21 Noyabr 2019 22:25
605
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 21-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiyaya rəsmi səfəri çərçivəsində “Lujniki” Olimpiya Kompleksində Ümumrusiya Bədii Gimnastika Federasiyasının prezidenti İrina Viner-Usmanovanın Gimnastika Mərkəzi ilə tanış olub.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı “Lujniki” Olimpiya Kompleksində Ümumrusiya Bədii Gimnastika Federasiyasının prezidenti İrina Viner-Usmanova qarşıladı.

Birinci vitse-prezident Mehriban Əliyeva burada İrina Viner-Usmanovanın Gimnastika Mərkəzi ilə tanış oldu.

Məlumat verildi ki, bu ilin iyun ayında açılan Gimnastika Mərkəzində məşq zalları, məşqçilər və hakimlər üçün otaqlar, multimedia muzeyi, şərhçi otaqları, yeməkxana, press-bar və emalatxanalar var.

Mərkəzdə bədii gimnastikanın tarixində ilk multimedia muzeyi yaradılıb. Muzeyin ekspozisiyasına taç-masa ilə birlikdə 5 LED ekran daxildir. Həmin ekranlar vasitəsilə bədii gimnastikanın tarixi, bu idman növündə fərqlənənlər, Rusiyanın gimnastika məktəbləri haqqında məlumatlar əks olunur.

Sonra əsas arena ilə tanışlıq oldu.

Bildirildi ki, Gimnastika Mərkəzinin yerləşdiyi ərazinin ümumi sahəsi 25,7 min kvadratmetr olmaqla beş mərtəbədən və nadir layihə əsasında informasiya modelləşdirilməsi texnologiyalarının tətbiqi ilə bir yeraltı mərtəbədən ibarətdir. Binanın gimnastika lenti formasında damı Gimnastika Mərkəzinin rəmzinə çevrilib. Bina beynəlxalq səviyyəli yarışlar keçirilməsinin və idmançıların peşəkar hazırlığının bütün tələblərinə cavab verir. Gimnastika Mərkəzi yarış vaxtı 500 idmançı və 4 minədək azarkeş tutumuna malikdir.

Qeyd edək ki, Rusiyada müasir bədii gimnastika Bədii Gimnastika Federasiyasının prezidenti, milli yığmanın baş məşqçisi, idman aləmində nüfuzlu şəxslərdən olan İrina Viner-Usmanovanın rəhbərliyi ilə inkişaf edir. Onun yetirmələri sırasında 6 Olimpiya medalçısı var. Mərkəz üç yaşından başlayaraq uşaqları qəbul edir. Burada, həmçinin rəqs və xoreoqrafiya dərsləri tədris olunur.

İrina Viner-Usmanovanın ölkələrimiz arasında idman və ümumilikdə dostluq əlaqələrinin inkişafında xüsusi rolu var. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan və Rusiya arasında idman sahəsində əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə İrina Viner-Usmanova “Dostluq” ordeni ilə təltif edilib.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Ümumrusiya Bədii Gimnastika Federasiyasının prezidenti İrina Viner-Usmanova çay masası arxasında söhbət etdilər.

Birinci vitse-prezident Mehriban Əliyeva İrina Viner-Usmanovaya gələcək fəaliyyətində yeni-yeni uğurlar arzuladı.

Sonda Birinci vitse-prezident Mehriban Əliyevaya xatirə hədiyyəsi təqdim olundu.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər