12 Avqust 2020 10:17
822
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 31 iyul 2020-ci il tarixli müvafiq sərəncamı əsasında Basqal–Qıçatan–Tağlabiyan-Kəlfərəc–Zeyvə–Kürdüvan–Xankəndi–Mücü–Sərsurə–Kələzeyvə–Sulut avtomobil yolunun tikintisinə başlanıb. Yolun Kürdüvan kəndindən keçən hissəsində görülən işlər zamanı eramızdan əvvəl və eramıza aid yüzə yaxın qablar, bəzək nümunələri, pul sikkələri və eləcə də tikili qalıqları tapılıb.

Teleqraf.com-un məlumatına görə, hadisə yerinə İsmayıllı Rayon İcra Hakimiyyətinin Başçısı və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında mədəni irsin qorunması, inkişafı və bərpası üzrə Dövlət Xidmətinin İsmayıllı rayonu üzrə nümayəndələri baxış keçirmiş, aşkarlanmış tapıntılarla tanış olmuşlar. Məsələ ilə bağlı aidiyyatı dövlət qurumlarına müvafiq rəsmi müraciətlər olunub. Artıq sözü gedən ərazi məhdudlaşdırıcı giriş lenti ilə bağlanmış, mülki şəxslər və polis əməkdaşları tərəfindən mühafizəsi təmin olunub.

Sara Aşurbəyli "Şirvanşahlar dövləti" haqqında əsərində orta əsr mənbələrinə əsasən Kürdüvan əhalisini "Şirvanşahların xəzinə rəncbərləri" olaraq qeyd etmişdir. Ehtimal edilir ki, bu ərazidə olan tikili həmən dövrlərə aid məscidin qalıqlarıdır.

Qeyd edək ki, Xankəndi inzibati ərazi dairəsinə daxil olan Kürdüvanda orta əsrlərə aid məscid olduğu bildirilir. Yerli sakinlərin sözlərinə görə həmən məscid məhz bu ərazidə yerləşib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər