4 Oktyabr 2018 18:45
780
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlər konsensus yolu ilə qəbul olunur. Yəni, yeni üzvlərin təşkilata qəbul edilməsi üçün bütün üzvlərin razılığı lazımdır. Ancaq müşahidəçi üzv statusunun alınması ilə bağlı belə bir norma mövcud deyildir.

Bunu Teleqraf.com-a açıqlamasında siyasi şərhçi Arzu Nağıyev deyib.

Ermənistanın Baş naziri Nikol Paşinyanın “Ermənistan heç vaxt Azərbaycanın Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatı”nda üzvlüyünə imkan verməyəcək” bəyanatına münasibət bildirən A.Nağıyev əlavə edib ki, müşahidəçi üzv statusunun alınması üçün çoxluğun səsi yetərlidir:

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Nizamnaməsinin müvafiq bəndinə uyğun olaraq, müşahidəçi statusu çoxluğun razılığı yolu ilə də alına bilər. Sadəcə olaraq, Nikol Paşinyan bu açıqlamanı vermək məcburiyyətində qalıb. Çünki Ermənistan parlamentində çıxışı zamanı ona tutulan iradlardan biri bundan ibarət idi. “Siz ölkənin idarəçiliyini götürəndən sonra Azərbaycan diplomatik məsələlərdə də o qədər irəli gedib ki, artıq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmaq istəyir”. Məhz bu suala cavab olaraq Paşinyan parlamentdə bu fikri səsləndirdi. Təbii ki, bu, siyasi oyundur. Yəni, özünü sığortalamaq üçün müxalif qüvvələrə belə cavab verdi. Çünki KTMT-yə hansısa ölkənin tamhüquqlu, yaxud müşahidəçi üzv olması məsələsini Paşinyan və onun təmsil etdiyi dövlət həll etmir. Orda Qazaxıstan, Belarus, Rusiya Federasiyası, Qırğız Respublikası və Tacikistan kimi Azərbaycana dost ölkələr var. Onlar birmənalı şəkildə Azərbaycanı həm hərbi, həm siyasi, həm də iqtisadi cəhətdən dəstəkləyirlər. Bu, sadəcə Paşinyan tərəfindən parlamentdə seçkiqabağı bir siyasi gediş idi”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər