Martın 24-də Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçay-Təngəaltı məntəqəsində suyun səviyyəsi dəyişməyib. Kiçik Qafqazın ərazisindən axan Kürəkçay-Çaykənd məntəqəsində suyun səviyyəsində 12, Zəyəmçay-Ağbaşlarda 7, Gəncəçay-Zurnabad məntəqəsində 1 santimetr artım qeydə alınıb. Bununla yanaşı, Lənkəran-Astara bölgəsinin ərazisindən axan Viləşçay-Şıxlar məntəqəsində suyun səviyyəsi 3, Təngərüdçay-Vaqoda 2, Lənkərançay-Sifidor məntəqəsində isə 1 santimetr azalma müşahidə olunub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Teleqraf.com-a verilən məlumata görə, mart ayının 3-cü ongünlüyünün norması ilə müqayisədə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçayda sululuq normanın 74, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçayda normanın 83-180, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay və Viləşçayda isə normanın 42 faizini təşkil edir.
Martın 24-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 13 santimetr azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 159 kubmetrə bərabərdir ki, bu da ongünlük normadan az olmaqla normanın 52 faizini təşkil edir.
Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsində 4 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 51,5 kubmetr/saniyəyə bərabərdir. Bu da ongünlük normadan az olmaqla normanın 46 faizini təşkil edir.
Kür çayının aşağı axınında suyun səviyyəsi azalıb. Belə ki, suyun səviyyəsi Kür çayının Şirvan məntəqəsində 2 santimetr azalaraq 131, Bankə məntəqəsində 6 santimetr azalaraq 107, Surra məntəqəsində 3 santimetr azalaraq 329, Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsi 3 santimetr azalaraq 72 santimetr olub.