17:55
Prezident İlham Əliyev Qobustan rayonunda xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Teleqraf.com xəbər verir ki, sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Qobustan rayonunda xalça istehsalı emalatxanasının tikintisi, avadanlıq və dəzgahlarla təchizatı və infrastrukturunun yaradılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.49.5-ci yarımbəndində göstərilmiş məbləğin 2,0 (iki) milyon manatı “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin".
***
Prezident İlham Əliyev Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin artırılması haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə qərara alıram:
1. Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləği 2018-ci il martın 1-dən 10 faiz artırılsın.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılmasına dair təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını bir ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin".
***
Prezident İlham Əliyev Eyvazov Rəşadət Süleyman oğluna “Əməkdar Mühəndis” fəxri adı verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycanda yol-nəqliyyat infrastrukturunun inkişafındakı xidmətlərinə görə Eyvazov Rəşadət Süleyman oğluna “Əməkdar Mühəndis” fəxri adı verilsin".
***
Prezident İlham Əliyev akademik Musa Əliyevin 110 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.
2018-ci ilin aprel ayında görkəmli Azərbaycan alimi və tanınmış ictimai xadim, akademik Musa Mirzə oğlu Əliyevin anadan olmasının 110 illiyi tamam olur.
Azərbaycanda geologiya elminin inkişafına öz fundamental tədqiqatları ilə layiqli töhfələr vermiş Musa Əliyev, eyni zamanda, böyük elm təşkilatçısı olaraq təqdirəlayiq fəaliyyət göstərmiş, Elmlər Akademiyasının prezidenti kimi respublikada intellektual potensialın formalaşdırılması və elmin ən perspektivli sahələrinin təşkili istiqamətində mühüm nailiyyətlər əldə etmişdir.
Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkənin elmi potensialının artırılması və milli sərvətə çevrilməsində, eləcə də yüksəkixtisaslı kadrların hazırlanmasında xüsusi xidmətlər göstərmiş akademik Musa Əliyevin anadan olmasının 110-cu ildönümünün qeyd olunmasını təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Milli Elmlər Akademiyası akademik Musa Əliyevin 110 illiyi ilə bağlı tədbirlər planını hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".
***
Prezident İlham Əliyev Azərbaycan Respublikasında avtomobil yollarının tikintisi və istismarı sahəsində fərqlənən bir qrup şəxsin təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycanda yol-nəqliyyat infrastrukturunun inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:
“Şöhrət” ordeni ilə
Məmmədov Saleh Ərşad oğlu
“Tərəqqi” medalı ilə
Ağayev Asif Hüseyn oğlu
Astanov Şükür İsmayıl oğlu
Atakişiyev Rəşid Məmi oğlu
Babaşov Əliqulu Məmmədqulu oğlu
Əhmədov Ərrəhman Mustafa oğlu
Əzimov İlham Əli оğlu
Hacıyev Mədəd Əlif оğlu
Həsənov Elman Qurbanəli оğlu
İbrahimov Yaşar Abbas oğlu
Qurbanov Cabir Ələsgər oğlu
Mehdiyev Natiq Mürşüd oğlu
Mehtiyev Gündüz Həşim oğlu
Pənahov Əlikrəm Adil oğlu
Salmanov Hüseyn Yusif oğlu
Savzixanov Əsədulla Savzixanoviç
Süleymanov Şahin Şahbaz oğlu
Şamxalov Şahin İbrahimxəlil oğlu
Şıxəliyev İkram Əli oğlu
Şirinov Əliheybət Balakişi oğlu".
***
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 11 aprel tarixli 564 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Fərmanda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 2 oktyabr tarixli 794-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 11 aprel tarixli 564 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 4, maddə 326; 2008, № 6, maddə 495, № 11, maddələr 969, 980; 2013, № 6, maddə 656; 2014, № 10, maddə 1176; 2016, № 2 (II kitab), maddə 243, № 3, maddə 457, № 8, maddə 1376; 2017, № 8, maddə 1521) ilə təsdiq edilmiş “Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları”nın 2.14-cü bəndinə “ipotekasının” sözündən sonra “dövlət” sözü əlavə edilsin".