16 Sentyabr 2019 15:51
584
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün ölkəmizdə Bilik günü qeyd olunur. Təhsil alanlar ilk dərs gününü bayram edirlər. İlk dəfə məktəbə ayaq basanlar üçünsə bu günün ayrıca özəlliyi var.

Həyat yolunda addımlamağa başlayan uşaqlarla birgə valideyn və müəllimlər də sevinirlər.

Bu ovqatı duymaq və oxuculara çatdırmaq üçün Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən Rəsul Ənnağıyev adına 141 saylı, Nəcəfqulu Rəfiyev adına 104 saylı orta məktəblərə, eləcə də Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyaya baş çəkdik.

104 saylı orta məktəbdə körpə fidanlarımız siniflərin adları qeyd olunan sıra üzrə düzülmüşdülər. Nəhayət, həyəcanlı an gəlib çatdı. İlk zəng vuruldu. Gül-çiçəklərin əhatəsində uşaqlar ilk dəfə valideynlərilə vidaşalmalı oldular. Onların arasında ağlayanlar da vardı, valideynlərinə bərk-bərk sarılıb qopmaq istəməyənlər də. Ancaq az vaxta ilk dərs başlayacaq.

Uşaqlarla sinif otaqlarına daxil oluruq. Birincilər yavaş-yavaş sinfə, müəlliməyə, yeni mühitə uyğunlaşmağa başlayırlar. Biz isə onları tərk edirik. Qarşımıza məktəbin direktoru Kərəm Mehdiyev çıxır.

Ondan məktəb haqqında bilgilər əldə edirik: “Məktəbimiz bu il 235 nəfər birinci qəbul edib. Biz bundan qürur duyuruq. Həmişə savadlı gənclər yetişdirməyə çalışmışıq. Bu mənada cəhdlərimiz çox uğurlu nəticələr verib. İnanırıq ki, bu körpələrimiz də cəmiyyətə və ölkəyə yararlı vətəndaşlar olacaqlar”.

Buradan çıxıb üz qoyuruq Rəsul Ənnağıyev adına 141 saylı orta məktəbə. Olduğumuz bütün məktəblərdə oxşar mənzərəylə rastlaşdıq. Valideyn Jalə Hüseynova deyir ki, bu anı çox gözləyib: “Oğlumun əlindən tutub ilk sinfə yola salacağım zamanı çox gözləmişəm. Onun yaxşı oxuyacağına inanıram. Əminəm ki, mənə qürur yaşadan oğul olacaq”.

Digər valideyn Əlövsət Məmmədli də eyni fikirdədir: “Çox sevincliyəm. İlk övladımı məktəbə yola salıram. Onun yararlı bir vətəndaş olmasını çox istəyirəm. İnanıram ki, belə də olacaq”.

İbtidai sinif müəlliməsi Mehriban Babayeva deyir ki, uzun illərdir müəllimlik peşəsi yaşadanlardan biridir: “Neçə illərdir müəllim işləyirəm. Bu sahəni çox sevirəm. Hər il beləcə yüzlərlə sevinc yaşayıram. Hər uşağın, hər valideynin sevinci mənim üçün də bir sevincdir, xoş qayğıdır. Onların savadlı, intelektual olması üçün müəllim adı daşıyan hər kəsin, o cümlədən, ibtidai sinif müəllimləri olaraq əlimizdən gələni həmişə etmişik və edəcəyik”.

Daha sonra Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən məktəblərdən Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyaya getdik.

Görünən mənzərə o idi ki, uşaqlar cərgələrdə valideynlər də qapı arxasında dayanaraq həsrətlə içəri keçməyi gözləyirdilər.

Əvvəlki olduğumuz məktəblərdən fərqli olaraq burada valideynlər içəri buraxılmırdı. Yaxınlaşıb məsələnin əslində necə olduğunu öyrəndik. Adının çəkilməsini istəməyən valideyn bildirdi ki, bu məktəbdə qayda belədir: “Bizə içəri ancaq saat 10:00-dan sonra daxil ola biləcəyimi dedilər. Bunun da səbəbini keçirələcək iclasla əlaqələndirdilər. İndi isə deyirlər ki, nə iclas var nə də ki, yığıncaq. Uşaqlarınızı saat 16:30-dan sonra görə bilərsiniz.

Nəinki ilk dərs günü, adi günlərdə də valideynlər məktəbə buraxılmır. Bu bizim narazılığımıza səbəb olur. Valideyn gəlir, uşağını götürmək istəyir, bu proses müddətində darvazadan çöldə qalır”.

İçəri buraxılmadığımızı gördükdə düşündük ki, bir azdan bu mümkün ola bilər. Amma içəri buraxılmadıq.

Bu an içəridən mühafizə polisi çıxdı. Polisdən niyə belə olduğunu soruşduqda o, bizə belə cavab verdi: “Məktəbin qaydası belədir. Bizə tapşırılan işi yerinə yetiririk. Əlavə məlumat üçün məktəbin direktoru Xəyalə Əhmədzadə ilə əlaqə saxlaya bilərsiniz”.

Xəyalə Əhmədzadə və bir neçə köməkçisi ilə əlaqə saxlasaq da, bu, mümkün olmadı.


Müəllif: İmamət İsmayılova