Azərbaycanın kommunikasiya və xüsusi olaraq nəqliyyat sistemində metro xüsusi əhəmiyyətə malikdir. Zaman-zaman problemlər yaransa da, metro infrastrukturu təkmilləşdirilib.
Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.
Onun sözlərinə görə, Bakının nəqliyyat sistemində ciddi rol oynayan metropolitendə yeni stansiyaya "8 Noyabr" adının verilməsi çox qürurvericidir:
"Əhalinin Bakıda hərəkətində çox ciddi rol oynayır. Demək olar ki, dayanmadan yeni-yeni stansiyalar insanların ixtiyarına verilir. Yeni istifadəyə verilən stansiyanın tarixi Zəfər günü ilə bağlı olaraq 8 Noyabr adlandırılması çox mühüm əhəmiyyətə malikdir. Mən əminəm ki, 8 Noyabr Azərbaycan xalqının tarixində ən şərəfli, ən qürurverici günlərdən biri kimi nəsillərdən nəsillərə gedəcək və hər zaman yüksək səviyyədə qeyd olunacaq".