Çar Rusiyasının dağılmasından sonra Türküstanda başlayan milli azadlıq və dövlətçilik hərəkatının liderlərindən Mustafa Çokayoğlu 1891-ci il yanvarın 7-də Ağməsciddə doğulub. İlk təhsilini Ağməsciddə alıb, 1910-cu ildə Daşkənddəki rus gimnaziyasını bitirib. Ali təhsilini Peterburq universitetinin hüquq fakultəsində davam etdirib. Tələbəlik illərindən siyasi fəaliyyətə başlayan Çokayoğlu I Dünya müharibəsi dövründə türküstanlı gənclərin hərbi xidmətə aparılmasına etiraz olaraq başlayan üsyanla bağlı məsələlərin Çar dumasına çıxarılmasına nail olub. 1916-cı ildə o, Rusiya dumasının müsəlman fraksiyasının bürosuna Türküstanın təmsilçisi olaraq qəbul edilib.
Çokayoğlu 1917-1918-ci illərdə Xocənd hökumətinə başçılıq edib, bolşeviklərin Türküstanı ələ keçirməsindən sonra Avropaya mühacirətə gedib, Parisdə yaşayıb. Avropadan öncə qısa müddət Bakı və Tiflisdə olub.
Mustafa bəy 1929-1939-cu illərdə yaxın yoldaşları, Türküstan Milli birliyi və “Prometey” təşkilatlarında çalışan Tahir Çağatay və Əbdülvahab Oktayın köməyi ilə Berlində “Yaş Türküstan” (“Gənc Türküstan”) dərgisinin 117 sayını nəşr edib. Çokayoğlu 1941-ci ildə Rusiya-Almaniya müharibəsi başlandıqdan sonra həbs edilərək Almaniyaya gətirilib və yatalağa tutularaq 1941-ci ildə Berlində dünyasını dəyişib.
Mühacirətdə Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmmədəmin Rəsulzadə ilə yaxın təması olan Çokayoğlu çap etdiyi jurnalda ölkəmizlə bağlı da məqalələr dərc edib. Rəsulzadə “Yeni Kafkasya” jurnalında onun bir neçə məqaləsini verib.
1950-ci ildə Ə.Oktay tərəfindən M.Çokayoğlunun 60 illiyi münasibətilə hazırlanan “Türküstan milli hərəkatı və Mustafa Çokay” adlı kitabda Rəsulzadənin də xatirə yazısı dərc edilib. Həmin yazını dilimizə uyğunlaşdıraraq təqdim edirik.
*
Mərhum Çokayoğlu üçün
Türküstanlı qardaşlarımız mərhum Mustafa Çokayoğlunun xatirəsini anmaq məqsədilə çıxaracaqları əsər üçün bizdən bir yazı istədilər. Bu müraciət mərhum haqqındakı xatirələrimizi yeniləmiş oldu.
İlk görüşümüz Bakıda baş tutmuşdu. Türküstan muxtariyyətinin bolşeviklər tərəfindən işğal edildiyi günlərdi. Bu muxtariyyət hökumətinin öncə xarici işlər naziri, sonra isə baş naziri olan Mustafa Çokayoğlu rus eserərindən (Sosial-Revolusyoner) Çaykin ilə bərabər qırmızı təqibatdan qaçaraq Qafqaza gəlmiş, bir müddət Bakıda olmuşdu. Milli Azərbaycan Cümhuriyyətinin mövcud olduğu günlərdə idi. Mərhum həm Cümhuriyyətin öndə gələnləri ilə təmas qurur, həm də Çaykin ilə bərabər təşkil etdiyi mətbuat konfransı vasitəsilə Türküstandakı faciə və zülmlər haqqında əfkari-ümumiyyəni aydınladırdı.
Mərhumla ikinci dəfə Parisdə görüşdük. 1921-də idi.
Azərbaycan Cümhuriyyətinin bolşeviklər tərəfindən istila edilməsi üzərinə sürgündə olduğum Moskvadan qaçaraq Finlandiya yolu ilə Almaniyaya gəlmiş, buradan da Fransaya keçmişdim. Dostlarımdan M.Çokayoğlunun Parisdə olduğunu öyrəndim, adresini bilən azərbaycanlı bir yoldaşla birlikdə onu ziyarətə getdim. Bizi hərarətlə qarşıladı. Əlindəki iş üçün üzr istəyirdi: Kartof təmizləməklə məşğuldu. Yaşadıqları pansionatın müştərilərinə günorta yeməyi hazırlamaq üçün rəfiqəsinə yardım edirdi. Bu mənzərə Çokayın nə xarakterdə, dözümlü bir adam olduğunu göstərir və üstümüzdə təsir yaradırdı.
Sonralar mərhumla görüşlərimiz sıxlaşdı. Təmaslarımız və bərabər çalışmalarımız davam etdi. Türküstanın bu çalışqan oğlu “Yaş Türküstan”ın naşiri və baş yazarı ünvanı ilə Türküstan istiqlal davasının bir nümayəndəsi olaraq Rusiyadan ayrılmaq əzmilə çalışan milli zümrələr arasında önəmli bir yer tutdu. Sadəcə bu nəşriyyatı ilə deyil, o, millətlərarası sahədə də başarılı yayınları və demarşları ilə Türküstan məsələsini əzm və səbatla müdafiə etdi və beləliklə, həm özünə, həm də Türküstan davasına həqiqi dostlar qazandırdı.
Mərhum Çokayoğlunun bu istiqamətdəki yılmaz və yorulmaz fəaliyyəti içəridə də əks-səda doğurdu. Türküstanda yaşayan istiqlalçılıq hərəkatına bolşeviklər “Çokayçılıq” adını taxmaqda gecikmədilər. Qırmızı bolşevik mətbuatı ilə “Yaş Türküstan”çılar arasında aparılan münaqişə xaricdəki nəşriyyat ilə içəridəki hərəkatın mənən bir-birinə bağlılığını meydana çıxardı.
Mustafa bəyin vaxtsız ölümünü nəticələndirən fəci hadisə mərhumun şəxsiyyətini yoğuran ünsürlər arasında olan bu bağlılığın dəyərini göstərmək baxımından, xüsusilə önəmlidir. İkinci Dünya savaşı başlamış, Sovet Rusiyası ilə Hitler Almaniyası bir-birinə girmiş və milyonlarca rus əsgəri almanlara əsir düşmüşdü. Bu əsirlər arasında on minlərlə türküstanlının mövcud olduğunu və bunların əsirlərə tətbiq olunan pis rəftara eyni şəkildə məruz qaldıqlarını xəbər alan mərhum Berlinə gəlincə dayanmadan həmən yurddaşlarının yanına qaçır və bu əsnada göstərdiyi istiqanlılıqla hər cür ehtiyat tədbirlərini ehmal edərək əsir düşərgələrinə gedir. Yurduna və yurddaşlarına qarşı bəslədiyi bir eşqlə o fəlakətzadə qardaşları ilə qucaqlaşır. Mustafa bəy bu eşqinin qurbanı olur: tifə yoluxaraq gözlərini həmişəlik qapayır.
1942-də Berlinə gəldiyim zaman bu fəci ölümün təfsilatını üzüntü ilə öyrənmiş, talenin tərs cilvəsinə ciddən acıyan türküstanlıların kədərlərinə şahid olmuşdum. Böyük acıyı türküstanlı qardaşlarımızla biz azərilər də yaşayır, onların ələmlərinə candan iştirak edirik.
Mustafa bəyin Parisdə 28 May Azərbaycanın İstiqlal günü münasibətilə keçirilən bir törəndə söylədiyi nitqi xatirimdədir. Mərhum “Xəzər dənizi biz türküstanlıları azərbaycanlılardan ayırmaz, əksinə, birləşdirər” deyir, çünki “su ən yaxşı naqildir” deyə bu fikrini izah edirdi.
Bizi bir-birimizə birləşdirən “naqil su” bu qovuşmanın ən qüvvətli lehimini təşkil edən kültür ortaqlığının bir rəmzidir. Mərhum Xəzərin naqilliyindən bəhs edərkən, şübhəsiz, bu ortaqlığı nəzərdə tuturdu.
Ortaq dəyərlərə qiymət verən böyük itki bu dəyərlərə ortaq olan qardaş millətlər üçün ortaq bir itkidir. Türküstanlı qardaşlarımızın bu səbəbdən hiss etdikləri üzüntülərinə bütün qəlbimizlə iştirak edirik. Təsəllimiz qurbanı olduğu Türküstan davasının ölməzliyidir...
M.Rəsulzadə
Ankara