9 Sentyabr 2014 15:04
676
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 8-də Təhsil Nazirliyinin təşkil etdiyi V “Elektron Təhsil” Respublika müsabiqəsinə başlanılıb.

Təhsil Nazirliyindən Teleqraf.com-a verilən xəbərə görə, müsabiqə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”ndan irəli gələn vəzifələrin icrası ilə bağlı təhsildə elektron tədris resurslarının tətbiqi sahəsində sağlam rəqabətin stimullaşdırılması və rəqabət elementlərinin tətbiq edilməsi məqsədilə təşkil edilib.

Təhsil nazirinin müvafiq əmrinə əsasən keçirilən bu müsabiqənin rəsmi internet səhifəsi (www.musabiqe.edu.az) fəaliyyət göstərir.

Müsabiqə 3 istiqamət olmaqla 7 nominasiya üzrə keçiriləcəkdir:
“Müasir məktəbdə elektron tədris resursları” istiqaməti üzrə:
- Elektron lövhələrin istifadəsi ilə yaradılan ən yaxşı dərs modeli;
- “1 şagird : 1 kompyuter” modeli üzrə ən uğurlu dərs/tədris layihəsi;
- Təhsil portalında (www.edu.az) yerləşdirilmiş resurslardan istifadə edilməklə qurulan ən yaxşı dərs/tədris layihəsi nümunəsi;
- Onlayn vasitələrdən (veb 2.0, sosial servislər və s.) istifadə edilməklə qurulan ən yaxşı dərs/tədris layihəsi nümunəsi.
“Təhsildə internet texnologiyaları” istiqaməti üzrə:
- Təhsildə internet resursları;
- Müəllim bloqları.
“Milli elektron tədris resurslarının yaradılması” istiqaməti üzrə:
- Milli elektron tədris resurslarının yaradılması.

Müsabiqənin keçirilməsində əsas məqsəd tədris prosesində elektron tədris resurslarından, internet texnologiyalarından istifadəni genişləndirmək, bu sahədə təhsil ictimaiyyətini məlumatlandırmaq, tədris məqsədləri üçün internetdən istifadənin yeni formalarını üzə çıxarmaq və tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirməkdən ibarətdir.

Müsabiqə, “İntel” Korporasiyasının “Gələcək üçün təhsil” proqramı, “Dr. Web” AZEDUNET, “Ultra”, “Mədəd Azərbaycan” və “Nar Mobile” tərəfindən dəstəklənir.

Müsabiqədə qaliblərə noutbuk, planşet, printer və digər xüsusi mükafatlar təqdim olunacaq.
Qeyd edək ki, müsabiqə artıq beşinci ildir keçirilir.

2010-2013-ci illərdə keçirilən müsabiqələrdə ümumi olaraq 4000-dən artıq layihə təqdim edilib.
Təhsil Nazirliyi bəyan edir ki, müsabiqədə iştirak etmək üçün qeydiyyatdan keçmək lazımdır. Yalnız qeydiyyatdan keçən istifadəçilər müsabiqəyə layihələrini (işlərini) təqdim edə və artıq müsabiqəyə qəbul olunan layihələrə öz rəylərini ( şərhlərini) yaza bilərlər.

NİGAR


Müəllif: