Teleqraf.com-un suallarını həkim Vasif İsmayıl cavablandırıb:
- Koronavirus pandemiyası ilə bağlı insanların bir qismi məsələni hələ də ciddiyə almır. Ölkəmizdəki ümumi situasiyanı necə dəyərləndirirsiniz?
- Sanki bizdə koronavirusun yayılmasını nəzarət altına ala biliblər. Düzdür, bunu söyləmək üçün hələ tezdir. Amma gedişatımız Avropa və İrandakından qat-qat yaxşıdır. Bunun səbəblərini tam olaraq hələ bilmirik, amma daha yaxşı olduğundan əminik.
- Koronavirus infeksiyasının törədə biləcəyi təhlükənin qarşısının alınması məqsədilə görülən tədbirləri necə qiymətləndirirsiniz?
- Bir az sərtdir, insanlara bəzən mənasız gəlir, amma çox lazımlı tədbirlərdir.
- Vaksinin tapılmaması narahatlıq doğurur. Vaksin yaxın zamanda tapıla bilərmi?
- Təbabət bunun çarəsini əvvəl-axır tapacaq.
- Vaksinin tapılmasında gecikmə tibb elminin inkişafı barədə deyilənləri təkzib edir. Bəs bu, nə qədər zaman alacaq, gec olmayacaq ki?
- Ola bilər. Hər şeyin öz gedişatı var.
- Belə versiyalar da var ki, Çin bu virusu qəsdən yayıb və yaymazdan əvvəl vaksini hazırlayıb. Nə dərəcədə inandırıcı gəlir?
- İnandırıcı görünmür. Olsaydı, ortaya çıxarardı.
- Koronavirus yoluxmasının qarşısı alına bilməsə, ölüm faizini azaltmaq üçün nələr edilməlidir?
- Risk qruplarını qorumaq lazımdır. Risk qrupları isə yaşlı və xəstə insanlardır. Onların daha ciddi nəzarət altında saxlanılması şərtdir.
- Yoluxma və ölüm hallarının artması hansı faktorlardan asılıdır?
- Yaş və xroniki xəstəliklərdən asılıdır.
- Hər gün dünya ölkələri üzrə koronavirusa yoluxanların sağalaraq evə buraxıldığına dair xəbərlər yayılır...
- Bəli, bizdə də sağalanlar var.
- Vaksin də yoxdur, bəs necə sağalırlar?
- İndiyə qədər digər xəstəliklərdən necə sağalırdılarsa, elə də sağalırlar.
- Bir dəfə sağalan adam ikinci dəfə koronavirusa yoluxa bilərmi?
- Bəli, yoluxa bilir. Virus getdikcə öz şəklini dəyişir, yenisi tuta bilər.
- Feysbuk statusunuzda spekulativ olduğunu vurğulayaraq virus infeksiyasının türk əsillilərə və Qafqaz xalqlarına ciddi problem yarada bilmədiyinə dair yazdığınız fikirlər maraqla qarşılandı...
- Görünən budur. Bunlar spekulyasiyadır, biz dəqiq bilmirik.
- Hər halda belə bir qənaəti bölüşmüsünüz.
- Bəli, belə qənaətə gəlmişəm. Virus canlı olmasa da, orqanik maddələrdən təşkil olunmuş parazitik bir sistemdir. Virusun üstündəki qılafda zülal var və bu zülal çox mürəkkəb fəza quruluşuna malik bir molekuldur. Bir zülalın o birinə yapışa bilməsi üçün onların fəza quruluşu açar-qıfıl məntiqi ilə bir-birinə uymalıdır. İndiki Covid-19 adlanan virus bu zamana qədər ancaq yarasalarda və ilanlarda görünürdü. Çünki onun səthindəki zülal yarasa və ilanlardakı selikli qişa zülallarına uyğun gəlirdi. Sonra mutasiya baş verdi və artıq insandakı selikli qişa zülallarına da yapışmağa başladı. Biologiya millət, etnos və mədəniyyət məfhumlarını yox, haploqrupları tanıyır. Görünən odur ki, bu virus müəyyən haploqrupa sahib insanları ya yoluxdurmur, ya da yoluxdursa belə, xəstələndirə bilmir. Bir daha qeyd edirəm, bu, sadəcə spekulasiyadır, amma deyəsən, bu virus, türk əsillilərə və Qafqaz xalqlarına ciddi problem yarada bilmir. Bu barədə çinli virusoloqlar da yazıblar, virus yayılmasının və xəstəlik şiddətinin haploqruplarla birbaşa əlaqəsi var.
- Koronavirusdan qorunmaq üçün insanlara nələri tövsiyə edərdiniz?
- Gigiyena qaydalarına əməl etməyi, əlləri tez-tez sabunla yumağı, immuniteti yuxarı saxlamaq üçün müəyyən tədbirlər görməyi, yatmaq, yeyib-içməyi tövsiyə edirəm. Kontaktı azaltmaq lazımdır.
- Məşhur türkiyəli professor Canan Karatay kəllə-paça yeyilməsini təklif edir. Sizin immuniteti gücləndirmək üçün xüsusi reseptiniz var?
- Mən sakitliyi sevirəm, insanlara da məsləhətim budur ki, sakit və rahat olun, hər şey düzələcək. Ciddi nrahatlığa əsas yoxdur. Ellə gələn bəla bayram olar deyirlər. Bu da başımıza gəldi, nə edək artıq. İmmuniteti gücləndirmək üçü xüsusi nəyisə vurğulamağa ehtiyac duymuram. Əvvəl necə qidalanırdılarsa, eləcə normal qidalansınlar. Yaxşı bayram keçirsinlər, hərə başını bir cür qatsın.
- Təşvişə əsas varmı?
- Xeyr. Hər şey nəzarət altındadır.
- Karantinə alınanların müalicəsinə dair prosesə cəlb olunmusunuz?
- Yox, Azərbaycanın hazırki vəziyyətdə kadr və yataq potensialı bunun altından qalxmağa imkan verir deyə bizə ehtiyac qalmlr. Amma əgər ehtiyac olarsa, əlbəttə, biz də qoşulacağıq.
- Milli Məclisin üzvü həkim həmkarınız Rəşad Mahmudov Novruz bayramını işarə vuraraq insanlara əllərinə şam alıb balkona çıxmasını məsləhət gördü. Bu təklifə münasibətiniz necədir?
- Nə deyə bilərəm buna. Hərə bir şey danışır, bunlar da belə danışır.
- İtaliyadakıların balkonda musiqi qoşub rəqs etməsini əsas gətirərək, insanları həmrəylik nümayiş etdirməyə çağırıb...
- İtaliyadakılar evdən çölə çıxa bilmədikləri üçün darıxırlar, ona görə rəqs edirlər.
- Azərbaycanda da insanlara çölə çıxmamaq tövsiyə olunur...
- Bəli, kontaktı azaltmaq lazımdır, doğrudur.
- Əhvalın yüksəksilməsi,pozitivə köklənmək virusun qarşısını almağa hansı formada təsir edir?
- Əhvalın yüksək tutulması immuniteti qaldırır. Mən də söyləyirəm, əhvalı yüksəldək.
- Bəs maskalar insanı virusdan qoruyurmu, yoxsa sadəcə ,xəstəliyin geniş yayılmasının qarşısını alır? Bəzi mütəxəssislər deyir heç maska taxmağa ehtiyac yoxdur. Sizin qənaətiniz necədir?
- Düzdür, maska çox yaxşı qorumur, amma taxılmasını tövsiyə edirəm.
- Xarcidəki həmkarlarınızla koronavirusla mübarizə istiqamətində əlaqə saxlayıb məsləhətləşmə aparırsınız?
- Türkiyədən məlumat alırıq, sadəcə məsləhətləşmə xarakteri daşıyır. Türkiyə bu məsələnin mərkəzi yerlərindən biridir.