6 Oktyabr 2020 19:17
527
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Dövlət Universitetinin (BDU) Elmi şurasının iclası keçirilib.

BDU-dan Teleqraf.com-a bildiriblər ki, iclasda universitetin rektoru Elçin Babayev sentyabrın 27-si səhər saatlarından başlayan Azərbaycan torpaqları uğrunda döyüşlərin artıq 9 gündür davam etdiyini bildirərək, təcavüzkar Ermənistanın silahlı qüvvələri tərəfindən bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan yaşayış məntəqələrimizin, eyni zamanda, hərbi mövqelərimizin atəşə tutulduğunu qeyd edib.

Bildirilib ki, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-həmlə əməliyyatı nəticəsində işğal altında olan bir sıra kəndlərimiz, yüksəkliklər və əlverişli ərazilər azad edilib. Düşmənə məxsus müxtəlif təyinatlı hərbi texnika, döyüş vasitələri, komanda məntəqəsi, yüzlərlə canlı qüvvəsi məhv edilib.

Rektor deyib ki, Ermənistan tərəfi Azərbaycanın mülki əhalisini və infrastrukturunu hədəfə almaqla beynəlxalq hüququn norma və prinsiplərini pozur. Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə silahlı qüvvələri tərəfindən Azərbaycan əhalisinin sıx yaşadığı məntəqələr ağır artilleriya atəşinə tutulur və bununla da mülki əhalimizə qarşı müxtəlif cinayətlərin törədilməsi davam edir. Erməni qəsbkarları Azərbaycanın Beyləqan, Tovuz, Tərtər, Xızı, Gəncə, Şəmkir, Mingəçevir, Abşeron, Göygöl, Bərdə, Füzuli, Ağdam şəhərlərinə, dinc əhaliyə atəş açıblar.

Rektor qeyd edib ki, mənfur ermənilərin təcavüzkar əməllərinə baxmayaraq şanlı Ordumuzun uğurlu döyüşləri nəticəsində torpaqlarımızın azad olunması xalqımızda böyük ruh yüksəkliyi yaradıb. Səbirsizliklə Böyük Qələbə gününü gözləyirik və əminik ki, Qələbə günü çox yaxındadır.

Professorlar İzzət Rüstəmov, Məhəmməd Mehdiyev, Vasif Babazadə, Şövqi Göyçaylı, Aydın Kazımzadə, Sevinc Hacıyeva, Tapdıq Həsənov çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevin apardığı siyasətin uğurlu nəticələrindən, şanlı Ordumuzun göstərdikləri qəhrəmanlıqlardan bəhs edib, BDU-nun professor-müəllim heyətinin hər an Ali Baş Komandanın, Ordumuzun yanında olduğunu bildiriblər.

BDU-nun professorları təklif ediblər ki, Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna 200 min manat yardım edilsin. Təklif böyük ruh yüksəkliyi ilə yekdilliklə qəbul olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər