3 Sentyabr 2020 14:40
370
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən jurnalistlər üçün xarici təlimçilərin iştirakı ilə onlayn formatda təlimlər təşkil olunacaq.

Fonddan Teleqraf.com-a bildiriblər ki, təlimlər Türkiyənin tanınmış media təlimçiləri – Marmara Universitetinin müəllimi, rəqəmsal media araşdırmaları, PR və kommunikasiya üzrə ekspert Ali Murat Kırık və “TRT”, “Kanal D”, “Star TV” televiziya kanalları, habelə bir sıra digər qabaqcıl informasiya agentliklərində zəngin təcrübəyə malik təlimçi-jurnalist Bora Balar tərəfindən keçiriləcək.

Təlimlərin keçirilmə tarixləri və mövzuları aşağıdakılardır:

1-ci təlim: 10 sentyabr – Ali Murat Kırık – “Müasir dövrdə mətbuatın əsas funksiyaları: məlumat istehsalı və emalı”;

2-ci təlim: 11 sentyabr – Ali Murat Kırık - “Rəqabətli xəbər istehsalı: xəbərin oxunaqlığının artırılması”;

3-cü təlim: 14 sentyabr – Bora Balar - “Müasir jurnalistika: rəqəmsal texnologiyalarla birlikdə dəyişən yeni dövrün jurnalistikası”;

4-cü təlim: 15 sentyabr – Bora Balar - “Jurnalistikada saxta xəbər problemi: “fake news” və “deep fake”.

Təlimlərə qatılmaq istəyən jurnalistlər Fondun rəsmi saytında müvafiq qeydiyyat formasını doldurmaqla müraciət edə bilərlər.

Təlimlərdə iştirak etmək üçün müraciətlər sentyabr ayının 6-sı saat 00:00-dək təqdim edilməlidir.

İştirakçıların seçimi namizədin müraciət formasının tərkib hissəsi olan əsaslandırmaya dair ekspert tərəfindən təqdim olunmuş rəy nəzərə alınmaqla həyata keçiriləcək.

Müvafiq təlimdə iştirak hüququ qazanmış namizədlərə sentyabrın 9-u saat 18:00-dək müraciətlərində qeyd edilmiş əlaqə vasitələri ilə müvafiq məlumat veriləcək.

Təlimdə iştirak etmiş iştirakçılara Fond tərəfindən müvafiq sertifikat və xatirə hədiyyələri təqdim ediləcək.

Fond tərəfindən jurnalistlər üçün təlimlərin davamlı olaraq keçirilməsi nəzərdə tutulur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər