"Meşələrin məhvinə səbəb olan yanğınların qarşısını vaxtında almaq və meşələrimizin yanğın təhlükəsizliyini təmin etmək üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən zəruri profilaktik və qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə Tədbirlər Planı təsdiq edilib".
Teleqraf.com xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev bu gün keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, plana uyğun olaraq, may ayından etibarən ərazilərdə əsaslı hazırlıq işlərinə start verilib: "Təbiətdə olarkən yanğın təhlükəsizliyi qaydalarına riayət etmək hər bir vətəndaşın borcudur. Hər il dünyanın müxtəlif bölgələrində baş verən meşə yanğınları minlərlə hektar meşə sahəsinin, yaşıllığın məhvi ilə nəticələnir, meşə zolaqları yanaraq külə dönür. Azərbaycan da digər dövlətlər kimi meşə yanğınlarından sığortalanmayıb. İndiyədək meşə sahələrində baş vermiş yanğın hadisələrinin araşdırılması göstərir ki, yanğınların 98 faizi insan amilinin təsirindən, yəni istirahətə gələnlərin, mal-qara otaranların, biçin sahələrinə od vuranların, meşə meyvələri toplayanların ehtiyatsızlığından və digər səbəblərdən baş verir. Belə halların qarşısının alınması məqsədilə Nazirlik xidməti ərazilərin zəruri yerlərində meşə müşahidə qüllələrinin və ya gözətçi postlarının qurulmasına, eyni zamanda həmin sahələrə yaxın mövqelərdə fəaliyyət göstərən fermer təsərrüfatları ilə qarşılıqlı əlaqələrin yaradılmasına, biçindən sonra sahələrə od vurulmaması üçün maarifləndirmə işlərinin aparılmasına başlayıb. Belə ki, respublika ərazisində baş verən yanğınların meşə ərazisinə keçməsinin qarşısını almaq üçün meşəyə yaxın tikililərin ətrafında 15 metr, meşəyə yaxın magistral avtomobil yollarının kənarında isə 3 metr enində şumlama işlərinin aparılmasına başlanılıb”.
Nazir müavini xahiş edib ki, təbiət qoynuna istirahətə gedən vətəndaşlar odla ehtiyatlı davransınlar, fermerlər biçənəkləri yandırmasınlar, təbiət ərazilərinə yaxın kəndlərin sakinləri yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etsinlər, sürücülər və vətəndaşlar siqaret kötüklərini ətrafa atmasınlar, milli sərvətimiz olan meşələri, yaşıllıqları qorusunlar və Nazirliyin əməkdaşları tərəfindən həyata keçirilən profilaktik tədbirləri, verilən tövsiyə və göstərişləri anlayışla qarşılasınlar.
“Ötən il dünyanın bir çox ölkələrində dəhşətli yanğın hadisələri baş verib. Təbii ki, biz də Nazirlik olaraq yanğının qarşısını almaq üçün profilaktik tədbirlər həyata keçirmişik. Amma bu, o demək deyil ki, yanğınlar olmayacaq”, - F.Əliyev bildirib.