26 oktyabr 1947-ci il. Saat 17:30. İstanbulun Yeşilköy hava limanından Afinanın Hassani hava limanına uçan “Douglas DC-4-1009” tipli sərnişin təyyarəsi Hymettus dağına çırpılaraq qəzaya uğrayır. Təyyarədəki 36 sərnişin və 8 şəxsi heyət həlak olur.
Kaliforniyada “Douglas” fabrikində hazırlanan 4 motorlu bu təyyarə İsveçə aid olub, Afinadan öncə Stokholm, Paris, Lissabon kimi şəhərlərə uçuş edib. Həmin vaxtadək 24 ildir fəaliyyətdə olan bu şirkətin təyyarələrində bir milyondan çox sərnişin səyahət edib, heç bir zaman qəza baş verməyib. Şirkəti ABŞ, İngiltərə və İsveç müştərək idarə edib, təyyarələr bir neçə sığorta şirkəti tərəfindən sığortalanıb.
Qəza necə baş verib?
Dönəmin qəzetlərində verilən məlumatlara görə, təyyarə Afina hava meydanına yaxınlaşsa da, fırtınaya görə enə bilməyib, pilotlar geri dönmək qərarına gəliblər. Geri dönərkən pilot Hymettus dağını aşmaq üçün yüksəkliyə qalxıb, lakin fırtına pilotu yanıldıb. Təyyarənin ön hissəsi dağı aşsa da, qanadı qayaya çırpılıb və qəza baş verib. Qəzadan sonra həlak olanların cəsədləri təyyarədən 500 metr irəliyə düşüb, ikisi xaric hamısı paramparça olub. Qəzanın olduğunu bir gün sonra həmin ərazidən uçan hərbi kəşfiyyat təyyarəsi görüb, bu barədə müvafiq qurumlara məlumat verib. Hərbi pilot təyyarənin ətrafında dolaşan birini gördüyünü və bunun çoban olduğunu düşündüyünü bildirib. Qəza yerinə gələn İsveç heyətinin və şirkətin əməkdaşları cəsədlərin bir neçəsinin paltarlarının olmadığını görüblər. Cəsədlərin çılpaq olmaları ölənlərin qiymətli əşyalarının oğurlanması qənaətini yaradıb. Təyyarədə müxtəlif ölkələrdən sərnişinlər olub. Onlar arasında türklər, amerikalılar, danimarkalılar, isveçlilər və bir azərbaycanlı olub...
Münəvvər bir Türk qadını
Qəza barədə geniş məlumat verən Türkiyənin “Tasvir” qəzeti “Qaçqın türklər də hamilərini itirdilər” yarımbaşlıqlı yazıda həmin azərbaycanlıdan belə bəhs edib: “Təyyarə qəzası səbəbindən İtaliyada olan qaçqın türklər də böyük hamilərindən birini itirdilər. Bədbəxt türklərə ən böyük mənəvi yardım göstərmiş, maddi fədakarlıqların əzəmətinə qatlanmış bu münəvvər türk qadını Valiyə Kazımbəyli idi. O, Azərbaycan türklərindəndir. Bolşevik istilasından hələ uşaq ikən ailəsi ilə birlikdə qaçıb məmləkətimizə yerləşmiş, sonra da İran təbəəsi olan bir azəri türklə evlənərək Polşaya yerləşiblər.
Müharibə zamanı Polşadan İtaliyaya keçərək orada yerləşən Valiyə xanımın ailəsi özünü türklük davasına həsr edib, İtaliyaya qaçan türk və müsəlman qaçqınlara analıq və bacılıq edərək mümkün olduğu qədər kədərlərini ovutmağa çalışıb. İtaliyadakı bədbəxt qardaşlarımızın son ümidi, son sığınacağı onun qapısı olub. Valiyə xanım tək loxma çörəyini də hər zaman onlarla paylaşıb. Ötənlərdə bu sütunda yazdığımız kimi 118 bədbəxt millətdaşımızın düşərgələrdən atılaraq Roma küçələrində süründüklərinə görə onları hökumətimizin vədi vəchiylə bir an öncə Türkiyəyə gətirilmələrini təmin etmək üçün buraya gəlmişdi. Bir həftə öncə 118 qardaşımızın Misir prensi İbrahim tərəfindən Misirə aparılması müjdəsini aldığına görə, buradakı görüşmələrini dayandırıb, bir an öncə Romaya dönərək digər fəlakətzədələri yalnız buraxmamaq istəmişdi. Arxada qoyduğu üç oğlan övladı qədər İtaliyadakı bütün türk və müsəlman qaçqınlar da onun şəxsində analarını itirərək yetim qaldılar”.
Qəzadan sonrakı hadisələrə keçmədən öncə İkinci Dünya müharibəsində əsir düşən, İtaliyada düşərgələrdə yaşayan azərbaycanlılara və digər müsəlman türk xalqlarından olan qaçqınlara himayə edən Valiyə Kazımbəylinin kimliyinə nəzər salaq.
Cahangir bəyin xanımı
Valiyə xanım Azərbaycan Cümhuriyyətinin ilk Baş naziri Fətəli xan Xoylunun böyük qardaşı Hüseynqulu xanın qızıdır. Hüseynqulu xan 22 sentyabr 1870-ci ildə Gəncədə doğulub. Gəncə valisinin köməkçisi işləyib. Gəncədə yaşadığı müddətdə ictimai-siyasi həyatda fəal iştirak edib. 1920-ci ildə baş vermiş Gəncə üsyanının fəal iştirakçısı olmuş Hüseynqulu xan üsyan yatırıldıqdan sonra ölkədən çıxa bilib. Həyat yoldaşı Şirinbəyim xanımı, oğlanları Zahid xan və İsgəndər xanı, qızları Valiyəni, Simanı və nəvəsi Abbası yalnız bir ildən sonra gözlənilməz təsadüf nəticəsində İstanbulda tapıb. Hüseynqulu xan Polşanın rəhbəri marşal Yuzef Pilsudskinin dəvətilə bir müddət Polşada yaşasa da, yenidən İstanbula, ailəsinin yanına qayıdıb, 1925-ci ildən sonra Atatürkün göstərişi ilə oğlu İsgəndər xanla birlikdə hərbi məktəblərdə tərcüməçi kimi çalışıb. Hüseynqulu xan 7 dekabr 1955-ci ildə İstanbulda vəfat edib. Valiyə xanım Azərbaycan milli ordusunun zabiti, Gəncə üsyanının təşkilatçılarından biri olan Cahangir bəy Kazımbəyli ilə ailə həyatı qurub, Abbas, Mustafa, Əli adında üç övladı olub.
Müharibə illəri
Qardaşı Zahid xan xatirələrində II Dünya Müharibəsi illərində bacısının əsir düşmüş azərbaycanlı əsgərlərə etdiyi köməklik barədə maraqlı bilgilər verib. O qeyd edib ki, 1941-ci il Almaniya-Sovet müharibəsində almanlara əsir düşmüş sovet əsgərləri arasında bir çox azərbaycanlı əsgərlər vardı ki, onların çoxu xəstə, yaralı halda Varşava hərbi xəstəxanasında idi:
“Bacım Valiyə xanım Varşavadakı evimizdə (1930-cu ildən ta 1944-cü ilə qədər Varşavada idim) Yardım Komitəsi qurdu, xəstəxanalarda olan azərbaycanlılara əlimizdən gələn yardımı etdik. Mən şəxsən həftədə iki-üç dəfə gedərək bizim vətəndaşlarla danışır, onların mənəvi vəziyyətlərinə dəstək verirdim. Komitəmiz İsveçrə “Qızıl xaç” təşkilatından gələn hər növ yardımları onlara paylayır, bacım bəzi çox xəstə olan əsgərlərə evdə yemək bişirib aparırdı. Bu arada, almanlar əsir düşən ruslardan, qafqazlılardan və digər millətlərdən könüllü olaraq legionlar hazırlayırdı. Bizim legionun başında sovet mayoru Əbdürrəhman Düdənginski (naxçıvanlı) Berlində Azərbaycan Milli Komitəsində başçı oldu (Abo Düdənginski çox enerjili, olduqca savadlı, çox yaxşı natiq, fəqət içki sevən bir adamdı. Abo ilə çox yaxından dostluğumuz vardı)...
Sovet ordusu 1944-cü ildə Polşada Varşava şəhərində dayandığı zaman məcburi olaraq ailəmlə bərabər Almaniyaya sığınmalı olduq. Məndən əvvəl Cahangir bəy və ailəsi də Vyanada idi. 1945-ci ildə bütün ailəmiz Avstriyanın Tirol şəhərində idi. Müharibədən sonra İtaliyada yerləşdik. Cahangir bəy Romada öz evində Azərbaycan Yardım Komitəsi təşkil etdi. İngilislərin əlində bir neçə yüz legiondan qalan əsgərlər var idi. Bunların aqibəti çox pis idi. Yaltada bağlanan anlaşma üzərinə ingilislər zorla sabiq Sovet əsgərlərini geri, Stalinə “hədiyyə” olaraq göndərdi. Nəticədə, Avstriyada Linzdə bir böyük kütlə (bir neçə yüz) qazax, Şimali Qafqaz və azərbaycanlıları zorla süngü altında, tanklarla qova-qova Stalinə verdilər...”
Zahid xan bacısının yoldaşı, Gəncə üsyanının komandanı Cahangir bəyin müharibə illərində qurduğu Komitə və onun fəaliyyəti haqqında da maraqlı bilgilər verib. O yazıb ki, Roma ətrafında ingilis düşərgəsində yüzdən çox Azərbaycan əsiri vardı. İngilislər bunları geri, Stalinə verməyə hazırlaşırdı, bu xəbəri alan bizim Komitə dərhal ingilis komandanı ilə əlaqə yaratdı və əsirlərin verilməsini təxirə saldı.
“Komitə türk, Ankara məqamına və müsəlman olan Misir kralı Fərruxa müraciət edərək bu kütləni öz vətənlərinə almalarını rica etdi. Eyni zamanda, Cahangir bəy öz arvadını (mənim bacım Valiyə xanımı) təyyarə ilə İstanbula göndərdi. İstanbulda edilən hər cür təşviqlərə baxmadan, təəssüf, türk hökuməti Sovetlərdən qorxaraq səs çıxarmadı. 1947-ci ilin noyabr ayında Misir kralı Fərruxdan teleqraf gəldi. Teleqrafda: “Şahzadə Əmir İbrahim gəmi ilə yola çıxdı” yazılmışdı. Bir neçə gün sonra Romaya bizim evə (Cahangir bəyin evinə) kralın əmisi oğlu olan şahzadə Əmir İbrahim təşrif buyurdu. Danışıqlar və məsləhətlər bir neçə gün çəkdikdən sonra şahzadə Əmir İbrahim şəxsən gedib ingilis komandanı ilə görüşdü və 100-ə yaxın azərbaycanlı əsgəri, nəhayət, gizli olaraq ingilislər qatara qoyub Napoli limanına yolladılar. Şahzadə Əmir İbrahim məni şəxsən Misirə dəvət edib özü ilə apardı.
Qahirədə şahzadə məni kralın sarayına apardı. Mən Azərbaycan Komitəsi adından və ümumiyyətlə, azəri-türklər adından krala təşəkkür etdim...
Fəqət Romadan çox pis məlumat gəldi; bacım Valiyə xanım İstanbuldan Romaya təyyarə ilə döndüyü zaman təyyarə Afina üzərində dağa çırpılıb. Təyyarədə olan bütün sərnişinləri və bunların arasında bacım Valiyə xanımı itirdik. Valiyə xanımın meyitini İstanbula yolladılar və İstanbul Yeşilköy təyyarə meydanında bizim bütün azərilər, bir çox türklər, jurnalistlər qarşıladılar. Valiyə xanımı azərilər millət qurbanı və millət yolunda şəhid olaraq basdırdılar. Biçarə anamın və atamın o gündən bəri beli qırıldı. 26 noyabr (oktyabr – D.Ə) 1947-ci il idi”.
(Davamı var)
Qaynaq:
1. Zahid xan Xoyskinin xatirələri. (Əlyazmanın əsli özəl arxivimizdədir)
2. “Tasvir” qəzeti, sayı 804, 29 oktyabr, 1947