Bu ilin yanvar-iyul aylarında sığorta növləri arasında ən ciddi artım həyatın ölüm halında sığortasında qeydə alınıb.
Azərbaycan Sığortaçılar Assosiyasiyasından Teleqraf.com-a verilən məlumata görə, bu növ sığorta üzrə yığımlar 3,5 dəfə artaraq 9,5 milyon manatı keçib. Artımın dinamikasına görə 2-ci yeri isə mülki-hüquqi müqavilə üzrə mülki məsuliyyətin sığortası tutub. Bu sığorta növü üzrə toplanan sığorta haqqı 2,1 dəfə artaraq 400 min manata çatıb.
Həyatın yaşam sığortası üzrə yığımlar 73,8 faiz artaraq 32,8 milyon manat, tibbi sığorta üzrə yığımlar 5,7 faiz artaraq 45,8 milyon manat, istehsalatda bədbəxt hadisələrdən sığorta 10,4 faiz artaraq 21 milyon manat, daşınmaz əmlakın icbari sığortası 37,7 faiz artaraq 10,5 milyon manat, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası 14,2 faiz artaraq 256 min manat, sərnişinlərin icbari fərdi qəza sığortası 26,3 faiz artaraq 85,4 min manat təşkil edib.
İlin 1-ci yarısında sığorta növləri arasında ən ciddi azalma isə pul və pul sənədlərinin saxtalaşdırılmasından sığortada, eləcə də kreditin sığortasında qeydə alınıb. Bu növ sığortalar üzrə yığımlar 100 faiz azalıb.
Əmlakın yanğından və digər risklərdən sığortası 8,8 faiz azalaraq 18,5 milyon manat, kasko sığorta 34,7 faiz azalaraq 21,1 milyon manat, su nəqliyyat vasitələrinin sığortası 3,1 dəfə azalaraq 300 min manat, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası isə cəmi 0,28 faiz azalaraq 37,85 milyon manat təşkil edib.
Sığorta ödənişlərinə gəlincə isə, ən çox artım su nəqliyyat vasitələrinin sığortasında qeydə alınıb. Bu növ sığorta üzrə ödənişlər 180 dəfədən çox artaraq 94 min manata çatıb. Ödənişin dinamikasına 2-ci yeri həyatın ölüm halından sığortası tutub. Bu sığorta növü üzrə ödənişlər 3,3 dəfə artaraq 500 min manat olub.
Həyatın yaşam sığortası üzrə ödənişlər 60 faizə yaxın artaraq 2,55 milyon manat, tibbi sığorta üzrə ödənişlər 7,3 faiz artaraq 27,3 milyon manat, əmlakın yanğından və digər risklərdən sığortası 2,75 dəfə artaraq 5,9 milyon manat, kasko sığortası 5 faiz artaraq 15,8 milyon manat, istehsalatda bədbəxt hadisələrdən sığorta 2,45 dəfə artaraq 1,74 milyon manat, daşınmaz əmlakın icbari sığortası 41faiz artaraq 1,3 milyon manat, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası 16,2 faiz artaraq 16,3 milyon manat təşkil edib.
Sığorta ödənişləri üzrə ən çox azalma isə işçilərim dələduzluğu sığortasında qeydə alınıb. Bu sığorta növü üzrə ödənişlər 9 faiz azalıb və 65,6 min manat təşkil edib.
Naibə