9 May 2021 16:28
582
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlətimizin ərazi bütövlüyü təmin edildikdən sonra Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Ko­mandanı cənab İlham Əliyevin tapşırığına əsasən Ermənistanla dövlət sərhədində zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılma­sı, hərbi qulluqçuların xidməti şəraitinin yaxşılaşdırılması üzrə kompleks təd­birlər davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Teleqraf.com-a verilən məlumata görə, may ayının 9-da Qubadlı rayonu ərazisində Ermənistanla dövlət sərhədində yeni hərbi hissə xidməti-döyüş fəaliyyətinə başlayıb.

Bununla əlaqədar təşkil olunmuş mərasimdə Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant Azad Ələkbərov çıxış edərək Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrikini şəxsi heyətə çatdırıb.

Çıxışda hazırkı tədbirin milli dövlətçiliyimizin banisi Ümummilli Li­der Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ərəfəsinə təsadüf etməsi ilə xüsusi əlamətdar olması qeyd olunub. Xalqımızın tarixində 9 may gününün İkinci Dünya müharibəsində fa­şizmin məğlub edilməsi, döyüş meydanlarında fədakarlıqla döyüşmüş yüz minlərlə Azərbaycan oğullarının ehtiramla yad edilməsi ilə də əlamətdar olması qeyd edilib.

Son iki ayda işğaldan azad edilmiş ərazilərimizdə 10 yeni hərbi hissənin açılışının baş tutması, bu hərbi hissənin də xidməti-döyüş fəaliyyətinə başlamasının dövlət sərhədlərinin mühafizəsi üçün böyük əhəmiyyət kəsb etməsi bildirilib.

Yeni hərbi hissənin açılışını bildirən rəmzi lent kəsildikdən sonra tədbir iştirakçıları hərbi hissədə xidmətin təşkili üçün yaradılmış şəraitlə tanış olublar.

Tədbirin sonunda xidməti fəaliyyətində yüksək nəticələr göstərmiş hərbi qulluqçular təltif olunublar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər