Kimlərsə, xüsusən farmaseptik şirkətlər koronavirusdan milyardlarla dollar pul qazanır. Bəzən bu panikanın yaranmasında əhəmiyyətli rol oynayır, hadisələri şişirdirlər və təşviş nəticəsində onların biznesi inkişaf edir. Ümumdünya Səhiyyə Təşkilatı 2003-cü ildən bu yana yalnız hava, damcı yolu ilə yayılan xəstəliklərlə bağlı bir dəfə pandemiya elan edib. Hazırda dünya həmin ərəfədədir.
Bu sözləri Teleqraf.com-a açıqlamasında hüquq müdafiəçisi Sahib Məmmədov deyib.
Onun sözlərinə görə, viruslardan bioloji silah növü kimi istifadə heç kəsə sirr deyil: “Laboratoriyalar var, hazırlayıb saxlayırlar. Hazırda yeni növ koronovirusun yayılması qlobal səviyyədədir. Xəstəliyin iki böyük riski var. Birincisi, ölüm göstəricisi yüksəkdir, səhiyyə sistemi güclü olanlarda 3 faizə qədər, zəif olanlarda isə 10-15 faizdən yuxarı qalxır. Bəzən deyirlər, adi qripdən dünyada 10 minlərlə insan ölür. Amma ona yoluxanlar çoxdur, ölüm faizi isə 1 faizdən aşağıdır. Koronavirus ona görə təhlükəlidir ki, ölüm faizi çoxdur və tez yayılır”.
Sahib Məmmədovun fikrincə, belə epidemiyalar yayılanda insanın özündən əvvəl insanlıq ölür: “Avropada ksenofobiya, rasizm başlayıb. İaşə şəbəkələrinin qapısı üzərinə “buraya çinlilərin girməsi qadağandır” kimi sözlər yazılan poster asılıb. Belə hadisələr ədaləti öldürür. Məsələ pandemiya səviyyəsinə çatsa, şəhərlər qapansa, aclıq, səfalət başlasa, görün, nələr baş verə bilər. Bütün hallarda yaxşı əlamət deyil. Bundan dövlətlər də, transmilli şirkətlər də istifadə edirlər. Virusun hansısa laboratoriyada məqsədli şəkildə yaradılaraq yayıldığını deyə bilmərəm. Bunun üçün gərək ciddi əsaslar olsun. Amma həm siyasi, həm də iqtisadi planda sui-istifadə halları var”.
Azərbaycanda vəziyyətə gəlincə, Sahib Məmmədov qeyd edib ki, əhali dövlət orqanlarından çox şayiəyə inanır: “İlk növbədə bunun səbəbini aydınlaşdırmaq lazımdır. Dövlət orqanları əhalini dəqiq və vaxtında məlumatlandırmalıdır. Apteklərdə spirt, maska yoxa çıxıb. İtaliyada apteklərdə qiymətlər süni surətdə qaldırılırsa, dərhal tədbir görülür, internet üzərindən satış həyata keçirən “Amazon” şirkətinin ofisində belə yoxlamalar aparılır”.
Maltus nəzəriyyəsinə toxunan Sahib Məmmədov qeyd edib ki, həmin nəzəriyyəyə əsasən dünya üzərində əhali həndəsi, yaşamaq üçün zəruri olan qida məhsulları isə cəbri silsilə ilə artır:
"Buradan belə nəticə çıxır, dünya əhalisi elə artacaq ki, onları ərzaq, su ilə təmin etmək mümkün olmayacaq, bu da fəlakətlərə gətirib çıxaracaq. O, bunu bir neçə yüz il bundan əvvəl təklif etmişdi. Maltusun fikrincə, vecsiz xalqları öldürmək yox, sterilizasiya etmək lazımdır ki, onlar nəsil artırmasınlar, bununla da dünya əhalisini tənzimləmək mümkün olsun. Düzdür, bu, bir az faşist düşüncədir. Bu fikri kommunist ideoloqları və əks tərəf tənqid edirdi, insanlıq əleyhinə nasist yanaşma olduğunu deyirdilər. Dünya əhalisini tənzimləmək üçün hansısa planların olması barədə də xəbərlər yayılmışdı. Onlardan biri də dünya əhalisinin epidemiyalar və ya zəhərli qida vasitələrinin hazırlanması yolu ilə azaldılmasıdır. Nəsilartırma qabiliyyətinin aşağı salınması, eynicinslilərin evlənməsini təşkil etməklə nəsil artırılmasının qarşısının alıbdığına dair iddialar yayılır. Lakin son hadisələrin bunlarla nə dərəcədə bağlılığı olduğunu deyə bilmərik".