15 İyun 2018 08:43
1 110
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakıətrafı kənd və qəsəbəblərdə formalaşan suların bir hissəsi təmzilənmədən Xəzər dənizinə axıdılır. Nəticədə dəniz çirklənir və üfunət qoxusu yayılmağa başlayır.

Bu sözləri Teleqraf.com-a açıqlmasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Mirsalam Qənbərov deyib.

Onun sözlərinə görə, yaşayış massivlərinin tullantı suları dənizə axıdılmalı deyil: “Tullantı sularının idarə olunmasına cavabdeh qurumlar bunun qarşısını almağa cəhd etməlidir. Xəzər dənizi istiqamətində formalaşan axarların kəmiyyət, keyfiyyət göstəriciləri, texniki parametrləri, dənizə hansı ərazidən nə qədər suyun axıdılması, axıdılan suyun tərkibində biogen maddənin miqdarı müəyyənləşdirilməli və onun qarşısının alınması ilə bağlı tədbirlər həyata keçirilməlidir”.

Mirsalam Qənbərov bildirib ki, Bakı bulvarını əhatə edən park işçiləri gəmilər vasitəsilə vaxtaşırı suyun üzərində olan çirkləndirici maddələri, yad elementləri təmizləməlidirlər: “Xəzərin Bakı bulvarı hissəsi Dənizkənarı Bulvar İdarəsinin balanasında olduğundan suyun üzərində olan çirkləndirici maddələrin təmizlənməsinə onlar nəzarət etməlidirlər”.

Azərsu ASC-dan bildirilib ki, Bakı şəhərində formalaşan tullantı suları Hövsan Aerasiya Stansiyasında təmizlənərək kənarlaşdırılır: “Tullantı suları təmizləyici tunel tipli kanalizasiya kollektorlarına yönləndirilərək təmizlənir. Bayıl-Bibiheybət-Lökbatan, Xocasən-Binəqədi-Xırdalan, Bilgəh-Pirşağı, Dərnəgül-Zığ-Hövsan, Novxanı-Sumqayıt kollektorları kanalizasiya infrastrukturları vasitəsi ilə Xəzər dənizinə təmizlənmədən axıdılan tullantı sularının qarşısı alınır”.

Qurumdan qeyd edilib ki, paytaxtın mərkəzi hissəsində formalaşan sular təmizləyici qurğulara yönləndirildikdən sonra dənizə axıdılır: ”Bakı buxtasının sahili boyu mövcud xətlərin reabilitasiyası Dənizkənarı Milli Park, Bayraq meydanı, Şıx, Novxanı və Sumqayıt çimərliklərinin əhatə etdiyi böyük bir ərazidə dənizə çirkləndirici suların axıdılmasının qarşısı alınır”.

Dənizkənarı Bulvar İdarəsi məsəlyə münasibət bildirməkdən yayınıb.

Xatırladaq ki, Xəzərin çirklənməsi ilə bağlı Milli Məclisin növbədənkənar plenar iclasında millət vəkili Musa Quliyev çıxış edib. O, Bakı bulvarı hissəsinə axıdılan tullantıların orada üfunət qoxusunun yayılmasına səbəb olduğunu deyib: "Dünyanın bir çox ölkələrində zibillər çeşidlənir. Bu, onların emalını da asanlaşdırır. Lakin bizdə bu məsələ həllini tapmır. Bundan başqa, məişət tullantılarının daşınması da ciddi problemdir”.


Müəllif: Elxan Süleymanov