Azərbaycanda fiziki qüsurlu şəxslərin sayı 620 min nəfərdir. Bu da ölkə əhalisinin 6 faizidir. Ölkədə əhalinin sayı artsa da, fiziki qüsurlu şəxslərin sayında artım qeydə alınmır.
Teleqraf.com xəbər verir ki, bu sözləri Hadı Rəcəbli Milli Məclisdə “Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanun layihəsi barədə məlumat verərkən deyib.
Millət vəkili bildirib ki, dünyada bu qrup insanların sayı 10-12 faizdir:
“Ölkəmizdə isə əhalinin sayı artsa da, son illərdə fiziki qüsurlu insanların sayı artmayıb. Bu həm də prosesin qarşısını almaq üçün ölkədə qəbul edilən qanunlarla bağlıdır. Bu qanun layihəsi əlillərin hüquqlarının qorunmasına xidmət edən hüquqi sənəddir. Əilliyi olan şəxslərinin hüquqlarının qorunması bu istiqamətdə yeni qanun layihəsinin hazırlanmasını labüd edib. Son 4 ildə bu qanun layihəsi müzakirə edilib. Nəhayət, qanun Milli Məclisdə müzakirəyə çıxarılıb.
Fiziki qüsuruna görə insanlara qarşı ayrı-seçkiliyə yol verilməməsi məsələsi, onlara digər şəxslərlə bərabər imkanlar yaradılması, bu insanların reabilitasiyası imkanı ilə bağlı müddəalar qanunda əks olunub. Hesab edirəm ki, qanun layihəsi mövcud qanunvecilikdəki problemləri aradan qaldıracaq”.