“Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdursa, o insan mənəviyyatsızdır”.
Ümummilli lider Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Ulu Öndərin müdrik tövsiyələri əsasında gənc nəslin vətənpərvər ruhda formalaşdırılması istiqamətində həyata keçirdiyi məqsədyönlü islahatlar bu gün sözün əsl mənasında öz nəticəsini verməkdədir.
Ali Baş Komandan cənab İlham Əliyev çıxışlarında dəfələrlə xüsusi olaraq vurğulayıb ki, Azərbaycan gəncləri milli ruhda tərbiyə almalıdır. Milli dəyərlərimizi hər şeydən üstün tutmağın vacibliyini vurğulyan dövlət başçımız qeyd edir ki, gənclərimiz ölkəmizin inkişafına xidmət edəcək, öz töhfələrini verəcəklər.
Doğrudan da bu gün cəmiyyətimizin aparıcı qüvvəsinə çevrilən gənclərimiz mühüm postlarda, yüksək vəzifələrdə təmsil olunmaqla xalqın, dövlətin qarşısında daşıdıqları məsuliyyəti dərindən dərk edir, üzərilərinə düşən vəzifələri fədakarlıqla yerinə yetirirlər.
Bu, bir reallıqdır ki, ürəkləri Vətən eşqilə döyünən gənclərimizin böyük hissəsi bü gün Silahlı Qüvvələrimizin sıralarında fədakarlıqla xidmət edir. Bəli, fədakarlıqla.
Bəs gənclərimizdə bu fədakarlığın formalaşması, vətənə bağlılıq, hərbi xidmətə hazırlıq prosesi haradan qaynaqlanır.
Gün kimi aydındır ki, yeniyetmə və gənclərimizin vətənpərvər ruhda formalaşdırılması prosesi ölkənin güc strukturları, xüsusilə də Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən reallaşdırılmaqdadır.
Qeyd edək ki, bu xidmət “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 13 Fevral 2012-ci il tarixli Fərmanına əsasən yaradılıb.
Fərmana uyğun olaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının 2011-ci il 23 dekabr tarixli Qanununun qüvvəyə minməsi ilə həmin qanunun tətbiqini təmin etmək və müvafiq sahədə idarəetmə strukturunun təkmilləşdirilməsi, onun müasir tələblərə uyğun qurulması üçün Müdafiə Nazirliyinin tabeliyində olan Respublikasının Hərbi Komissarlığı, Naxçıvan Muxtar Respublikasının Hərbi Komissarlığı, rayon, şəhər, şəhər rayonu hərbi komissarlıqları ləğv edilərək, müvafiq qaydada SHXÇDX-nin tabeliyinə verilib.
Xidmətin fəaliyyət sahəsinə diqqət etdikdə birmənalı olaraq hiss olunur ki, bu qurum ümumilikdə Azərbaycan vətəndaşının hərbi-vətənpərvərlik tərbiyəsini, müddətli həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlığını, həqiqi hərbi xidmətə çağırışını, ehtiyatda xidmət keçməsini, səfərbərlik hazırlığı və səfərbərlik üzrə çağırışını, xüsusi hərbi ixtisaslar üzrə hazırlığını, ali təhsil müəssisələri tələbələrinin zabitlər hazırlanan xüsusi proqram üzrə hərbi hazırlığını və s. operativ şəkildə həyata keçirir.
Dövlət xidmətinin qarşısında duran vəzifələr bununla da bitmir.
SHXÇDX eyni zamanda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin sülh dövründə çağırışçılarla, səfərbərlik zamanı və müharibə dövründə Silahlı Qüvvələrin və digər silahlı birləşmələrin, habelə xüsusi birləşmələrin hərbi vəzifəlilərlə və hərbi-nəqliyyat vasitələri ilə, eləcə də mülki heyət vəzifələrində işləmək üçün vətəndaşlarla komplektləşdirilməsi sahələrində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
Xidmət öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, qanunlarını, dövlət başçısının fərman və sərəncamlarını, Nazirlər Kabinetinin qərar və sərəncamlarını, ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələri, eləcə də öz Əsasnaməsini və normativ hüquqi aktlarını rəhbər tutur.
Hazırda ümumrespublika əhəmiyyətli bir çox layihələrə imza atan SHXÇDX-nin yerli idarə, şöbə və bölmələri qarşıda duran vəzifələri uğurla icra etməkdədirlər.
Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlardan irəli gələn müvafiq tapşırıqlara xidmətin rəhbər heyəti, eləcə də hərbi qulluqçuları tərəfindən məsuliyyətlə yanaşılır, anındaca yerinə yetirilir.
İldə dörd dəfə olmaqla, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuların xidmətə çağırışı, eyni zamanda ehtiyata buraxılmasının nöqsansız təmin edilməsi məhz bu qəbildəndir.
Digər tərəfdən, respublika vətəndaşlarının hərbi-vətənpərvərlik tərbiyəsi, yeniyetmə və gənclərdə vətəndaşlıq hislərinin yüksəldilməsi, onların ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda tərbiyə edilməsi məqsədi ilə mütəmadi olaraq keçirilən ictimai tədbirləri, hərbi-texniki idman yarışlarını da görülmüş işlərin siyahısına əlavə edə bilərik.
Yeri gəlmişkən qeyd edək ki, Dövlət Xidməti tərəfindən “Vətənin müdafiəsinə hazıram!” adlı silsilə tədbirlər bütün şəhər və rayonları əhatə etməkdədir.
Onu da əlavə edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, SHXÇDX rəhbərliyi davamlı şəkildə regionlarda görüşlər təşkil edir. Qəbullar zamanı rayon sakinləri dinlənilir, onların müraciətləri diqqətdən kənarda qalmır, həlli vacib məsələlər dərhal yerindəcə icra olunur, qanunvericiliyin tələbləri vətəndaşlara izah edilir.
İnanırıq ki, yarandığı gündən dövlət və dövlətçiliyimizin qorunub saxlanılması istiqamətində fədakar xidmətilə fərqlənən SHXÇDX-nin bütün hərbi qulluqçuları, habelə mülki əməkdaşları bundan sonra da üzərilərinə düşən məsul vəzifəni əzmlə yerinə yetirəcək, ölkə başçısının etimadını doğruldacaqlar.
Rəşad Sarıyev
Yazı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 7-ci ildönümü münasibətilə elan edilmiş yazı müsabiqəsinə təqdim olunur.