19 Aprel 2020 01:40
443
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin dünyada tüğyan edən koronavirus infeksiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı verdiyi qərarları vətəndaşlarımız böyük razılıqla qarşılayır, bunu dövlətimizin başçısının xalqımıza diqqət və qayğısının bariz nümunəsi kimi qiymətləndirirlər. Azərbaycan vətəndaşları bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə sonsuz minnətdarlıqlarını ona ünvanladıqları çoxsaylı məktublarda ifadə edirlər.

Teleqraf.com Azərbaycan prezidentinin rəsmi saytına istinadla həmin məktubların bir qismini təqdim edir.

Tərtər rayon sakini Sosella Bayramova: Möhtərəm cənab Prezidentimiz. Son vaxtlar dünyada geniş yayılmış koronovirus infeksiyası təəssüf ki, Azərbaycandan da yan keçmədi. Ölkəmizdə bu infeksiyanın geniş yayılmasının qarşısının alınması məqsədilə dövlət tərəfindən sistemli addımlar atılır. Həmişə olduğu kimi, indiki çətin günlərdə də Siz kimliyindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunuzu bir daha sübut edirsiniz. Hadisələrin axarını uzaqgörənliklə, dəqiq və düzgün təhlil edərək vaxtında verdiyiniz qərarlar, Sizin təşəbbüsünüz və rəhbərliyinizlə operativ olaraq həyata keçirilən qabaqlayıcı tədbirlər vətəndaşlarımızın sağlamlığının qorunub saxlanılması üçün misilsiz əhəmiyyətə malikdir.

Cənab Prezident, böyük bir bəla olan koronovirusun kütləvi yayılmasının qarşısını almaq məqsədilə görülən işlərə görə Sizə bir ana, nənə, cəbhə bölgəsində yaşayan Azərbaycan vətəndaşı kimi dərin minnətdarlığımı bildirirəm. Siz xalqımıza dəstək olduğunuz kimi, xalqımız da hər zaman Sizə dəstəkdir. Siz dediyiniz kimi, “Biz birlikdə güclüyük!”. Allah Sizi qorusun.

Hacıqabul sakini Vüsalə İbrahimovadan: “Möhtərəm cənab Prezident, bu gün ölkəmizdə aparılan inqilabi islahatların ən gözəl nəticələri hiss olunmaqdadır. Ümummilli lider Heydər Əliyev akademiyasının bir nömrəli və möhtəşəm məzunu kimi, Sizin müdrik siyasətinizin nəticəsi olaraq, Azərbaycan cənnət diyara çevrilmişdir. Qlobal pandemiyanın yayıldığı bir zamanda məhz Sizin rəhbərliyiniz ilə koronovirus ilə mübarizədə dövlət vaxtında qabaqlayıcı tədbirlər gördü. Bunun nəticəsidir ki, Azərbaycanda xəstələrin sayı da çox az oldu. Bu gün Siz bir daha sübut etdiniz ki, Azərbaycan xalqına xidmət edirsiniz. Ölkəmizdə COVİD-19 infeksiyasına qarşı görülmüş bütün qabaqlayıcı tədbirlər insanlarımızın sağlamlığının qarantıdır. Sizin işsiz vətəndaşlara və sahibkarlara göstərdiyiniz maddi və mənəvi dəstək əsl rəhbər, dövlət başçısı qayğısının təzahürüdür.

Cənab Prezident, Hacıqabul şəhər sakinləri bütün bunlara görə Sizə təşəkkür edir. Sizə möhkəm cansağlığı, çətin və şərəfli işinizdə yeni uğurlar arzulayırıq”.

Gəncə şəhər sakini Səbinə Qəhrəmanova: “Möhtərəm cənab Prezident, hazırda dünyada ən böyük problem olan koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə gördüyünüz qabaqlayıcı tədbirlər, pandemiyanın təsirinin azaldılması üçün atılan addımlar alqışalayiqdir. Sizin də dediyiniz kimi, Azərbaycan xalqının rifahı hər şeydən üstündür. Həm özümüz üçün, həm də Vətənimiz naminə Sizin rəhbərliyinizlə dövlətin atdığı addımlara biz gəncəlilər ciddi əməl edirik. Sizin siyasətinizin ətrafında hər zaman birləşən xalqımız bu çətin günlərdən də uğurla keçəcək. Biz buna inanırıq, hörmətli cənab Prezident. Xalqımıza, ölkə vətəndaşlarına göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımızı bildiririk. Sizə və ailənizə bu çətin günlərdə əvəzsiz olan cansağlığı arzu edirik”.

Cəlilabad rayon sakini Xəzər Abbaszadə: “Möhtərəm cənab Prezident, sizə öz adımdan və Cəlilabad şəhər sakinləri adından dərin minnətdarlığımızı bildirmək istəyirəm.

Əziz Prezidentimiz, Sizin uzaqgörən siyasətiniz nəticəsində xalqımız koronavirus pandemiyasından ən az zərərlə qurtulmaq üzrədir. Həyata keçirilən bütün tədbirlər sübut edir ki, Sizin siyasətinizin mərkəzində Azərbaycan xalqı dayanır. Bu çətin günlərimizdə əhaliyə hərtərəfli dəstəyiniz Sizin humanistliyinizin baris nümunəsidir.

Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi olaraq, biz tələbələrə göstərilən qayğıya görə də Sizə təşəkkür edirəm.

Allah Sizin kölgənizi xalqımızın üzərindən əskik etməsin.

Əminik ki, bundan sonra da Azərbaycanımızı Sizinlə bərabər xoş sədalı, işıqlı günlər gözləyir. Biz Sizinlə güclüyük”.

Gəncə şəhər sakini Mirqədir Əliyev yazır: “Cənab Ali Baş Komandan, mən bir vətəndaş olaraq Sizinlə qürur duyuram. Siz bir daha sübut etdiniz ki, əsas vəzifəniz xalqımızı, dövlətimizi qorumaqdır. Siz çətin günlərə qalib gəlmək üçün var qüvvənizlə çalışır, mümkün olan hər şeyi edirsiniz. Sizin qətiyyətli mövqeyinizə görə Azərbaycanı daim uğur gözləyəcəkdir.

Cənab Prezident, bizim qayğımıza qaldığınıza, yorulmadan çalışdığınıza görə çox sağ olun. Azərbaycan xalqına göstərdiyiniz qayğıya görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Dünyanı lərzəyə salan koronavirus pandemiyasından ölkəmizin qurtulması yolunda Sizi özümüzə bayraqdar, xilaskar görürük. Sizin rəhbərliyinizlə xalqımız bir çox sınaqlardan, imtahanlardan alnıaçıq, üzüağ çıxıb. Bu bəladan da tezliklə minimum itki ilə qurtulacağımıza inamımız böyükdür.

Cənab Prezident, Sizin “Biz birlikdə güclüyük!” çağırışınız xalqımızın həmrəyliyinə, birliyinə yeni parlaq çalarlar gətirdi. İnşallah, elə bu birliyin və gücün sayəsində də koronavirus qalib gələcəyik”.

Bakı şəhər sakini Gülnarə İslamova: “Hörmətli Prezident cənab İlham Əliyev, mən sadə bir Azərbaycan vətəndaşı, müəlliməm. Yurdumuzun gözəl balalarına dərs deyir, onlara Vətən, torpaq anlayışı, vətəndaşlıq borcu kimi dəyərli keyfiyyətlər aşılayıram.

Hazırda bütün dünyada koronavirusla mübarizə getdiyi bir vaxtda Sizin diqqətiniz, müdrik addımlarınız, xalqa qayğıkeş münasibətiniz o qədər qürurvericidir ki, ulu öndərimiz Heydər Əliyevin dəyərli sözlərini hər bir vətəndaş kimi, mən də ürəkdən, səmimi qəlbdən söyləyirəm: “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam”.

Heydər Əliyev məktəbi keçən, Heydər Əliyev ruhunu daşıyan cənab Ali Baş Komandanımız, Sizi çox sevirik. Biz Sizinləyik. Bitməyən qayğılarınıza görə Sizə olan ehtiramımız əbədidir”.

Daşkəsən rayon sakinləri Asif və Xudat Məmmədovlar yazır: “Hörmətli cənab Prezident, Koronavirus infeksiyasının yayılmasına qarşı vaxtında atılan addımlar, verdiyiniz müdrik qərarlar sayəsində ölkəmizdə bu bəla ilə qətiyyətlə mübarizə aparılır və əminik ki, bu mübarizədə qalib gələcəyik.

Cənab Prezident, açılışında şəxsən iştirak etdiyiniz “Yeni klinika” tibb müəssisəsinin pandemiya ilə mübarizə məqsədilə xalqımızın xidmətinə verməyiniz əhalinin sağlamlığının qorunmasına yüksək diqqət göstərməyinizin bariz nümunəsidir.

Koronavirus infeksiyasının Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınmasına görə gördüyünüz qabaqlayıcı tədbirləri dəstəkləyir və buna görə Sizə minnətdarlığımızı bildiririk”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər