildə ABŞ-ın inkişaf agentliyinin sahibi bizə müraciət edib, ölkəmizdə təhlükəsiz qida istehsal edən müəssisələrə xüsusi bir nişanın verilməsini təklif etdi və treninqlər keçirdi. Qida təhlükəsizliyi nişanı dövlət qeydiyyatına alındı. Bu vaxta kimi 6 müəssisəyə həmin nişan şamil olunub. Yəni Qida Təhlükəsizliyi Agentliyi Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına daxil olması ərəfəsində təhlükəsiz qida istehsal edib, xarici bazara çıxarmaq kimi məsələlərin öhdəsindən gələn qurum olacaq. Azad İstehlakçılar Birliyi dünyanı 120 ölkəsi ilə əlaqə saxlayır. Ölkədə qidanın təhlükəsizliyinə dair Prezidentimizin bu təşəbbüsünün dünyanın 120 ölkəsinə yayır. Yaxşıdır ki, dünən də belə bir fərman verildi. Hazırda AİB agentliyin rəhbəri Qoşqar Təhməzliyə təkliflər sənədi hazırlanır. Eləcə də Birliyin tərkibində könüllü fəaliyyət göstərən 3 şəxsin CV-sini və Birliyin mütəxəssisi Fuad Ağayevin hazırladığı qidanın təhlüksizliyinə dair cədvəli Qoşqar Təhməzliyə göndərəcəyik. Əlbəttə, Qida Təhlükəsizliyi Agentliyinin əsasnaməsinin 5.8 bəndində nəzərdə tutulan kollegiyanın tərkibində Birliyimizin təmsil olunması istəyini bildirimişik. Gözləyirik ki, bu agentlik yalnız mütəxəssilərdən ibarət və ölkə prezidentinin gözlənti və tapşırıqlarını tam doğruldan qurum olacaq. Biz bu vaxta kimi hazırlıq proseslərini izləmişik və məlum olub ki, qidanın təhlükəsizliyinin təmin olunmasının yalnız tibbi aspektləri araşdırılır. Lakin təhlükəsiz qida istehsal etmək üçün tibbi aspekt kifayət etmir. Ona görə də, bütün aspektləri təhlil formasında agentliyə göndəririk. Həmin aspektlərə texnoloji, idarəetmə, məhsul istehsalı, isfrastrukturun qurulması məsələləri daxildir. Yəni məhsulun tarladan istehlakçının masasına kimi izlənmə zənciri olmalıdır. Əgər Qoşqar Təhməzli istəyərsə, AİB agentliyə təmənnasız olaraq kömək edə bilər”.
Qeyd edək ki, noyabr ayının 13-ü Prezident İlham Əliyev Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb. Fərmanla Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə təsdiq edilib. Dünən isə prezidentin sərəncamına əsasən, Qoşqar Təhməzli Qida Təhlükəsizliyi Agentliyinin sədri təyin edilib.