Teleqraf.com-un suallarını Ədalət Partiyasının sədri İlyas İsmayılovun müavini Mütəllim Rəhimli cavablandırıb.
- Mütəllim bəy, İlyas müəllimin oğlu Etimad İsmayılovun qətlinin səbəbləri ilə bağlı sizdə hansı məlumat var?
- Bizdə konkret informasiya yoxdur. Hadisə gecə baş verib. Biz də nə deyəcəyimizi bilmirik. Qətlin niyə baş verdiyindən məlumatsızıq. Nəsə demək çox çətindir.
- İlyas müəllim baş verən hadisə ilə məşğul olurmu?
- İlyas müəllimin başına faciə gəlib. Qətldən sonra yerdə qalan işlər hüquq-mühafizə orqanlarının səlahiyyətinə aiddir. Onlar hadisəni araşdırmalı, tədbirlər görməlidir. Bu işlə biz məşğul olası deyilik.
- Siz özünüz İlyas müəllimlə əlaqə saxlayırsınız?
- Bəli, qətl hadisəsi baş verəndən sonra İlyas müəllimin yanındayam.
- Etimad İsmayılovun cənazəsinin Azərbaycana gətirilməsi gözlənilir, yoxsa İstanbulda dəfn olunacaq?
- Azərbaycana gətiriləcək. Ancaq hələlik vaxt haqqında konkret bir söz deyə bilmərəm.
- Qətl hadisəsini törədən şəxsin Etimad İsmayılovla biznes əlaqəsi olduğu haqda fikirlər səslənir.
- Etimad İsmayılovun ətrafında olan iş adamlarının bir çoxunu şəxsən tanıyırdım. Ancaq qətl hadisəsini törədən şəxslə bağlı heç vaxt informasiyalı olmamışam. Onu tanımıram.
- Hazırda İlyas İsmayılov Bakıdadır, yoxsa İstanbula gedib?
- İlyas müəllim Bakıdadır və hamımız hadisənin şokunu yaşayırıq.