Mərhum xalq artisti Yaşar Nurinin qızı, müğənni Ülkər Yaşarqızı Teleqraf.com-a müsahibə verib. Söhbətdə onun duet ortağı Rasim Səfər də iştirak edib.
Həmin müsahibəni təqdim edirik:
- Ülkər xanım, sonuncu müsahibəmiz 2017-ci ildə çıxmışdı. O vaxtdan bu günə nə dəyişib?
- Ötən ildən bu yana həyatımda çox dəyişiklik oldu. Məsələn, ötən il müğənnilik peşəsi ilə ciddi məşğul olmağa tərəddüd edirdimsə, artıq bu tərəddüdlər aradan qalxıb. İfaçı olmaq qərarına gəldim və müəllimlərin yanına getdim.
- Bəs şəxsi həyatda?..
- Hələ heç bir şey. Bilənlər bilir, bilməyənlər də bilsin ki, mən bir dəfə ailə qurmuşam və boşanmışam. Mən səmimi olmağı sevirəm. Tamaşaçılara da səmimi insanlar maraqlıdır. Atam da hər zaman səmimi olub. Həmişə sözün düzünü deyirdi. Boşanmağımdan heç də utanmıram. Həyatdır, qismətdir. Hər kəsin başına gələ bilər. O demək deyil ki, sevirsənsə, ailə qurub xoşbəxt olacaqsan.
5 ilə yaxın həyat yoldaşımla bir-birimizi sevdik, amma alınmadı. Görünür, sevgi ilə ailə həyatı tam fərqlidir. Düşünürəm ki, insanların bir-birini anlaması sevgidən də o tərəfə olan bir şeydir.
- Dediz ki, səmimiliyi sevirsiz. Boşanmağınızın səbəbini açıqlaya bilərsiniz?
- Burda gizlin heç nə yoxdur. Aramızda anlaşılmazlıqlarımız oldu. Sonra yoldaşım Rusiyaya getdi və ayrılası olduq. Düşmən kimi ayrılmadıq, indi də dostuq.
- Yenidən bir araya gəlməyiniz mümkündür?
- Yox. Ayrılandan sonra barışıq üçün elə şərait yarandı ki... Amma mən istəmədim. Çünki bir şey bir dəfə alınmayıbsa, yenidən alınmaz.
- Bəs boşanandan sonra evlilik təklifləri aldınızmı?
- Almışam. O qədər. İndi də alıram. Niyə yoxdu ki?
- Sonuncu dəfə nə zaman evlilik təklifi almısınız?
- Bir ay öncə. Qısqanc adam idi. Mən də təklifə yox deyəsi oldum. Hədsiz qısqanc, məni bezdirən insanla ailə qura bilmərəm.
- Bəs kasıb oğlanla?
- Necə kasıb?
- Evi, maşını yox, amma səni sevir...
- Olsa, düşünərəm. Mən özüm-özümü ayaq üstə saxlayan adamam. Bəlkə də kasıb oğlan mənə yaxınlaşmaz. Deyər ki, Ülkərlə ayaqlaşa bilmərəm. Bəzi kasıb insanların əli pula çatanda dəyişir. İstərdim həyatımda elə bir kişi olsun ki, ona çiynimi söykəyə bilim. Söhbət tək maddiyyatdan getmir.
Elə məqamlar var ki, onu heç bir maddiyyat əvəz edə bilməz. İşdən evə adam yorğun gəlir. İstəyərəm ki, evə gələndə kimsə məni əzizləsin, ruh versin. Amma bir ay öncə mənə evlilik təklifi edən insan məni o hala salırdı ki, səhnədə oxumaq belə istəmirdim. Yəni çox qısqanc idi.
- Ailə qurmağı təklif edən iş adamı idi?
- İş adam deyildi, amma onun kimi bir şey idi...
- Eyni anda bir neçə işlə məşğulsunuz. Xınayaxdı mərasimlərinin təşkili, aparıcılıq, menecerlik, müğənnilik. Çətin deyil?..
- Əvvəl “Akustik” qrupu ilə işləyirdim. Müəyyən səbəblərdən onlarla işbirliyinə son verdim. Artıq Rasim Səfərlə işbirliyinə başlamışam. Mən tək də çıxış edə bilərəm. Amma mənəvi dəstək çox vacibdir. Özümdən aşlı deyil. Səhnəyə çıxanda çox həyəcanlanıram. Rasim də mənə dəstək olur. Deyir ki, rahat ol. Ona görə də işbirliyi qurduq. Çox istedadlıdır.
- Bu məqamda duet ortağınız Rasimə də sual vermək istəyərdim. Ülkərlə duet oxumaq sizə nə qazandıracaq?
- Mən səmimi münasibətlərdə qazancı düşünmürəm. Sənət baxımdan isə hər ikimiz qazanacağıq. Uduzacağımız da bir olacaq. Əsas odur ki, Allah peşmançılıq verməsin. Həyatın qanununda qazanmaq da, uduzmaq da var.
- Bu sənətdə iddianız var?
- Düşünürəm ki, musiqi sahəsi mücərrəd bir şeydir. Gecə yatdığın yerdə elə bir ruh gələ bilər ki, durub nəsə yazarsan, xit olar. Konkret qarşına iddia qoymaq, qeyri-professional bir şeydir.
- Ülkər xanım, əvvəllər müğənni olmaq istəmirdiniz. Sizi fikrinizdən nə döndərdi?
- O vaxt məndə təsir var idi. O təsir daha yoxdur. Bir az kompleksim vardı. Özümə güvənim yox idi. Amma sonradan Azər Zeynalovun, Teymur Əmrahın yanında oldum, o insanlar səsimi bəyəndi. Bəzi insanlar var, deyir ki, atası sağ olsaydı, bu oxumazdı. Bu fikirlə razı deyiləm. Artıq 4-ci ildir bu sahədəyəm. Öz əziyyətimlə, cırmaq-cırmaq irəliləyirəm.
Mən Yaşar Nurinin qızıyam, məndə bu istedad varsa, niyə oxumamalıyam? Demirəm ki, muğam oxuyuram. Sadəcə özümə görə səsim və üslubum var. Hər şey öz ruhuma uyğundur.
Flora Kərimova kimi sənətkar mənim ifamı bəyənirsə, bu, bəs edər, məncə. Deyir ki, sənin səhnədəki ruhun, davranışın çox gözəldir. Mən bu sənətin dəyərli ustadlarından rəy almasaydım, ömür boyu müğənni olmazdım.
- Müğənniliyə başlayanda qohumlardan etiraz edən oldu?
- Həyatda anamdan başqa heç kimin sözünə önəm verməmişəm. Mənim başımın tacı 2 insandır. Bir anamdır, digəri də atam idi. Atam sağ olsaydı, deyəcəkdi ki, oxu. Mən səhnəni sevirəm. Bu hissimi necə sıxım saxlayım? Vizajist də işləmişəm. Atam ölən kimi müğənniliyə başlamadım ki?
- Bu sənətdə olan qohumlarınız da var. Məsləhət aldınmı?
- Heç bir qohumumun məsləhətinə ehtiyacım yoxdur. Çünki bu yaralı mövzudur.
- Məsələn Rüfət Axundovdan məsləhətlər ala bilərdiniz...
- Rüfətdən məsləhət almalıydım ki, oxuyum, yoxsa oxumayım?
- Sənət baxımından...
- Rüfət özü sənətə gələndə kimdən məsləhət alıb? Yəqin ki, dayısından... Ona görə də onun haqqında heç nə danışmaq istəmirəm. Hamı mənim üçün qohumdur, əzizdir. Amma özləri üçün. Mən bu 5 ildə o qədər çətinliklər gördüm və həmin anda heç bir qohuma zəng etmədim. Çətin günlərim olub.
- Hər halda qohum yaddan bir köynək yaxın olur...
- Heç bir qohum bizə yarım köynək də yaxın olmayıb. Ona görə də hər şeyi özüm etmişəm. Nə Rüfətin, nə də başqa qohumun dəstəyi olmayıb. Burda çox şeyi açıb ağartmaq istəmirəm.
- Münasibətləriniz elə də isti deyil?
- Bilirsiniz necədir, həyat bumeranqdır, fırlanır, qayıdır. Mən də onun dayısı qızıyam. Məni istəməsin, axtarmasın, amma dayısının yadigarı olan yoldaşını axtarsın, zəng eləsin. Mən məclislərə gedirəm, insanlar məni ayaq üstə alqışlayır. Atam qədər olmasa da insanların sevgisini qazanmışam.
Müsahibənin ardına aşağıdakı linkdə baxa bilərsiniz: