Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, millət vəkili Səməd Seyidov şəhid ailələrini ziyarət edib.
Teleqraf.com xəbər verir ki, millət vəkili ikinci Qarabağ müharibəsinin qazaxlı şəhidlərinin evlərində olub, onların qayğıları ilə maraqlanıb.
Milli Məclisin deputatı şəhidlərimizin ailələrinə başsağlığı verib, bütün şəhidlərimizin ruhu qarşısında baş əydiyini deyib:
“Şəhidlərimizlə, eləcə də vətənpərvər oğullar yetişdirən ata və analarla hər birimiz fəxr edirik. Şəhidlərimizin əzmi, iradəsi, qəhrəmanlığı sayəsində 30 illik həsrətə son qoyulub. Düşmən tapdağında olan torpaqlarımız azad olunub. Bu gün şəhidlərimizin evi ziyarətgah yerimiz, fəxrlə açacağımız qapı və bir ömür boyu unutmayacağımız ünvandır”.
Millət vəkili Vətən uğrunda canından keçən bütün şəhidlərimizin Azərbaycan xalqının qəlbində əbədi yaşayacağını bildirib:
“Nə qədər Azərbaycan dövləti və xalqı var, illər ötsə belə, şəhidlərimiz və onların qəhrəmanlığı heç vaxt yaddan çıxmayacaq. Gələcək nəsillər 30 illik Qarabağ həsrətinə 44 gündə son qoyan Vətən oğullarının igidliyini, qəhrəmanlığını sevə-sevə öyrənəcək. Onlarla hər zaman fəxr edəcəklər. Şanlı Zəfərimizə görə Ali Baş Komandan İlham Əliyevə, müzəffər Ordumuza, şəhidlərimizə minnətdarıq. Şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyirəm”.