Respublikanın avtomobil yolları şəbəkəsinin yenidən qurulması və bərpası layihəsi çərçivəsində ölkənin cənub-qərb magistral avtomobil yolunun (M6) tərkib hissəsinə aid olan Hacıqabul-Bəhramtəpə-Mincivan avtomobil yolunun 64 km-lik (113-177) Bəhramtəpə-Horadiz hissəsinin yenidən qurulması işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yüksək keyfiyyətlə aparılıb.
Agentlikdən Teleqraf.com-a verilən məlumata görə, Beyləqan və Füzuli rayonlarından keçən yolda tikinti-quraşdırma işləri iki hissədən ibarət olmaqla həyata keçirilib.
Üçüncü texniki dərəcəyə uyğun yenidən qurulan 2 hərəkət zolaqlı yolun eni 12 metrdir.
Yol üzərindəki uzunluqları 24-36 metr olan ikiaşırımlı doqquz körpü də əsaslı təmir olunub, onların hərəkət hissələrinin eni genişləndirilib. Bu isə öz növbəsində avtonəqliyyat vasitələrinin yol boyu rahat və maneəsiz hərəkətini təmin edib.
Layihəyə uyğun olaraq yolboyu 38 müxtəlif diametrli suötürücü borunun təmiri və tikintisi həyata keçirilib, 30 avtobus dayanacağı quraşdırılıb, zəruri yerlərdə 2710 siqnal dirəkləri, 515 yol nişanları və məlumatverici lövhələr qoyulub.
Qeyd edək ki, Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun 0-112 km-lik hissəsi 2015-ci ildə II texniki dərəcəyə uyğun yenidən qurularaq istifadəyə verilib.