...Bu izahı verən yoldaş birdən-birə kostyumumun ətəyini çəkdi və gözünün ucu ilə yanından keçdiyimiz sarayı göstərib qısıq səslə dedi: “Bax, haqqında danışılan qış sarayı!”
Binanın zahiri görünüşü bir saraydan daha çox Rusiyanın hər tərəfində bol olan rus qışlasını (hərbi kazarma - D.Ə) andırırdı. Sarayı diqqətlə seyr etməyə başladım. Arxadaşım qulağıma fısıldadı: “O qədər diqqətlə baxma. Ətrafımızda bizə göz qoyanlar var. Laqeyd davran”.
Sonra əyilərək davam etdi: “Bu səkini görürsənmi? II Aleksandrın parçalanaraq havaya uçurulduğu yer”.
Arxadaşımın xəbərdarlığına baxmayaraq artıq gözlərimi saraydan çəkə bilmirdim. Diqqətimi məhz o səki çəkirdi. Eyni zamanda bu müdhiş sui-qəsdin Şuşada yaratdığı təsirləri yadıma düşürdü. Bizim din bilgisi müəllimimiz axund Hüseynqulu müəllimlər otağında hadisə ilə bağlı xəbəri almış, ciyəri parçalanmış şəkildə hiss etdiyi təsir içində bizim sinfə gəlmişdi. Oturan kimi qurşağından qələmini çıxardı, bizdən kağız istədi və olduqca uzun papağını çıxararaq kağız üzərində düşünməyə başladı. Bir müddət sonra yazmağa başladı. Yazdı və nəhayət bizə xitabən “Ayağa qalxın və üzünüzü Kəbəyə doğru çevirin” deyə əmr etdi. Biz tez qalxdıq və cənuba doğru çevrildik.
“İndi dinləyin” dedi və II Aleksandrın ölümü haqqında yazdığı bir növhəni bizə oxudu. Təəssüf ki, növhəni unutdum. Fəqət çox yaxşı xatırlayıram ki, nəqəratı rusca iki kəlmədən ibarət idi. Bu kəlmələrin mənası bu idi: “İt oğlu, alçaqlar!”.
Axund qatillərə küfr edir, çarı mədh edir və ruhuna rəhmət oxuyurdu. Eyni zamanda da bizə öyüd kimi çarın Allah tərəfindən seçildiyini, təyin edildiyini söylədi və əlavə etdi: “Ona əl qaldıran, Allaha əl qaldırmış kimi olur. Belə kafirlərin qətli vacibdir. Çəkinin, övladlarım, bu kimi dəlalətlərə uymayın. Hirslənmiş Allah təkcə sizi deyil, bütün atalarınızı, analarınızı, əqrəbalarınızı, elinizi kökündən kəsər, yox edər”.
Onu da eşitdim ki, axund növhəni Qafqazın valisinə, Peterburqda yeni imperatora təqdim edilmək üçün göndərmiş və bunun müqabilində bir miqdar pul ilə mükafatlandırılmışdır.
İndi səkini seyr edərkən xəyalımda bu xatirə oyandı və gözlərimin önündə bu üç lövhə yan-yana duraraq canlandı: Ortada II Aleksandrın havada uçan parçaları. Sağda bizim Axund Hüseynqulu, solda sui-qəsdi həyata keçirənlərdən “Zasuliç”.
Öz-özümə soruşdum: Əcəba, bəşəriyyətin taleyi daima bu üç lövhəni yan-yana görməkmi olacaq?
Yenə öz-özümə cavab verdim: “Bəli, axund Hüseynqulu varkən, Aleksandrlar olacaq, Aleksandrlar olduqca “Zasuliç” tapılacaq”.
Peterburqda tələbə həyatı
Ertəsi sabah əl-üzümü yuyarkən xidmətçi qadın qaynar samovarı masamın üzərinə qoydu. Əsl çayı mən hazırlayacaqdım. Samovarın bütün rusların həyatında oynadığı mühüm rolu oxucularım sonra görəcəklər.
Rusiyadakı tələbə həyatı Avropanın heç bir yerinə bənzəmirdi. Avropada çay/qəhvə məkanları, klublar, tələbə cəmiyyətləri binaları tələbələrin əyləndikləri, vaxt keçirdikləri yerlərdir. Rusiyada, xüsusilə, Peterburqda belə şeylər yoxdur. Burada tələbə zamanını əsasən öz aralarında, qrup yaradıb samovar ətrafında toplanaraq keçirirlər. Onsuz da tələbələrin böyük bir qismi üçün samovar eyni zamanda bir mətbəxdir. Çünki yeyəcəyi də samovara görə hesablanıb.
Onun başlıca qidası bir az yağ, pendir və süddən ibarətdir. Ara-sıra bunlara kolbasa, yumurta, soyuq dana əti, dil və s. də əlavə olunar. Fəqət bu lüksü imkanı olanlar edə bilərlər. Əksəriyyət bundan məhrumdur. Tələbələrin böyük bir qismi orta məmur və zabit və ya tamamı kasıb övladları idilər. Onlardan elələrinə rast gəldim ki, ayaqqabı və şapka alacaq gücləri yox idi. Bəzən ikisi, üçü birləşərək mansarlarda aylığı iki-üç rubla bir otaq kirayələyər, palto, ayaqqabı kimi əşya və qidanı növbə ilə istifadə edərdilər.
Təzə yuyunub çayımı içmişdim ki, yanıma dünənki arxadaşlardan biri gəldi:
- Səni Qafqazlı tələbə birliyi yataqxanasına götürmək üçün gəldim. Adətimiz belədir. Yeni gələnləri tez qeydiyyata alıb yataqxanaya yazdırırıq. Təbii ki, səni də yazdıracağıq.
Qalxdım və hazıram dedim.
Yataqxana “Vasilavskiostro” adlanan məhəllədəydi. Köhnə bir evin geniş və hündür qapılarından keçərək giriş mərtəbədə olduqca böyük bir salona girilirdi. Saat 11-ə az qalmışdı. Salonda 35-40 gənc vardı. Fəqət yalnız üçü türk və tatardı. Qalanı erməni, gürcü, ləzgi və s. idi. Bizi görən kimi hamısı ayağa qalxdı, bizə doğru gəldilər. Hamısı tək-tək əlimi həqiqi sevinc ifadə edən bir hərarətlə sıxdılar. Qürbət nə həzin şeydir, necə yaxınlaşdırıcı və sevindirici amildir! Həmin dəqiqədə aramızda türklük, ermənilik, gürcülük, çərkəzlik filan yoxdu. Hamımızı birləşdirən müştərək Qafqazlılıq vardı. Hətta müştərək istifadə etdiyimiz dil olan rusca da birləşdirici amildi. O il tətil zamanında Peterburqdan ayrılmayanlar indi bizdən məmləkət haqqında suallar verib məlumat istəyirdilər. Bir az sonra hamımız birlikdə yataqxanadan çıxdıq. Yaxındakı südçüyə getdik. Südçü də qafqazlı imiş. O da yeni vətəndaşlarının əllərini məhəbbətlə sıxdı. Bizə süd, qatıq və s. ikram etdi. Ogünkü günorta yeməyini beləcə yedik. Məgər bundan sonra həmişə belə olacaqmış! Hər günorta yeməyini südçüdə, axşam və səhər yeməklərini samovarda edəcəkmişiz!
Gördüyüm üç türkdən biri gələcəkdə Azərbaycanın Paris nümayəndəsi olacaq Əlimərdan Topçubaşov idi...
(Davamı var)