Nəslimizdə oynamaq ayıb sayılmayıb, nənəm də, babam da rəqs etməyi sevən insanlar olub, kənd təfəkküründən uzaq olublar. Bizdə ikiüzlülük, ev yıxmaq, əyyaşlıq, tərbiyəsizlik və s. kimi daha ciddi məsələlər ayıb sayılıb.
Bunu xalq artisti Brilliant Dadaşova Publika.az saytına müsahibəsində deyib.
Brilliant Dadaşovanın işlətdiyi “kənd təfəkkürü” ifadəsi isə birmənalı qarşılanmayıb.
Qeyd edək ki, digər məşhurlar da tez-tez “kəndçi”, “əyalət təfəkkürü” kimi ifadələr işlədirlər. Bəziləri bu ifadələri adi qarşılasa da, bunun aşağılayıcı münasibət olduğunu düşünənlər də az deyil.
Teleqraf.com bu mübahisəli mövzu ilə bağlı tanınmışlar arasında sorğu keçirib. Rəyləri təqdim edirik:
“Qanun” Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlu Teleqraf.com-a açıqlamasında kənddə doğulub böyüdüyünü bildirib:
“Brilliant xanımı tanıyıram, münasibətimiz var. Ola bilsin ki, o, bunu məcazi mənada işlədib. Kəndin pislənilməsi, kənd təfəkkürü, kəndli yanaşması bir qədər geridəqalmışlığı ifadə edən obrazlı bir ifadədir. Bəlkə o, bu mənada “kənd təfəkkürü” ifadəsini işlədib. İnanmıram ki, birbaşa kəndi tənqid etmək niyyəti ilə bu ifadəni işlətmiş olsun. Amma mən bir kəndiliyəm, kənddə doğulmuşam, kənddən çıxmışam. Məmnuniyyətlə, Brilliant xanımla gözəl vals edə bilərəm. Yaxud müasir rəqslərin hansısa birini biz birgə rəqs edə bilərik. Bu, ispan rəqsi də ola bilər”.
Ş.Xuduoğlu qeyd edib ki, artıq kənd-şəhər bölgüsü yoxdur:
“Məsələn, İsveçə, Almaniyaya, Fransaya gedəndə sən bilə bilmirsən ki, bu yol səni kəndə, yoxsa şəhərə aparır. Çünki kəndin də, şəhərin də yolu eyni keyfiyyətdədir. Eyni cürdür. Təbii ki, Azərbaycanda kəndə gedən yolla şəhərə gedən yol eyni deyil. Kənddəki həyat tərzi bir qədər fərqlidir. İşıqlar tez-tez sönür. İnternet şəbəkəsi yoxdur. Amma normal işığı, qazı, suyu olan kənd artıq kənd deyil. Çünki orda yaşayanla şəhərdə yaşayan eyni dəyərləri paylaşa bilirlər. Deyək ki, ilkin imkanları, məsələn işığı, suyu olan kənddə sən otura və nəşriyyatını idarə edə, qəzetini buraxa bilərsən. Necə ki, artıq bunu normal ölkələrdə edirlər. Yəni, iş görən heç bir insan şəhərin gurhagurunda yaşamaq istəmir. Ciddi iş adamları hamısı şəhərdən kənarda yaşayırlar və işlərini də idarə edirlər. Bu mənada artıq şəhərdə yox, şəhərdən kənarda yaşamaq xoşbəxtlikdir. Təbii ki, əgər sənin buna texniki imkanların çatırsa…”
Filosof Niyazi Mehdi bildirib ki, kənd təfəkkürü şəhər təfəkküründən fərqlənir:
“Əvvəllər “kənd təfəkkürü” ifadəsi əvəzinə “çuşka” deyirdilər. Ancaq kənd təfəkkürü onun mütləq pis olması demək deyil. Kənd təfəkküründə elə şeylər var ki, o, şəhər təfəkküründən yaxşıdır. Elə şeylər var ki, pisdir. Birmənalı demək düzgün deyil. O adamlar ki, kənd təfəkkürünü kəndə aid olan şeylərin pis olması mənasında işlədirlər, onlar səhv edirlər. Amma prinsipcə kənd təfəkkürü ilə şəhər təfəkkürünün fərqi var. Kənd təfəkkürünün də, şəhər təfəkkürünün də geridəqalmış cəhətləri var. Baxır, hansı məsələdə. Damğa qoymaq ki, kənd təfəkkürü pisdir, şəhər təfəkkürü yaxşıdır, bu, həqiqətən də geridə qalmış adamların təfəkkürüdür. Vaxtilə şəhər ədəbiyyatı dəbdə idi. Onu Anar, Elçin, İbrahimbəyov (Rüstəm və Maqsud) qardaşları və digərləri təmsil edirdi. Sonra Əkrəm Əylisli, Mövlud Süleymanlı gəldi. Onlar kənd ədəbiyyatını təmsil edirdilər. Onlar kənd həyatından bəhs edən romanlar yazırdılar. O mənada kənd və şəhər ədəbiyyatı ayrılırdı. Əgər Brilliant xanım kənd təfəkkürünü tam mənada şəhər təfəkküründən pis sayırsa, demək çox böyük səhv edir”.
N.Mehdi kənd təfəkkürü ilə şəhər təfəkkürü arasındakı mənfi cəhətlərin nədən ibarət olmasına da aydınlıq gətirib:
“Kənd təfəkkürünün mənfi cəhəti odur ki, müasir dünyadan xəbəri olmaya bilər. Əxlaq normalarında həddən çox anti-liberallıq, mühafizəkarlıq var. Şəhər təfəkküründə mühafizəkarlıq zəifdir və sair. Amma ümumiyyətlə, bunlar ciddi suallardır. Telefonla, iki daşın arasında cavablandırılacaq suallar deyil”.
Jurnalist, ictimai xadim Elçin Şıxlı isə “hər adamın ağzından bir söz çıxa bilər və hər adamın dediyinə münasibət bildirməyi məqbul hesab etmirəm” deyərək məsələyə daha geniş miqyasda yanaşmağın tərəfdarı kimi çıxış edib:
“Məsələn, Avropa ölkələrini götürsək, orada kəndli-şəhərli söhbəti yoxdur. Orada peşə var. Məsələn, fermer peşəsi. Almaniyada kənddə yaşayan adamla Berlində yaşayan şəxs arasında sosial şərait, iqtisadi vəziyyət, təminat baxımından heç bir fərq yoxdur. SSRİ vaxtında bir şüar var idi; kommunizmə çatmağın əsas şərti kəndlə şəhər arasındakı fərqin aradan qaldırılmasıdır. SSRİ dağıldı, bu məqsədini həyata keçirə bilmədi, amma Qərb ölkələrində bu prinsip artıq həyata keçirilib. Çünki onlar əsl Karl Marksın nəzəriyyəsinə uyğun hərəkət edirlər. Yəni, bazsis və üstqurum məsələsi var. Onlar iqtisadiyyatlarını elə yüksək səviyyəyə çatdırıblar ki, orada artıq kənddə, yaxud şəhərdə yaşamağın fərqi yoxdur. Düzdür, bu gün bütün dünyada urbanizasiya prosesi gedir. Bu, təbii bir prosesdir və texnologiyaların inkişafı ilə bağlıdır. Amma eyni zamanda təsəvvür edin ki, Azərbaycanın 10 milyona yaxın əhalisi var, bunun az qala 5 milyonu Bakı şəhərindədir. Bizim bölgələrdə, kəndlərdə problemlər var. O cümlədən iş tapmaq problemi var. İnsanların çoxu artıq torpaqda işləmək istəmir. İşləyənlər də iqtisadi zəmində gəlir əldə edə bilmədiyi üçün hamı başını götürüb şəhərə qaçır”.
E.Şıxlı qeyd eidb ki, burada kənd və şəhər təfəkküründən söhbət getmir, sadəcə olaraq bir məsələ var:
“Bir var şəhər mədəniyyətinin, bir də var bölgə mədəniyyətinin daşıyıcısı olmaq. Bu mədəniyyət bölgələrdə və şəhərdə başqa-başqadır. Məsələn, bölgələrdə elə şeylər var ki, ondan ötrü şəhər camaatının burnunun ucu göynəyir. Yəni, böyük-kiçik, ağsaqqal, ağbirçək yeri var. Getdiyin yolda görürsən ki, hamı ən azı bir-birinə salam verir, salamlaşır. Allahın salamını verirlər. Şəhərdə bunların heç biri yoxdur və bölgədə yaşayan bir gənc ordakı mühafizəkar mühitdən gəlib şəhər mühitinə düşür. Valideyn nəzarəti yox, kənddəki “qohum-qonşu nə deyər” söhbəti yox, “şəhərdə məni heç kim tanımır” düşüncəsi – sərbəstliyi əslində beyinlərdə tərbiyəsizliyə çevrilir. Bunun nəticəsində bölgədən gələn elə bilir ki, şəhərdəkilər hamısı tərbiyəsizdir, tərbiyəlilər ancaq bölgədə olubdur. Bura gəlirlər, daha bilmirlər ki, şəhər mədəniyyətinin daşıyıcıları kənd mədəniyyətindən istənilən halda bizim ölkədə və keçmiş SSRİ-də fərqlənirdir. Bu nöqteyi-nəzərdən həmin söhbətlər gəlib çıxır ortaya. Ki, bu şəhərlidir, bu kəndlidir, bu özünü güclü hesab edir, o özünü tərbiyəli sayır, bu öz tərbiyəsiz”.
Müsahibimiz qeyd edib ki, bundan əvvəl bölgələrdən Bakıya gələnlərin müəyyən qismi tələbələr idi:
“Onlar ən azı 4-5 il bu şəhərdə yaşayırdılar. Şəhər camaatının sayı bölgələrdən gələn camaatın sayından çox idi. Bölgələrdən gələn gənc insanlar özlərini şəhərdəki davranışa, mühitə uyğunlaşdırmağa çalışırdılar. Amma təəssüf ki, ermənilərin torpaqlarımızı işğal etməsi nəticəsində, Ermənistanda yaşayan azərbaycanlıların zor gücünə, həyasızcasına ordan qovulması nəticəsində qaçqın və məcburi köçkünlər əmələ gəldi. Onların mütləq əksəriyyəti bölgə mədəniyyətinin daşıyıcıları idi. Şəhərdən də ruslar, ermənilər, yəhudilər və digər xalqların daşıyıcıları guya bizim onları sıxışdırmağımız səbəbindən çıxıb getdilər. Şəhər əhalisi və şəhər mədəniyyətinin daşıyıcıları çox olanda rayondan gələnlər yavaş-yavaş özləri həmin mədəniyyətin daşıyıcısına çevrilirdi. Bütün bu amillər nəticəsində şəhər mədəniyyətinin daşıyıcılarının sayı az oldu. Amma bölgədən gələn mədəniyyətin daşıyıcıları üstünlük təşkil etdiyi üçün onlar şəhər mədəniyyətinə uyğunlaşmağı lazım bilmədilər. Bütün bu söz-söhbətlər də burdan yaranır”.
E.Şıxlı qeyd edib ki, burda heç kimin günahı yoxdur:
“Çox təəssüf ki, belə alındı. Tutaq ki, siz dəyirmana bir kisə buğda tökürsünüz, dəyirman yavaş-yavaş onu üyüdür. Şəhər də o şəkildə bölgə mədəniyyətinin daşıyıcılarını yavaş-yavaş “üyüdüb” şəhər mədəniyyətinin daşıyıcılarına çevirirdi. Amma dəyirmana eyni vaxtda bir yox,yüz kisə buğda tökəndə dəyirman “boğulur”. Yəni, burda həmin proses baş verib. Ona görə də vaxtaşırı bu cür artıq-əskik söhbətlər yaranır və təəssüf ki, hələ də davam edir”.