16 Avqust 2018 12:19
2 980
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hadisənin baş qəhrəmanı Lütfəli bəy Behbudovdur.

O Qarabağ xanı Pənahəli xanın nəticəsi idi.

Şuşada doğulmuşdu.

Peterburqda dəmiryol mühəndisliyi ixtisası üzrə ali təhsil almışdı.

Bir müddət Kazanda çalışmış, Əhməd bəy Ağaoğlu ilə birgə “Difai” özünümüdafiə təşkilatının yaradılmasında iştirak etmişdi.

Hacı Zeynalabdin Tağıyevin işlər mediri vəzifəsində çalışmışdı.

Elə Hacının məhkəməyə verən də idi.

Hacı çox nüfuzlu bir adam idi, onun məhkəməyə verilməsi aydın səmada ildırım təsiri yaratmışdı.

Belə ki, o neft milyonçusu olmaqla bərabər həm də həqiqi dövlət müşaviri rütbəsini daşıyırdı.

Bu rütbə general, kontradmiral, bir də oberprokuror rütbələrinə bərabər idi.

Bu mənada bu qədər böyük nüfuza malik olan insnaın məhkəməsi də hamının diqqətini özünə cəlb edirdi.

Əhvalat belə olmuşdu: Lütfəli bəyi Hacının evində döymüşdülər.

İl 1912...

Onun döyülməsində Tağıyevlə birgə qohumları iştirak etmişdi.

Davanın konkret səbəbi bilinməsə də qısqanclıq üstündə olduğu barədə dedi-qodular gəzir, məsələdə Tağıyevin həyat yoldaşı Sona xanım Ərəblinskinin adı hallanırdı.

Behbud bəyi al-qana boyayıb faytonla evinə yola saldılar.

Behbud bəy isə əvvəlcə susdu lakin sonra Tağıyevi məhkəməyə verdi.

Mahal məhkəməsində işə baxıldı, Tağıyev və qohumları bəraət aldı.

Lakin işə yenidən istintaq məhkəməsində baxıldı .

Qəzetlərin yazdığına görə H.Z.Tağıyevin Peterburqdan dəvət etdiyi məşhur vəkil Duma üzvü V.İ.Maklakovun iddia edirdi ki, bu iş H.Z.Tağıyevin əleyhinə məxsusi hazırlanmış qalmaqaldır.

O dövrün görkəmli ziyalıları bu məsələdə Hacını müdafiə edirdilər.

Lakin Nəriman Nərimanov onu müdafiə edən ziyalıların əleyhinə “Özünüzü biabır etdiniz, bəsdirin” adlı məqalə yazdı.

Tağıyev iki il müddətinə məhkum edildi.

Eləcə də qohumları...

Tağıyevin böyük nüfuza malik olduğunu çox gözəl anlayan hakim həbs cəzası ilə birlikdə məhkəmə qərarının “Əlahəzrət imperatorun mülahizəsinə təqdim edilməsi” ilə bağlı qərar çıxardı.

Hacının təşkil etdiyi heyət Peterburqa göndərildi.

Heyətə gələcək AXC parlamentinin sədri, o dövrün məşhur vəkili Əlimərdan bəy Topçubaşov, milyonçularda Musa Nağıyev və Şəmsi Əsədullayev, iki ruhani daxil edilmişdi.

İmperator Hacı və qohumlarının günahlarını bağışladı.

Bununla da Hacı həbsdən xilas oldu.

P.S. Yazının hazırlanmasında Qılman İlkinin “Köhnə Bakını tanıyırsanmı?”, Aydın Dadaşovun “Məmməd Həsən Hacinski”, Manaf Süleymanovun “Hacı Zeynalabdin Tağıyev” kitablarından istifadə edilmişdir.


Müəllif: Qan Turalı