Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmmədəmin Rəsulzadənin Mustafa Kamal Atatürkün müvəqqəti məzarını ziyarəti ilə bağlı iki fotoşəkil bilinməkdədir. Adətən, həmin fotoşəkillərin altında 1950-ci illər qeyd olunur. Türkiyə mətbuatını tədqiq etdiyimiz zaman həmin ziyarətin dəqiq tarixini tapdıq.
Belə ki, 15 yanvar 1950-ci ildə Məhəmmədəmin Rəsulzadənin fəxri sədri olduğu Azərbaycan Kültür Dərnəyinin ikinci qurultayı keçirilib. Qurultay saat 09:30-da Ankara Xalq Evində toplanıb. Tədbirdən öncə Atatürkün müvəqqəti qəbrini ziyarət edərək çələng qoyulub.
Atatürkün əbədi mənzili olan Anıtqəbirin inşasına 1944-cü ildə başlanılıb 1953-cü ildə tamamlandığı üçün ziyarət nəşin qorunduğu Etnoqrafiya muzeyində baş tutub. Fotoşəkillərdən görünür ki, həmin ziyarətdə Rəsulzadə ilə birlikdə Həmid Ataman, Əbdülvahab Yurdsevər, Kərim Odər və başqaları iştirak ediblər.
Ziyarətdən sonra Xalq Evinə gələn dərnək qurucuları və üzvlər saat 10-da ikinci qurultayın açılışını ediblər. İstiqlal marşı oxunduqdan sonra dərnəyin idarə heyətinin sədri Dr. Həmid Ataman açılış nitqini söyləyib.
Həmin gün qurultayın sədrliyinə Əli Aran, sədr müavinliyinə Həsən Zeynallı, katibliyə isə Mirzə Abay və Qurban Biter seçiliblər. Əli Aranın qısa çıxışından sonra dərnəyin fəxri sədri Məhəmmədəmin Rəsulzadə nitq söyləyib:
“Birinci qurultay məni fəxri başqan seçmək nəzakətini göstərdi. Bu yüksək iltifata mütəşəkkirəm. Hamınızı qəlbən salamlayıram. Azərbaycan Kültür Dərnəyi yepyeni və ciddi bir işin təməlini qurmuşdur. Biz də kültür tariximizə və mənəvi qüvvətimizə istinad edərək dünya millətləri arasında bir yer sahibi ola bilərik. Dərnəyin bir illik çalışması kiçik görülə bilməz. Bu, böyükdür. Qardaş məmləkətlərimizin kültür qüvvətləri ilə yaxından təmasda olaraq birlikdə çalışaq. Sözdə kiçik millətlər arasında olduğumuz halda tarixən ən böyük kültür dəyərlərinə sahibik. Bunda qafil olmayaq. Böyük xəzinənin sahibi olduğumuzu unutmayaq. Çalışmalarınıza candan başarılar diləyirəm”.
İkinci qurultayda çıxış edən mühacirlərdən Nəbi Turablı konfransların və müzakirələrin az keçirildiyini qeyd edib, sədr Həmid Ataman isə tarixi mövzuda konfransların keçirildiyini, məsələn, Sadıq Aranın (Cümhuriyyət deputatlarından) iki dəfə müzakirəli konfrans verdiyini bildirib. Daha sonra isə dərnəyin idarəsi ilə bağlı seçkilər keçirilib. Sədrliyə Dr. Həmid Ataman, Baş katibliyə Həsən Zeynallı seçiliblər. Təftiş heyətində Bəşir Gəncəçay, Kərim Odər, Əhməd Yaşat təmsil olunublar. Fəxri divana Əbdülvahab Yurdsevər, Nəbi Turablı və Məhəmmədəli Rəsuloğlu seçiliblər.
Fəxri sədrliyə yenidən Məhəmmədəmin Rəsulzadə, fəxri üzvlüyə isə Mustafa Vəkilli, Dr. Əsəd Oktay, Məhəmmədsadıq Aran, Mirzəbala Məhəmmədzadə yekdilliklə seçiliblər.
Tədbir saat 13:30-da başa çatıb.