19 May 2021 14:12
690
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidmətinin birgə məlumat yayıb.

Teleqraf.com-un xəbərinə görə, mayın 15-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə’” sərhəd dəstəsinin xidməti ərazisində 3 nəfər naməlum şəxs Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənarda qanunsuz olaraq keçərkən DSX-nın əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq onlara odlu silahdan atəş açmış və nəticədə xidməti vəzifələrini icra edən 2 hərbi qulluqçunun həlak olması faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə Baş Prokurorluğun İstintaq idarəsində istintaq davam etdirilir.

İstintaq zamanı cinayət hadisəsinin iştirakçılarından biri - İran İslam Respublikasının vətəndaşı Həsənəli Bərgi təqsirləndirilən şəxs qismində cəlb edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Bu gün saat 10 radələrində Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və DSX-nın əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində cinayət hadisəsinin digər iştirakçılarından biri - İran İslam Respublikasının vətəndaşı Ağayi Əllahbəxş Bağış oğlunun Yardımlı rayonu ərazisində gizləndiyi yer müəyyən edilmiş, sonuncu təslim olmayaraq, silahlı müqavimət göstərdiyindən hərbi qulluqçularımız tərəfindən silah tətbiq edilməklə zərərsizləşdirilib.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə keçirilmiş baxış zamanı 1 ədəd “AK 74” silahı, onun komplekt hissəsi – içərisində 20 ədəd patronu olan 1 ədəd daraq, odlu silaha aid gilizlər və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar aşkar edilərək cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq götürülüb, Əllahbəxş Ağayinin meyitinin xarici və daxili müayinəsinin keçirilməsindən ötrü məhkəmə-tibbi ekspertizası təyin olunub.

Hazırda cinayətin digər iştirakçısının şəxsiyyətinin müəyyənləşdirilərək istintaqa cəlb edilməsi, habelə işin digər hallarının araşdırılması istiqamətində intensiv istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcəkdir.

***

11:24

Mayın 15-də Azərbaycan dövlət sərhədini pozaraq Dövlət Sərhəd Xidmətinin iki hərbçisini qətlə yetirən İran vətəndaşlarından biri zərərsizləşdirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov Teleqraf.com-a bildirib ki, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının keçirdiyi birgə əməliyyat-axtarış tədbirləri nəticəsində Yardımlı rayonu ərazisində dağlarda gizlənən İran vətəndaşlarından birinin yeri müəyyən edilib: "O, təslim olmayaraq hərbi qulluqçulara silahlı müqavimət göstərib. Bu səbəbdən həmin şəxs zərərsizləşdirib".

Qeyd edək ki, mayın 15-də DSX Sərhəd Qoşunlarının “Göytəpə’” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonunun Gendərə kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində 3 nəfər naməlum şəxs Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənarda qanunsuz olaraq keçərkən DSX-nın əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq onlara odlu silahdan atəş açıb və nəticədə xidməti vəzifələrini icra edən baş leytenant Samir Eyvazov və kiçik gizir Fərid Alimov həlak olublar.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər