Koronavirus pandemiyasının dünya düzənini dəyişəcəyi ilə bağlı fikirlər bu problemin yarandığı ilk günlərdən səslənməkdədir. Bu dəyişikliklər hansı sahələri əhatə edəcək? Dəyişikliklərin fəlsəfəsi nədən ibarət olacaq?
Bu istiqamətdə Teleqraf.com-a açıqlama verən iqtisad elmləri doktoru, professor Fikrət Yusifov bildirib ki, zaman keçdikcə bu sualların cavablarının işartıları da görünməyə başlayır.
Onun sözlərinə görə, idarəçilikdə distant fəaliyyətin səmərəliliyi artıq dünyanın aparıcı şirkətləri tərəfindən təsdiq olunur, distant təhsilin yeni uğurlu nəticələrə aparan variantları işlənir, xidmət sferası öz işini xidmətləri insanlara çatdırmaq kontekstində yenidən qurmağa köklənir və sair:
“Bir sözlə, bəşəriyyət pandemiyadan sonrakı dönəmdə yeni qaydalarla yaşamağa üz tutur. Bu qaydalar bizə daha səmərəli çalışmağı və düzgün yaşamağı öyrədəcək. İsrafçılıq anlayışı aradan qalxacaq, insanlar özlərini düşündükləri qədər bəşəri dəyərləri də qiymətləndirməyə və qorumağa üz tutacaqlar. Bu gün artıq bütün hökumətlər, o cümlədən, Azərbaycan hökuməti də dünyada başlanan yeni çağrışlara uyğun islahatlar aparmağa köklənib. Bu islahatlar ölkə həyatının bütün sferalarını əhatə edəcək və bu yolda artıq ilkin addımlar atılmağa başlanıb”.
Fikrət Yusifov qeyd edib ki, yeni çağırışlar kontekstində hökumətin cəmiyyətdə vətəndaş həmrəyliyini yüksəltmək və ictimai nəzarəti gücləndirmək istiqamətində atdığı addımlar təqdirəlayiqdir:
“Bu yolun başlanğıcında yeni siyasi partiyaların fəaliyyətinə geniş meydan verilməsi, siyasi partiyalarla, vətəndaş cəmiyyətinin nümayəndələri ilə Prezident Administrasiyasında yüksək səviyyədə görüşlərin keçirilməsi ölkənin siyasi səhnəsində son illərin ən diqqətçəkən yeniliyi hesab edilə bilər. Hökumət ölkədə vətəndaş həmrəyliyinin yüksək səviyyədə olması üçün ən zəruri addımlar atır. Bu, cəmiyyətin demokritikləşməsi və dövlətin idarə edilməsində siyasi plüralizm mühitinin yaradılması deməkdir. Siyasi plüralizm hökumətin aparacağı bütün islahatların keyfiyyətinin yüksəlməsinə və dövlət idarəçiliyinin yeni çağrışlara tam uyğunlaşdırılmasına zəmin yaradacaq”.