3 Aprel 2019 15:24
2 009
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənilərin imkanı olsaydı, çoxdan hücum edərdilər. Onların indi hücuma keçmək üçün nə hərbi, nə də siyasi-diplomatik baxımdan gücü var. Tonoyanın ərazilər əvəzinə sülh formatını dəyişərək yeni ərazilər uğrunda yeni müharibə prinsipinə üstünlük verəcəyinə dair bəyanatı birmənalı şəkildə daxili auditoriyaya hesablanıb. Göstərmək istəyirlər ki, biz qorxmuruq, istəsək yeni ərazilər ələ keçirə bilərik. Reallıq isə fərqlidir. Açıq danışaq, Azərbaycana elə fürsət lazımdır.

Bu sözləri Teleqraf.com-a hərbi ekspert Azad İsazadə deyib.

Onun sözlərinə görə, 2016-cıl ilin aprelində təxribatlara cavab olaraq ordumuzun əks-hücumu bu vəziyyətin təkrarlanması baxımından Azərbaycanın maraqlarına uyğundur: “Bizə fürsət lazımdır ki, hücuma keçib öz torpaqlarımızı azad edək. Ermənilər sabah bu əməliyyatı keçirəndə deyə bilməyəcəklər ki, istəməmişdik, Azərbaycan bizi məcbur elədi. Çünki bəyan elədilər ki, biz hücuma keçəcəyik. Qoy, keçsinlər, Azərbaycan üçün problem yoxdur.

Azərbaycan üçün yeganə problem ondadır ki, arxasında Rusiya silahlı qüvvələri dayanmasın. Rusiyanın Ermənistanda yerləşən bazası da hücuma keçib onlara dəstək versə, Azərbaycana, sözsüz, daha çətin olacaq. Amma bugünkü reallıq belədir ki, Moskva özü Paşinyanı istəmir”.

Azad İsazadə indiki vəziyyətdə Rusiyanın ermənilərə köməklik göstərəcəyinə inanmadığını söyləyib.

Hərbi ekspertin fikrincə, Ermənistan müdafiə nazirinin bəyanatı və Paşinyanın “David Tonoyan başqa bir bəyanatla çıxış etsəydi, onu istefaya göndərəcəkdim” cavabı cəmiyyəti sakitləşdirmək cəhdidir: “Sözsüz, başa düşürük ki, Ermənistanın baş qərargahı xəritə üzərində hansısa planlar qurur. Konkret nöqtələr də var. Onlar periodik olaraq bunu səsləndirib. Gəncəyə, Mingəçevirə zərbə vurmaq, Kür sahilinə çıxmaq, Naxçıvana hücum etmək kimi planları var, bunlar real təhlükəli istiqamətlərdir. Bu planlar Ermənistan baş qərargahında xəritə üzərində var. Bunu biz biliriksə, sözsüz, bizim qərargahda da əks tədbirlər görür, o cümlədən əks-hücum əməliyyatları da xəritə üzərində hazırlanır.

Bu, normal praktikadır, bir neçə istiqamət işlənilir, hansının seçiləcəyi hələ bilinmir. Amma biz hər bir varianta hazır olmalıyıq”.


Müəllif: Nərgiz

Oxşar xəbərlər