Çin Xalq Respublikasının Uxan şəhərində yayılan yeni növ koronavirusla əlaqədar təxliyə olunan və Ankaradakı Doktor Zekai Tahir Burak Qadın Sağlığı Təhsili və Araşdırma Xəstəxanasında karantində olan Azərbaycan vətəndaşları fevralın 15-də həmin xəstəxananı tərk ediblər.
Teleqraf.com xəbər verir ki, təxliyə olunan vətəndaşlarımız xəstəxananı tərk edəndən sonra Ankarada ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda olub, Ulu Öndərin abidəsini ziyarət ediblər. Ölkəmizin Türkiyədəki səfirliyinin əməkdaşları Ankarada fəaliyyət göstərən Buta Bakı Azərbaycan Tanıtma Evində həmvətənlərimizlə görüşüblər. Görüşdə Çindən qayıdan Azərbaycan vətəndaşları Prezident İlham Əliyevə və Türkiyə dövlətinə təxliyə ilə bağlı göstərilən dəstək və qayğıya görə təşəkkür ediblər.
Azərbaycanlılar yerli vaxtla saat 13:00-da AZAL-ın müvafiq reysi ilə Bakıya yola düşüblər. Onların Bakı vaxtı ilə saat 16:20-də Azərbaycana çatmaları gözlənilir.
Çindən təxliyə olunan Azərbaycan vətəndaşları bunlardır: Leyla Quliyeva, Firuddin Nağıyev, Duyğu Nağıyeva, Rauf Məmmədli, Tural Cəfərov, Elşən Musazadə.
Qeyd edək ki, vətəndaşlarımız Ankarada 14 gün müddətində karantində saxlanılıblar. Karantin müddəti ərzində bir neçə dəfə analiz verən həmvətənlərimizdə koronavirus aşkarlanmayıb.