12 Mart 2018 12:37
7 317
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında 2208 nəfər müalicə alır. Onlar psixi xəstəliklərlə yanaşı somatik xəstəliklərdən də (ürək-damar, sidik sistemi, ağciyər-tənəffüs və sair) əziyyət çəkirlər.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Maştağadakı 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının baş həkimi Ağahəsən Rəsulov deyib.

Onun sözlərinə görə, xəstəxanada müasir müalicə prinsiplərinə arxalanmaqla yeni diaqnostik-instrumental (EEQ, UZİ, EKQ, rəqəmsal rentgen müayinə, laboratoriya) və digər metodlardan istifadə etməklə dəqiq diaqnoz qoyulub xəstələrin psixiatrik yönümlü müalicəsi aparılır:

“Digər diaqnostika məsələlərində yarana biləcək çətinliklər aradan qaldırılıb. Xəstəxanamızda xəstələrin psixotrop müalicəsi ilə yanaşı, somatik xəstəliklərinın də müalicəsi ön plandadır. Xəstəxana Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi tərəfindən həm psixotrop, həm də somatik dərman vasitələri ilə tam təmin olunur”.

Baş həkimin sözlərinə görə, xəstə vəfat edən zaman meyit Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi Təcrübi və Tədris Birliyinin Sabunçu rayon şöbəsinə göndərilir: “Vəfat etmiş xəstələrin meyitləri yaxın qohumlarının ərizəsi əsasında onlara təhvil verilir. Azərbaycan Respublikası “Psixiatriya yardımı” haqqında qanunun 8-ci maddəsinə (“Psixi pozuntunun diaqnozunun qoyulması və pasientlərin müalicəsi”) əsasən, psixi pozuntunun diaqnozu müasir diaqnostika prinsiplərinə və beynəlxalq standartlarına uyğun olaraq həkim-psixiatr tərəfindən qoyulur və müalicələr aparılır.

Həmçinin xəstəxanada qeyri-medikamentoz müalicə üsullarından da istifadə olunur. Xəstələrlə reabilitasiya işləri aparılır .

“Psixiatriya yardımı” haqqında qanunun 24-cü maddəsinə (“Psixiatriya yardımı göstərilərkən təhlükəsizlik tədbirləri”) əsasən, psixi pozuntu vəziyyətində olan pasientlər arasında ətrafdakıların həyatı və sağlamlığı üçün təhlükə doğuran hərəkətlərin olduğu halda orta və xəstələrə qulluq edən kiçik tibb personalı tərəfindən nəzarət qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirilir”.

Baş həkim əlavə edib ki, “Psixiatriya yardımı” haqqında qanunun 23-ci maddəsinə (“Psixiatriya stasionarına yerləşdirilən pasientin hüquqları”) əsasən, pasientin psixi vəziyyətindən asılı olaraq yaxınları ilə görüşmək, telefondan istifadə etmək hüquqları var. Pasientlər maddədə nəzərdə tutulan bütün bəndlərdən yararlana bilirlər: “Xəstələr ailələri ilə telefon vasitəsi ilə əlaqə yarada bilirlər. Xəstəxanada valideyn və yaxın qohumlarla görüş hər gün saat 11:00-17:00-dək təşkil edilir. Həmçinin xəstəxanada Valideyn Şurası və Pasient Şurası fəaliyyət göstərir”.

Qeyd edək ki, bir neçə gün öncə Maştağa qəsəbəsində yerləşən 1 saylı Ruhi Əsəb Dispanserində ayrı-ayrı vaxtlarda 2 nəfər xəstəlikdən ölüb.

Martın 5-də 1959-cu il təvəllüdlü Vladimir Aleksandroviç xəstəlikdən dünyasını dəyişib. Martın 7-də isə Füzuli rayon sakini, 1970-ci il təvəllüdlü Həsənova Təranə Feyruz qızı vəfat edib.


Müəllif: Şəfiqə Nazimqızı

Oxşar xəbərlər