12 Avqust 2020 14:30
597
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu günlərdə politoloq İlqar Vəlizadənin müəllifi olduğu “Xəzərin Geopolitikası” adlı kitab işıq üzü görüb.

Teleqraf.com xəbər verir ki, bu barədə müəllif özü açıqlama verib.

Qeyd edib ki, uzun vaxt ərzində üzərində işlədiyi bu kitabda region ölkələrinin siyasi, iqtisadi, hərbi, ekoloji problemlərindən bəhs edilir. Onun sözlərinə görə, kitabda dənizin siyasi-hüquqi aspektlərinin tənzimlənməsinə, Xəzərin statusu ilə bağlı danışıqlara, problemli məsələlərin həlli yollarının axtarışlarına xüsusi yer ayrılıb.

“2018-ci il avqustun 12-də Aktau şəhərində Xəzərin hüquqi statusu haqqında Konvensiyanın qəbul olunmasına baxmayaraq, dənizin, daha doğrusu onun cənub hissəsinin bölgüsünə dair danışıqlar hələ də davam edir”, – deyə o qeyd edib.

İlqar Vəlizadə bildirib ki, region son illər nəinki mühüm enerji mərkəzlərindən birinə, eyni zamanda vacib nəqliyyat qovşağına çevrilib. Bu da onun dünyada, xüsusilə də Avrasiya məkanında geosiyasi və geoiqtisadi çəkisini artırır:
“Dərc olunmuş əsərdə eyni zamanda regionun hərbi-siyasi problemlərinə də toxunulub. Xəzər hövzəsi ölkələrinin hərbi donanmalarının quruculuğu və inkişafı strategiyaları, hərbi və təhlükəsizlik sahələrində əməkdaşlığ və sair kimi məsələlər təhlil olunub. Nəhayət, son fəsil Xəzərin ekoloji problemlərinə və onların həlli yollarına həsr olunub. Xəzər unikal ekosistemdir və bu ekosistemin qorunması dənizin sahilləri boyu yaşayan milyonlarla insanların gələcəyini təmin etmiş olur”.

İ.Vəlizadə kitabın ərsəyə gəlməsində xüsusi əməyi olan və əsərə ön söz yazmış Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyevaya, Bakı Dövlət Universitetinin İqtisadi və sosial coğrafiya kafedrasının müdiri, coğrafiya elmləri doktoru, professor Çingiz İsmayılova və kitabın redaktə işini öz üzərinə götürmüş jurnalist-redaktor Nərminə Məmmədovaya minnətdarlığını bildirib.

Qeyd edək ki, avqustun 12-i Xəzəryanı ölkələr tətrəfindən Beynəlxalq Xəzər Günü kimi qeyd olunur.


Müəllif: Səxavət

Oxşar xəbərlər