5 Mart 2019 12:16
522
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məcburi köçkünlərin birbaşa yaşayış yerlərində hərtərəfli tibbi müayinəyə cəlb olunması üçün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü, Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə martın 7-də Tərtər rayonunda tibbi aksiya keçiriləcək.

Komitədən Teleqraf.com-a verilən məlumata görə, rayon Mərkəzi Xəstəxanasında təşkil ediləcək tibbi aksiyada akademik M.Ə.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının briqadası iştirak edəcək.

Vətəndaşlar yüksək ixtisaslı tibb heyəti tərəfindən ödənişsiz əsaslarla müayinə olunacaq.

Bu cür tibbi aksiyaların respublika ərazisində məcburi köçkünlər üçün salınmış digər qəsəbələrdə də keçirilməsi nəzərdə tutulub.

Komitənin məlumatına görə, Prezident İlham Əliyevin sosial siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır və əhalinin maddi rifahının yaxşılaşdırılması, sosial problemlərinin həlli, o cümlədən yüksək keyfiyyətli səhiyyə xidmətləri ilə təmin edilməsi üçün davamlı və təsirli tədbirlər görülür.

“Qaçqınların və məcburi köçkünlərin sağlamlığının qorunmasına da hərtərəfli dövlət qayğısı göstərilir. Birinci vitse-prezident Mehriban Əliyeva bu kateqoriyadan olan vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılması ilə yanaşı, müntəzəm olaraq zəruri tibbi yardım almasına xüsusi həssaslıqla yanaşır. Məcburi köçkünlər üçün salınmış qəsəbələrdə müasir tələblərə cavab verən tibb məntəqələri fəaliyyət göstərir”, - deyə məlumatda bildirilir.


Müəllif: Nərgiz

Oxşar xəbərlər