8 Sentyabr 2014 20:45
675
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni dərs ilinin başlaması ilə əlaqədar 2014-cü il sentyabrın 10-dan oktyabrın 10-dək respublika ərazisində "Diqqət, uşaqlar!" adı altında hərəkətin təhlükəsizliyi aylığı keçiriləcək.

Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a bununla bağlı bildiriblər ki, tədbirin keçirilməsinin əsas məqsədi uşaq və yeniyetmələrin iştirakı ilə yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktiki tədbirlərin gücləndirilməsi, habelə ümumtəhsil məktəblərində şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanması və tədris prosesinin effektivliyinin yüksəldilməsinə dövlət yol polisinin köməyinin artırılmasıdır.

DİN rəhbərliyinin göstərişinə əsasən, uşaq və yeniyetmələrin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisələrinin təhlilinin aparılaraq, onların başvermə səbəblərinin və şəraitlərinin aradan qaldırılması üzrə konkret profilaktiki tədbirlər görüləcək, təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə, habelə uşaq və yeniyetmələrin toplaşdığı yerlərdə, onların hərəkət marşrutlarında yol şəraitinin yenidən müayinə olunması, hərəkətin təhlükəsiz təşkili nəzərə alınmaqla müvafiq tədbirlər, o cümlədən yol nişanlarının qoyulması, yararsızlarının yeniləri ilə əvəz edilməsi, nişanlama xətlərinin çəkilməsi və s. tədbirlər həyata keçiriləcək.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov isə bununla bağlı Trend-ə bildirib ki, təhlükəsizlik aylığının Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi ilə 46 saylı məktəbdənkənar tərbiyə işi mərkəzi ilə birgə paytaxt ərazisindəki məktəqəbədər və ümumtəhsil məktəblərində də keçirilməsi nəzərdə tutulub: "Yeni dərs ilinin başlaması ilə əlaqədar küçə və yollarda nəqliyyat vasitələrinin hərəkət intensivliyinin yüksək olması ehtimalı arıtr. Belə şəraitdə məktəblilərin təhlükəsizliyinin təmin edilməsi, xüsusilə də uşaq və yeniyetmələrin yol-hərəkəti ilə bağlı həyat və sağlamlığının qorunması məsələsi qarşıda durur".

Onun sözlərinə görə, "Ölkəmizi tanıyaq" devizi altında keçiriləcək maarifləndirici tədbir çərçivəsində də təbliğat işləri aparılacaq. Rayon təhsil şöbələrinin, məktəb və məktəbəqədər müəssisə əməkdaşlarının iştirakı ilə birgə müəssisələrdə yol hərəkəti qaydalarına dair profilaktik-təbliğat tərbirlərinin keçirilməsi, bu məqsədlə müxtəlif əyani vəsaitlərdən istifadə edilməsi, o cümlədən xüsusi guşə və tədris otaqlarının yaradılması nəzərdə tutulub.

V Əsədov ictimaiyyəti bu işdə yol polisi ilə həmrəy olmağa səsləyib: "Gəlin, gələcəyimiz olan azyaşlı uşaqların həyat və sağlamlığını yol-nəqliyyat hadisələrindən birgə qoruyaq".

Qeyd edək ki, uşaqlarla bağlı yol-nəqliyyat hadisələrinin sayı ümumən azalsa da, cari ilin 8 ayı ərzində respublika ərazisində uşaq və yeniyetmələrin iştirak etdiyi yol qəzaları zamanı 63 azyaşlı uşaq həlak olub, 145 uşaq isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.


Müəllif: