Təbii ki, “Opinion Way” şirkətinin keçirdiyi rəy sorğusu nəticəsində açıqlanan rəqəmlər, gəlinən qənaət bugünki Azərbaycan reallığıdır. Bu reallıq da ondan ibarətdir ki, ölkə vətəndaşları dövlət başçısından, onun yürütdüyü siyasətdən məmnundur. Rəy sorğusunun nəticələri Azərbaycanın bugünki həyatının bariz göstəricisidir.
Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin Regional məsələlər, həmçinin Gənclər və idman komitəsinin üzvü, ixtisasca iqtisadçı olan Azər Badamov bildirib.
O qeyd edib ki, ölkə başçısının rəhbərliyi altında Azərbaycanda böyük iqtisadi islahatlar həyata keçirilir:
“Cənab prezident ötən ilin aprelində keçirilən prezident seçkisində yenidən inamlı qələbə qazanandan sonra islahatlar daha da dərinləşib. Bu, nəinki iqtisadiyyatı, ölkə həyatının bütün sahələrini əhatə edir. Ötən bir il idarəetmə sisteminin yeniləşməsi, yəni struktur islahatları, iqtisadiyyatda şəffaflığın təmin edilməsi, sosial sahədə həyata keçirilən böyük proqramlarla zəngin olub. Bu gün Azərbaycan reallığı ondan ibarətdir ki, dövlət siyasəti Azərbaycan vətəndaşına yönəlib və ölkə vətəndaşının sosial vəziyyətinin yaxşılaşmasına xidmət edir. Məhz belə olduğu üçün istənilən zaman rəy sorğusu keçiriləndə həmin rəy sorğusu respondentlərin əksər hissəsinin dövlət başçısını və dövlət siyasətini dəstəkləməsi ilə nəticələnir. Çünki istiqamətlənmiş siyasət birbaşa vətəndaşın rifahına yönəlib”.
A.Badamov qeyd edib ki, əvvəlki illərdə islahatlar iqtisadiyyatın ayrı-ayrı sektorları üzrə keçirilirdi:
“Biz infrastruktur layihələri icra edirdik. Vətəndaşların həyatının yaxşılaşması istiqamətində böyük işlər görülürdü. Amma Prezident İlham Əliyevin aprelin 5-də Bakının Kürdəxanı qəsəbəsində məcburi köçkün ailələri üçün inşa edilən yeni yaşayış kompleksinin açılışından sonra məcburi köçkünlərlə görüşü zamanı dediyi kimi biz əsas infrastruktur layihələrini demək olar ki, icra etmişik.
Cənab prezident qeyd etdi ki, düzdür, hələ icra ediləsi layihələr var, o cümlədən regionların sosial-iqtisadi inkişafına dair dördüncü dövlət proqramında kifayət qədər böyük tədbirlər nəzərdə tutulur. Ancaq biz, ilk növbədə, əsas diqqəti vətəndaşların sosial məsələlərinə yönəldəcəyik. Yəni artıq dövlətin siyasəti birbaşa vətəndaşların sosial rifahına təsir edəcək istiqamətə yönəlib. Bu da son vaxtlar aztəminatlı ailələrə olan dövlət dəstəyi, tələbələrə göstərilən diqqət, maaş və pensiyaların artırılması kimi məsələlərdə özünü göstərir.
Beləliklə, iqtisadiyyatın ayrı-ayrı sektorlarında həm vətəndaşların rolunu artırmaq, həm də onların birbaşa sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində işlər görülür. Təbii ki, belə işlərin görüldüyü ölkədə dövlətə, prezidentə inam günü-gündən artacaq. Bir daha qeyd etmək istərdim ki, rəy sorğusunda açıqlanan rəqəmlər də təbii ki, bugünki Azərbaycan reallığıdır”.
Qeyd edək ki, Azərbaycandakı mövcud ictimai-siyasi vəziyyətə, Prezident İlham Əliyevin son bir ildə həyata keçirdiyi islahat kursuna, hökumətin ümumi daxili və xarici siyasətinə ölkə əhalisinin münasibətini öyrənmək məqsədi ilə “Opinion Way” şirkəti tərəfindən Naxçıvan Muxtar Respublikası istisna olmaqla, Azərbaycanın bütün bölgələrində geniş rəy sorğusu keçirilib.
“Opinion Way”in sorğusuna respondentlərin verdiyi cavablar Azərbaycan cəmiyyətinin Prezident İlham Əliyevə böyük etimad bəslədiyini bir daha təsdiq edir. Ümumiləşmiş orta nəticələr onu göstərir ki, əgər bu gün yenidən prezident seçkiləri keçirilsə, İlham Əliyev ölkə seçicilərinin mütləq çoxluğunun, təxminən 83-85 faizinin səsini qazana bilər.