21 Aprel 2021 19:35
1 226
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Propaqanda həmişə kütlələrə yönəlməlidir, intelligensiyaya yox. Buna görə də propaqandanın səviyyəsi mütləq onun təsir göstərməli olduğu ən məhdud qavrayış qabiliyyətli şəxslərə doğru istiqamətlənməlidir”.

Bu sözləri bir zamanlar kütləvi şüurun ​​manipulyasiyası üzrə master, adı ümumi ismə çevrilmiş və bu gün də həyasız və vicdan hissindən uzaq propaqanda ilə əlaqələndirilən nasist Almaniyasının təbliğat naziri Yozef Göbbels deyib.

Göbbelsin kimliyi, hansı müharibə cinayətlərinin ideoloji əsaslarını hazırladığı çox adama bəllidir. Kimə bəlli deyilsə, açıq mənbələrdə onunla bağlı mövcud olan çoxsaylı məlumatlarla tanış ola bilər. Digər nasist canilər kimi onun da adı və əməlləri bizə keçmiş sovet adamları olduğumuz zaman tanış deyildi. Çünki SSRİ-də 1980-ci illərin sonları, 90-cı illərin əvvəllərinə qədər nasist canilərin KİV-lərdə populyarlaşdırılması yasaq idi. Amma görünür, bizim "milli" televiziyalarımızdakı bəzi proqramları ərsəyə gətirənlər Göbbelsin iş metodlarını və prinsiplərini özləri üçün gen-bol əxz ediblər. Belə olmasaydı, onlar bu cür səviyyəsiz verilişlərin hazırlanmasında iştirak etməzdilər. Görünür, onlar Göbbels kimi verilişlərini seyr edən kütlənin ən məhdud qavrayış qabiliyyətli şəxslər olduğunu düşünür və verilişləri də bu səviyyəyə uyğun hazırlamağı məqsəduyğun bilirlər. Halbuki televiziyanın auditoriyası çoxmilyonludur, ona cəmiyyətin ən müxtəlif kəsimləri tamaşa edir.

Onların kim olduğunu, hansı verilişlərdən söhbət getdiyini hər kəs bilir. Bu barədə dəfələrlə deyilib və yazılıb. Yenə də onların adlarını çəkmək onları şəfərləndirmək demək olardı. “Sevimli şou”, “Elgizlə izlə”, “Beşdə beş”, “Həmin Zaur”, “Səni axtarıram”, “Bizimləsən” kimi verilişlər bu xalqın kürəyinə arxadan vurulan zərbələrdir, onun mənəviyyatına ləkə gətirən, insanların zövqünü aşağı salan proqramlardır. Təbii ki, əgər onlara proqram demək mümkündürsə...

Onların bütün fikri-zikri şoudur, pul qazanmaqdır, əyləncədir. Ancaq dərindən yanaşdıqda bu binəvaların heç Göbbelsin prinsiplərini də düz-əməlli mənimsəmədikləri aşkara çıxır. Çünki onların istinad etdikləri şəxs bir zamanlar bunu da deyib: “Propaqanda əyləndirməli deyil, siyasi məqsədlərə çatmaq üçün vasitə olmalıdır. Buna görə də əyləncə onun uğurunun ölümcül düşmənidir”. Bizim telekanallarda isə bütün günü şoudur, çal-çağırdır. Özü də səviyyəsiz şou, çal-çağır... Müharibədən çıxmış ölkənin üzləşdiyi çətinliklər, ölkənin milli təhlükəsizliyi, qlobal çağırışlar, pandemiya, ölkə iqtisadiyyatının vəziyyəti və sair məsələlər onları heç düşündürmür. Onların bir prinsiplə hərəkət edirlər: “Ver yeyim, ört yatım, gözlə canım çıxmasın”.

Onlar televiziya işi ilə məşğul olduqlarını iddia edirlər. Əslində isə onların gördükləri işin çox sadə adı var: beyinlərin yuyulması. Uzun illərdir ki, bu əməliyyatı icra edirlər. İngilis dilində “brainwashing”, rus dilində “promıvanie mozqov” adlanan və zehni nəzarəti, məcburi inandırmanı, düşüncəyə nəzarəti, düşüncələrin dəyişdirilməsini nəzərdə tutan termin kütləvi şüuru manipulyasiya metodlarından biridir. Burada insanın düşüncəsini, davranışını, dini inanclarını, duyğularını və ya qərar qəbul etmə prosesini onun iradə və istəklərinə zidd olaraq dəyişdirmək cəhdləri nəzərdə tutulur. Təəssüf ki, televiziyalarda (təbii ki, heç də hamısında və heç də bütün verilişlərdə yox!) mövcud olan bu kimi hallar bitmək bilmir.

Televiziya üzrə ekspert Qulu Məhərrəmli Teleqraf.com-a bildirib ki, əvvəlki illərlə müqayisədə televiziya məkanında bayağı verilişlər qismən azalıb. Onun sözlərinə görə, bu verilişlərin bir çoxu bağlanıb, bəzi aparıcılar verilişlərdən uzaqlaşdırılıb: “Telekanallarda yerlərini dəyişən aparıcılar var və sair. Amma təəssüf ki, bu tendensiyanı alaq otu kimi kökündən çıxarıb yox etmək olmur. Bu, özünü daha çox özəl telekanallarda göstərir və bunu da onunla əsaslandırırlar ki, kanal reytinq toplamalı, televiziyaya reklam gətirməlidir. Mən düşünürəm ki, əlbəttə, reytinq toplamağa xidmət etmək üçün peşəkar üsullardan istifadə oluna bilər və bu mümkündür. Sadəcə, bu bayağı verilişlərin bir çoxunun istər mövzu seçimi, istər qonaqların studiyaya dəvət olunması, istər rejissor işi, istərsə də yalançı dramaturji modellər axtarmaq cəhdlərinin hamısı qeyri-peşəkarlığın nəticəsidir. Ona görə də belə hallarda auditoriya – tamaşaçı narazı qalır. Yaxşı ki, son illərdə MTRŞ rəhbərliyində dəyişiklik olandan sonra bu cür hallara kəskin reaksiyalar verilir. Məsələn, bu yaxınlarda ATV-də baş vermiş hadisə ilə bağlı prinsipial mövqe nümayiş etdirilib. Hesab edirəm ki, bu, digər telekanallar üçün də dərs olmalıdır”.

Qulu Məhərrəmli deyib ki, televiziyalarda – söhbət bütün verilişlərdən getmir – peşəkarlıq, məsuliyyət artmalıdır:

“Biz tamaşaçı qarşısında olduğumuzu hiss etməliyik. Xüsusilə canlı yayımlarda çox diqqətli olmağımız lazımdır. Verilişin redaktoru, prodüseri, rejissoru, xüsusən efiri idarə edən aparıcılar hamısı müəyyən peşəkar səviyyədə çalışmalıdırlar ki, bu cür hallara yol verilməsin”.

Televizyanın canlı mexanizm olduğunu deyən ekspert müəyyən dəyişikliklərin olmasına, bayağı verilişlərin sayının azalmasına rəğmən onların kökünün tamamilə kəsilməsinə ümidinin olmadığını vurğulayıb:

“Ona görə ümidim yoxdur ki, televiziyalarda peşəkarlığın səviyyəsi çox təəssüf, getdikcə aşağı düşür. İxtisaslı kadrlar azalır. Təcrübəli adamlar telekanallardan uzaqlaşdırılır. Bu tendensiyalar mənə nikbin olmağa imkan vermir”.

Ekspert qeyd edib ki, bir televiziya verilişini hazırlayanda müxtəlif proqram formatlarından istifadə edilir. Müxtəlif ölkələrdəki fərqli formatlar seçilir: “Bədbəxtlikdən Azərbaycan şəraitində musiqi, əyləncə, şou proqramların sayı çoxalıb. Bu, indinin məhsulu deyil. 10-15 il bundan əvvəl elə zəhərli, elə zərərli tendensiya özünə yer tapıb ki, onun qarşısını indi də almaq olmur. Mən hesab edirəm ki, cəmiyyəti şouya alışdırmaq, onun beynini bu vasitələrlə yumaq, insanlarda ciddi düşüncənin əvəzinə əyləncənin xüsusi yer tutmasına, yəni əyləncə seqmentinin bu dərəcədə geniş yer almasına rəvac vermiş adamlar bu cəmiyyət qarşısında məsuliyyət daşıyırlar. Bu, xalqa qarşı çox ciddi təhdiddir. Gənc nəsil, onların düşüncəsi, həyata baxışlarıı, yanaşmaları, bax, bütün bunlar hamısı o əyləncənin və sensasiyalı materialların üzərində formalaşır. Hesab edirəm ki, bu çox ciddi yanlışlıqdır. Bunun qarşısını almaq üçün çox ciddi tədbirlər görülməlidir”.

Qulu Məhərrəmli əyləncənin televiziyanın dördüncü-beşinci funksiyası olduğunu bildirib:

“Önəmli olan televiziyanın cəmiyyəti maarifləndirməsi, onu ilk növbədə doğru-dürüst məlumatlandırmasıdır. Onun keçmişinə, bu gününə aid tendensiyaları göstərməsidir. Ədəbi zövq, geniş dünyagörüşü formalaşdırmasıdır. Bütün bunlar hamısı qalır bir kənarda, biz efiri veririk bayağı adamların, əyləncə üstündə köklənmiş insanların, səviyyəsiz aparıcıların ixtiyarına. Nəticədə də gördüyümüz bu mənzərə yaranır. Bunun birbaşa cavabdehliyini televiziya siyasətini müəyyənləşdirən və televiziyanı idarə edən insanlar daşıyır. Cəmiyyət və xalq qarşısında məsuliyyəti dərindən dərk etmək çox vacibdir”.

Media eksperti Aynur Kərimova isə Teleqraf.com-a deyib ki, televiziyalardakı həmin bayağı verilişlərdə etik qaydalar çox zaman gözlənilmir və bununla bağlı ciddi problemlər yaşanır. Onun sözlərinə görə, televiziya etikasının və tamaşaçı-auditoriya münasibətlərinin iki tərəfi var:

“Bunlar auditoriya və sürətlə inkişaf edən, qocaman, böyük media industriyasıdır. Auditoriya tərəf deyir ki, "mən məsumam, mən sadəcə oturmuşam, izləyirəm, baxıram və qiymətləndirirəm. Çox zaman da verilən bu informasiya selindən razı deyiləm”. Bu, auditoriya tərəfin yanaşmasıdır. Televiziya isə deyir ki, “sən mənim auditoriyamsan, mən sənin istədiyin informasiyanı sənə verirəm”. Televiziya ilə auditoriya arasındakı münasibətləri auditoriyanın sayı tənzimləyir. Televiziya bundan çıxış edərək deyir ki, əgər baxırsansa, izləmə sayı, reytinq varsa, biz bunun əsasında münasibətlərimizi çox rahat tənzimləyə bilərik. Əgər izləmə sayı bu qədərdisə, demək, sən auditoriya olaraq oturmusan və məni izləyirsən və məni bəyənirsən”.

Aynur Kərimova qeyd edib ki, televiziya auditoriyanı yönəltmək, reytinqi aşağı salmamaq üçün auditoriyanın istədiyini ona vermir, çünki auditoriyanın istədiyi materialın biznes potensialı yoxdur: “Televiziyalar bu gün sadəcə, "sənə nəyi sata bilər" anlamından çıxış edərək xüsusi kontent yaradırlar. Və burada etika məsələsi ortaya çıxır. Qeyd etdiyiniz bayağı verilişlər də bu cür yaranır. Biz deyirik ki, biz izləmirik, sevmirik, bu bizi qıcıqlandırır. Televiziya isə deyir ki, xeyr, izləyirsiniz, bu, önəmlidir və bizim biznes kimi ayaqda qalmağımız üçün çox lazımdır. Yəni bu, iki çox ziddiyyətli münasibətlərdir və bu münasibətlərdə dediyim etika məsələsi üzə çıxır. Bizim ən çox şikayətləndiyimiz də televiziyaların etikanı, etik qaydaları gözləməməsidir”.


Müəllif: Səxavət Həmid