Başqa birinə baxarkən onun gözəl olub-olmadığını təyin etmək üçün adama bir neçə millisaniyə bəs edir.
Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, indi yeni tədqiqat ortaya çıxarıb ki, adamın xasiyyəti barədə ilkin təəssüratı da onun üz cizgiləri çatdırır.
Ağzın ölçüsü və forması adamın ünsiyyətə açıq, ya qapalı olmasını ələ verirsə, gözlərin ölçüsü onun cazibədarlığını təyin edir.
Psixoloqlar deyirlər ki, tanımadığı adamların müəyyən insan haqda hansı fikirdə olacaqlarını əvvəlcədən bilmək olar və bu, insanın və təfəkkürünün təkamülü ilə əlaqədardır.
Təkamül dəyişiklikləri insanlara qarşıdakı barəsində fikri ani olaraq formalaşdırmağa imkan verir: çünki onun dost, ya düşmən olduğunu təyin etmək vacibdir.
Tədqiqat zamanı alimlər müxtəlif növ və tipləri təsvir edən multiplikasion sifətlər hazırlayıblar. Onlar üzün 65 fiziki cizgisini ölçüblər (gözün eni, qaşların qalınlığı və s.), sonra isə ilkin təəssüratı dəqiq təyin edə biləcək statistik model hazırlamağa çalışıblar.
Bunları uyğunlaşdıraraq alimlər könüllülərin təxminlərinin yarıdan çoxunun izahını verə biliblər.
Məsələn, "kişi sifəti" qaşların hündürlüyü, almacıq sümüklərinin strukturu, dərinin rəngi və durumu ilə, dominantlıqla təyin olunub. Üzün daha zərif formaları isə cazibədarlıq və gənclik təəssüratı yaradıb.
Ancaq necə deyərlər, kitabın üzü ilə içi bir deyil.
İş burasındadır ki, ilkin təəssürat həmişə doğru deyil, insanlar çox zaman xarici görünüşə aldanaraq qarşısındakının xasiyyətini yanlış anlayırlar. Bunun dəqiq təyinatını isə hələlik kimsə hazırlaya bilməyib.