16 Sentyabr 2014 14:53
930

Prezident yanında Elmin İnkişafı Fondunun (EİF) xaricdə elmi tədbirlərdə və qısamüddətli təcrübəkeçmədə iştirakı əhatə edən və 2014-cü ildə keçirilmiş 5-ci “Mobillik qrantı” müsabiqəsinin nəticələri elan olundu. Müsabiqə müddətində Elmin İnkişafı Fondu qrant iddiaçılarına kömək məqsədilə 5 məsləhət seminarı təşkil edib.

Teleqraf.com xəbər verir ki, müsabiqəyə daxil olmuş 23 layihənin ekspertizası nəticəsində 2 layihə texniki ekspertiza mərhələsindən keçməyib, 21 layihə isə elmi ekspertiza mərhələsinə buraxılıb.

Nəticələr Fondun Himayədarlar Şurası tərəfindən təsdiq edildikdən sonra 5-ci “Mobillik qrantı” müsabiqəsi üzrə ümumi maliyyələşdirilmə həcmi 61 500 manat olan 14 qalib layihə müəyyənləşdirilib. Fondun Mətbuat xidmətindən qeyd edilib ki, 5-ci “Mobillik qrantı” müsabiqəsində qalib olan layihələrdən 8-i qısamüddətli elmi təcrübəkeçmə ilə (QMTK), 6-sı isə xaricdə elmi tədbirdə iştirakla (XETİ) bağlı layihələrdir. Qaliblərdən 7-si qadındır.

Qaliblərin yaşı 24-59 arasında dəyişir. Qalib layihələrin 11-i AMEA institutlarını (İdarəetmə Sistemləri, Şamaxı Astrofizika Rəsədxanası, Fizika, Coğrafiya, Torpaqşünaslıq və Aqrokimya, Genetik Ehtiyatlar, Əlyazmalar, Fəlsəfə və Hüquq, Şərqşünaslıq, Ədəbiyyat, Memarlıq və İncəsənət) və təhsil qurumlarını (Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti) əhatə edir. Fizika-riyaziyyat və texnika elmləri üzrə 3, kimya elmləri üzrə 1, Yer haqqında elmlər üzrə 1, biologiya, tibb və aqrar elmləri üzrə 3, humanitar və ictimai elmlər üzrə isə 6 layihə qalib elan olunub. 5-ci “Mobillik qrantı”nın qalibləri ABŞ-da (2), Türkiyədə (6), Albaniyada (1), İtaliyada (1), Rusiya Federasiyasında (1), İspaniyada (1), Macarıstanda (1) və Qazaxıstanda (1) elmi tədbirlərdə və qısamüddətli təcrübəkeçmədə iştirak edəcəklər.

“Mobillik qrantı” üzrə müsabiqələrin keçirilməsində məqsəd Azərbaycanda elmin inkişafını dəstəkləmək, alimlərin xaricdə təcrübə keçməsini və tədbirlərdə iştirakını stimullaşdırmaq, beynəlxalq elmi əlaqələr qurulmasına şərait yaratmaq və ölkənin elmi kadr potensialını daha da gücləndirməkdir.

Qeyd edək ki, “Mobillik qrantı” müsabiqələri daimi əsaslarla keçirilir. Yaxın günlərdə Elmin İnkişafı Fondu növbəti “Mobillik qrantı” müsabiqəsini elan edəcək.

İlhamə


Müəllif:
Загрузка...