8 Yanvar 2021 16:17
462
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Türk dünyasının birliyinə xidmət edən yeni layihələr üzərində işləyirik".

Teleqraf.com xəbər verir ki, bu barədə Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədr müavini, “Türk dünyası ağsaqqalları” qəzetinin baş redaktoru Ramin Əhmədov məlumat verib.

O bildirib ki, türk dünyası ilə bağlı fəaliyyətlərimiz bundan sonra da sistemli şəkildə davam edəcək:

“Türk dünyası ağsaqqalları” qəzetində türk xalqının ortaq mədəniyyəti, tarixi, dəyərləri ilə bağlı araşdırma məqalələrinin çap edilməsini diqqətdə saxlayırıq. Qəzet iki aydır “Türk dünyası “Vikipediya”da layihəsinə start verib. Bu sahədə “Viki” könüllüləri uğurlu fəaliyyət göstərirlər. Onlar türk dünyasının ortaq tarixi, mədəniyyəti, ədəbiyyatı mövzusunda məqalələr yaradır, məlumatları zənginləşdirir və “Vikipediya”da yerləşdirirlər.

Bu gün insanlar istənilən məlumatı internet üzərindən əldə edirlər. Rəqəmsallaşan dünyada sərbəst elektron resurslara böyük tələbat var. Ona görə də çalışırıq ki, fəaliyyətimizi bu istiqamətdə daha da genişləndirək”.

Ramin Əhmədov deyir ki, insanların daha çox müraciət etdiyi elektron resurs olan “Vikipediya”da türk dünyası ilə bağlı boşluqları aradan qaldırmağa çalışırlar: “Həm də bu zəngin tarixi doğma dilimizdə təqdim edirik. Bununla gələcək nəsillərə miras qoyulur. Onlar öz malik olduğu tarixləri ilə qürur duymalıdırlar.

Son iki ay ərzində “Vikipediya”nın Azərbaycan dili bölməsində türk dünyasının tarixi, mədəniyyəti, görkəmli şəxsiyyətləri ilə bağlı 100-dən çox məqalə yaradılıb və əsaslı redaktə olunub. Bəzi məqalələr isə zənginləşdirilərək oxucuların istifadəsinə verilib.

Layihəmizə Türkiyə mediasından da böyük diqqət var. Qarşıda layihə ilə bağlı bir sıra tədbirlərin keçirilməsini nəzərdə tutmuşuq. Gördüyümüz işləri cəmiyyətə tədqim etməyi planlaşdırırıq. Türk dünyasının birliyi bizim fəaliyyətimizin əsas xəttini təşkil edir”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər