3 Mart 2018 13:15
1 106
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Aybəniz Həşimova Azərbaycanın tanınmış bəstəkarı, əməkdar incəsənət xadimi Tahir Əkbərin ölüm xəbəri barədə danışıb.

Teleqraf.com xəbər verir ki, Aybəniz Həşimova bildirib ki, ömründə ilk dəfədir, yazdıqları qarşısında aciz qalır:

“Artıq neçə il idi ki, Tahir müəllimin sağlamlığında çox ciddi problemlər yaranmışdı. İlk beyin əməliyyatdan sonra da səhhətində dəyişiklik olurdu. Amma bütün hallarda insan özünə bir ip ucu axtarır ki, ümidlərini öldürməsin. O ümid onu və sevənlərini də möcüzəyə inandırmışdı. Möcüzələrin baş verməsinə mən də həm inanırdım, həm də...

Onu hər dəfə o vəziyyətdə görəndə ürəyim tab gətirmirdi. Gəlirdim evə, otağımda xısın-xısın ağlayırdım. Ona kömək edə bilmədiyim üçün çox üzülürdüm. Kaş ki, onu əzrayılın əlindən ala biləydim. Amma mümkünsüz idi... Atam da belə olmuşdu. Ondan bilirəm”.

Əməkdar artistin sözlərinə görə, bəstəkar sağalacağına inanırmış:

“Sənətkarın susması necə dəhşətdir, bilirsinizmi? Özü də belə sənətkarın! Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ona ilk yardım əlini uzatdıqdan sonra çox sevinmişdi. Hətta inanırdı ki, ölməyəcək. Necə inanmışdısa, səsinin, dilinin tutulmasına baxmayaraq, nəsə deməyə çalışırdı. Hətta, Mehriban xanıma, minnətdarlığını olmayan dilinin ürək səsilə sevinclə bildirməyə çalışırdı. Bu da son...”

Aybəniz Həşimova qeyd edib ki, Tahir Əkbərin nəğmələri onu yaşadacaq:

“Hərçənd ki, layiq olduğu halda onun necə yüksək zirvə olduğunu rəhbərliyə çatdırmadılar. Yüksək mükafatlarının bir gün yaradıcılığına veriləcəyi arzuları ilə dünyadan köçdü. Kaş ki, belə olmayaydı və sağlığında görəydi ki, onun ölməz ana laylası və digər əvəzsiz nəğmələri öz layiqli mükafatlarına sahib oldular. Sağlığında özündən qat-qat aşağı, müsiqimizə zorla sırınan və o mükafatı əldə edənlərin yanlarında boynubükük qalmayaydı.

Yaxşı xatırlayıram. "Xalq ulduzu" yarışmasının hansısa ilində mən fəxri ada layiq görülmüşdüm. Tahir müəllim mənə dedi ki, daha bu ildən yarışmaya gəlməyəcəm. Səbəbini soruşdum. Dedi ki, hamınızın fəxri adı var, amma mənim yox... Mən sizin yanınızda pərt olacağam. Gəlməsəm, yaxşı olar. Çox üzüldüm və dedim ki, sən narahat olma, mən verilişin aparıcısından xahiş edəcəm ki, mənim fəxri adımı deməsin. Sən bircə gəl”.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər