19 İyun 2019 16:41
590
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Baş prokuror Zakir Qaralov Ombudsmanların XVI Bakı Beynəlxalq Konfransı çərçivəsində paytaxtda səfərdə olan Türkiyənin Baş ombudsmanı Şeref Malkoçla görüşüb.

Teleqraf.com xəbər verir ki, Baş prokuror tarixən xalqlarımızın milli köklərə söykənən münasibətlərinin siyasi, iqtisadi, mədəni və digər sahələrdə də dinamik inkişaf etdirildiyini bildirərək, bu əlaqələrin hər iki qardaş ölkənin dövlət başçıları İlham Əliyev və Rəcəb Tayyib Ədoğanın ciddi səyləri, apardıqları uzaqgörən xarici siyasət nəticəsində Azərbaycan-Türkiyə əlaqələrinin etibarlı strateji əməkdaşlıq səviyyəsinə qalxmaqla dostluq və qardaşlıq prinsiplərinə əsaslandığını xüsusi vurğulayıb.

Prezident İlham Əliyev tərəfindən düşünülmüş və məqsədyönlü siyasətin ardıcıl həyata keçirilməsi nəticəsində 2019-cu ilin birinci rübündə imzalanmış Fərman və Sərəncamların əməli icrası ilə minimum əməkhaqları və pensiyaların əhəmiyyətli dərəcədə artırılması, həmin sosial paketin mərhələli şəkildə bütün əhali qrupları daxil olmaqla ümumilikdə 3 milyona yaxın insanı əhatə etməsi barədə ətraflı məlumat verən Baş prokuror, ölkəmizdə əmin-amanlıq və sabitlik mühitinin hökm sürdüyünü, vətəndaşların hüquqlarının etibarlı şəkildə qorunduğunu bildirib.

Cinayətkarlığın müxtəlif təzahürlərinə, o cümlədən korrupsiyaya qarşı mübarizə istiqamətində görülən işlər, ölkə əhalisi, eyni zamanda beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilən və dünyada artıq Azərbaycan brendi kimi tanınan “ASAN Xidmət” Mərkəzlərinin, həmçinin həyata keçirilən sosial siyasətin ifadəsi olmaqla əmək münasibətləri, məşğulluq, sosial müdafiə və təminat sahələri üzrə xidmətlərin tam şəffaf, vətəndaşlarla açıq iş şəraitində, sadə və əlçatan prosedurlarla təqdim edilməsinə imkan yaratmış Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) əhəmiyyəti qonaqların diqqətinə çatdırılıb.

Səmimi qəbula görə təşəkkürünü bildirən Türkiyənin Baş ombudsmanı Azərbaycanda görülən işləri, aparılan məhkəmə-hüquq islahatlarını yüksək qiymətləndirib, ölkəmizdə müasir dünyanın çağırışlarına cavab vermək iqtidarında olan və ən yüksək tələblərə cavab verən hüquq mühafizə sisteminin formalaşmasından məmnunluq ifadə edib.

Şeref Malkoç hər iki ölkənin müvafiq strukturları arasında əlaqələrin inkişafı üçün bundan sonra da səylərini əsirgəməyəcəyini, əməkdaşlıq və işbirliyimizin xalqlarımız və ölkələrimizin mənafelərinə xidmət edəcəyini vurğulayıb.

Görüşdə hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər