19 Sentyabr 2014 11:28
762
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın “Microsoft” korporasiyası “Silikon vadisi”ndə yerləşən əsas tədqiqat laboratoriyalarından birinin fəaliyyətini dayandıracaq.

Teleqraf.com xəbər verir ki, bu barədə “ZDNet” nəşri məlumat verib.

“Microsoft” “Silikon vadisi”ndə yerləşən tədqiqat laboratoriyasının cümə günündən etibarən fəaliyyətini dayandıracağını bəyan edib”, - "Twitter” şəbəkəsində tədqiqat mərkəzinin əməkdaşlarından biri Derek Mürrey yazıb.

Laboratoriyanın bağlanması “Microsoft”un əməkdaşlarının 18 min nəfər azaldılması ilə bağlı aparılan geniş ixtisarların tərkib hissəsidir. Korporasiya bu barədə planlarını iyulda açıqlayıb. Cümə axşamı korporasiya nümayəndələri növbəti 2,1 min iş yerinin ixtisar edilməsini elan ediblər. Bunun 747-si Vaşinqtonda, 160-ı Kaliforniyada həyata keçiriləcək.

Mauntin-Vyu (Mountain View) şəhərində yerləşən "Microsoft Research” laboratoriyası 2001-ci ildə fəaliyyətə başlayıb. Burada korporasiya mütəxəssisi Roy Levinin rəhbərliyi ilə 50 nəfər çalışır. Laboratoriyada məxfilik və təhlükəsizliyin təmini, iritutumlu məlumatların emalı sistemləri, internet axtarışı və servisləri sahəsində tədqiqatlar aparılıb.

“Microsoft”un digər laboratoriyaları Asiya, Misir, Hindistan, İsrail, ABŞ, Böyük Britaniya və Avropanın bir sıra digər ölkələrində yerləşir. Korporasiya nümayəndələrinin sözlərinə görə, “Silikon vadisi”ndə çalışan bəzi əməkdaşlara digər tədqiqat mərkəzlərində iş yerləri təklif olunacaq.

İlhamə


Müəllif: