4 Noyabr 2014 14:43
3 102
12 Punto 14 Punto 16 Punto 18 Punto

AİDS/QİÇS - Qazanılmış İmmun Çatışmazlığı Sindromu, bu xəstəlik barədə yəqin ki, bir çox insanın məlumatı var. Əli (ad şərtidir) adlı oğlan deyir ki, QİÇS-ə yoluxmasını keçən il qohumuna qan vermək istədiyi zaman öyrənib: “Bu vaxta qədər yoluxucu xəstəlik barədə məlumatsız olmuşam. Əgər zamanında bununla bağlı məlumatlı olsaydım, ehtiyatlı davranardım. Qısa müddət ərzində Türkiyə və Almaniyada yaşadım, elə QİÇS-ə yoluxduğumu da vətənə qayıdandan sonra bildim”.

9 ay ərzində 23 nəfər

Azərbaycanda QİÇS, onun insandan insana keçməsi, xəstəliyin əlamətləri ilə bağlı məlumatı olmayanlar yetərincədir. Bu xəstəliyə yoluxanların əksəriyyəti də rayon sakinləridir desək, yanılmarıq.
“Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyinin sədri Zemfira Mustafayevanın sözlərinə görə, cənub regionunda QİÇS-ə yoluxanların sayı daha çoxdur.

Məlumatın dəqiqliyini öyrənmək üçün Lənkəran regional QİÇS diaqnostika laboratoriyasının həkimi Rəmiəli İbişovla əlaqə saxladıq.

Həkim bildirdi ki, Lənkəranda 9 ay ərzində 23 nəfərin QİÇS daşıyıcısı olduğu aşkarlanıb: “Onlardan 15 nəfəri kişi, 8 nəfəri isə qadındır. QİÇS-ə yoluxan insanların yaş həddi 20-50 yaş arasındadır. Ümumilikdə Lənkəran rayonu üzrə 2000-2014-cü ilə kimi 343 nəfərdə QİÇS virusu aşkarlanıb”.

Bu ilin sentyabrında 3 nəfərin QİÇS-ə yoluxduğunu bildirən həkim qeyd etdi ki, cənub regionunda bu xəstəliyə tutulan insanların sayında azalma müşahidə olunmayıb: “Statistik məlumatlar da göstərir ki, bu xəstəliyə yoluxanlar ildən-ilə artır. Bu statistika cənub regionu üçün də belədir. Xəstəliyə yoluxan insanların diqqətsizliyi onların ölümü ilə nəticələnir. Təkcə, sentyabr ayı üçün üç nəfər QİÇS-ə yoluxub ki, bunların hamısı kişidir. Əsasən, bu xəstəliyə yoluxan insanların müalicəsini davam etdirmək üçün paytaxta yollayırıq. Bu virusun daşıyıcılarından 60 nəfəri Lənkəranda müalicə alır. Amma elə xəstələr də var ki, onlar müalicə almaqdan imtina edir”.

Vacib şərt – profilaktik tədbir

R.İbişovun sözlərinə görə, son ildə xəstəliyin coğrafiyası şəhərdən kəndə doğru dəyişib: “9 ayı ərzində QİÇS-ə yoluxanlar arasında ölən olmayıb. Lakin 2000-2014-cü illər arasında bu virusun daşıyıcısı olan 343 nəfərdən 80-i dünyasını dəyişib. Narahatedici məqam isə QİÇS-ə yoluxanların əsasən gənc nəslə aid olması və xəstəliyin getdikcə daha aşağı yaş qrupuna sirayət etməsidir”.

Mütəxəssis hesab edir ki, QİÇS idarə olunan xəstəlikdir: “Çünki indiki vaxtda hər bir kəs şüurlu surətdə profilaktik tədbirlər yolu ilə bu bəladan uzaq ola bilər”.

4298 nəfər xəstə

Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Monitorinq qiymətləndirmə şöbəsinin müdiri Natiq Zülfüqarovun verdiyi məlumata görə, 1992-2013-ci illər arasında Azərbaycanda İİV-ə (insanın immunçatışmazlığı virusu) yoluxması aşkar olunan insanların sayı 4298 nəfər təşkil edib:

“Onlardan 4149 nəfəri Azərbaycan vətəndaşı, 149-u isə əcnəbidir. Qeydiyyata alınmış 4149 azərbaycanlıdan 3236-ı kişi, 913-ü qadındır. Bu dövr ərzində QİÇS mərhələsinə keçən insanların sayı 1319 nəfər, onlardan Azərbaycan vətəndaşlarının sayı 1301-dir. Bu müddət ərzində İİV-dən dünyasını dəyişmiş insanların sayı 585 nəfərdir ki, onlardan da 577-i Azərbaycan vətəndaşıdır. 8 nəfər isə ölkəmizdə yaşayan əcnəbilərdir.

4149 nəfər xəstədən 2400-ü narkotik istifadəsi, 1310-u heteroseksual, 51-i homoseksual əlaqə nəticəsində xəstəliyə yoluxub. Habelə 65 nəfər anadan uşağa keçməklə sözügedən virusa tutulub. 322 nəfərdə isə yoluxmanın hansı yolla baş verməsi naməlumdur.

Cari ilin 9 ayının statistikasının nəticələrinə görə isə, Azərbaycanda İİV-ə yoluxması yeni aşkar olunan insanların sayı 476 nəfərdir. Onlardan 462 nəfəri Azərbaycan vətəndaşı, 14-ü isə əcnəbidir. Qeydiyyata alınmış 476 azərbaycanlıdan 286 nəfəri kişi, 176-ı qadındır. İİV-infeksiyasından dünyasını dəyişmiş insanların sayı 59 nəfərdir”.

Natiq Zülfüqarovun sözlərinə görə, bu xəstəliyə ən çox yoluxanlar (65,8 faiz) 30-49 yaş qrupuna aiddir: “Ümumiyyətlə yaş qrupu bu cür tənzimlənir. 0-14 yaş, 15-18 yaşdır. 14 yaşa kimi 13 nəfər, 15-18 yaş arası isə 1 nəfər bu xəstəliyə yoluxub”.

“5-10 il ərzində sağlam görünürlər”

Onun dediyinə görə, bəzən xəstəlik səhv salına da bilinir: “İİV infeksiyasına yoluxmaq və QİÇS xəstəliyinə tutulmaq eyni şey deyil. İİV infeksiyası termini o deməkdir ki, insanın qanında virusa qarşı anti-tellər aşkar olunur. Bu vəziyyətin insanı həyati təhlükə qarşısında qoymasına baxmayaraq, bir çox İİV-ə yoluxanlar illərlə xəstələnmir. Lakin onlar digər insanlar üçün virus mənbəyi ola bilərlər. Vaxt keçdikcə virus orqanizmi digər xəstəliklər üçün daha zəif etməklə onun immun sistemini dağıdır. Xəstəliyə yoluxmuş şəxs orta hesabla 5-10 il ərzində sağlam görünür və bəzi hallarda orqanizmdə bu virusun kök salmasından heç özünün də xəbəri olmur. QİÇS xəstəliyinə yoluxma əsasən 3 yolla baş verir: 1. Cinsi əlaqə yolu ilə, 2. Damardaxili infeksiyalar yolu ilə-narkomanlar tərəfindən narkotik maddələrin damardaxili qəbulu zamanı, 3.Transplasentar yolla-xəstəliyin xəstə anadan bətndaxili dövrdə cift vasitəsilə dölə keçməsi ilə”.

Hacıqabul liderdir

Cənub regionunda bu virusun daşıyıcılarının daha çox olduğuna münasibət bildirən N.Zülfüqarov xəstəliklə bağlı hesablamaların başqa üsulla aparıldığını vurğuladı: “Burada göstərici ümumi əhalinin sayına görə hesablanır. Əslində rayonlar üzrə QİÇS-ə yoluxma göstəricisi daha çox Hacıqabuldadır. Çünki orada əhalinin sayı az, amma yoluxmalar çoxdur. Ümumilikdə isə bu xəstəliyə daha çox yoluxanlar Bakı və Abşerondadır. Burada ümumi xəstələrin sayı 1086 nəfərdir. Paytaxtda üç milyon insanın yaşadığını nəzərə alsaq bu, elə də böyük rəqəm hesab olunmur”.

Narkomanlar - ən böyük risk qrupları

O, qeyd edib ki, bu xəstəliyə yoluxmamaq üçün müntəzəm olaraq maarifləndirmə tədbirləri görülür: “Ən böyük risk qrupları arasında narkomanlar yer alır. Maarifləndirmə tədbirləri daha çox qeyri-hökumət təşkilatları tərəfindən həyata keçirilir. Eyni zamanda Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən də, hər il müxtəlif televiziya, radio, institut, icra orqanları və xəstəxanalarda mühazirələr oxunur və broşurlər paylanır. Geniş əhali kütləsi arasında kütləvi müayinə aksiyaları aparılır. QİÇS-dən qorunmağın yeganə yolu sağlam həyat tərzi keçirmək və təsadüfi adamlarla münasibətdə ehtiyatlı olmaqdır. Hələ 20 il əvvəl QİÇS xəstəliyinə çox uzaqda olan bir təhlükə kimi baxılıb. Amma bugünkü reallıq başqadır. Ən başlıcası profilaktikadır və bu, daha çox insanların özündən asılıdır”.

Qadına ötürülmə təhlükəsi

Həkim məsləhəti həkim-virusoloq Dilarə Quliyeva deyir ki, virus orqanizmin 4 mayesində - qan, sperma, vaqinal maye və ana südündə olur: “Virus ətraf mühitin amillərinə qarşı davamsızdır və onların təsiri altında qısa bir zamanda məhv olur. Tüpürcək, tər, göz yaşı, sidikdən praktiki olaraq insanın immun çatışmazlığı virusuna yoluxması mümkün deyil. Çünki bu mayelərdə virusun miqdarı yoluxma üçün kifayət deyil”.

Həkimin sözlərinə görə, gözəllik salonları və qadın məsləhətxanaları virusun yayılması üçün potensial mənbədir: “Son vaxtlar dəbdə olan tatuaj və pirsinq zamanı qeyri-steril ləvazimatlardan - iynə, şpris və sairdən istifadə edilir ki, bu da virusa yoluxma ilə nəticələnə bilir. Bundan təkcə qadınlar sığortalanmayıb, bərbərxanada saçını, üzünü təraş etdirən kişilərin də virusa yoluxma təhlükəsi var. Bura inyeksiya və qorunmamış cinsi əlaqə də daxildir. Virusun kişidən qadına ötürülmə təhlükəsi qadından kişiyə ötürülmə təhlükəsindən 4 dəfə çoxdur. Əgər insan cinsi yolla yayılan digər infeksiyaya yoluxubsa, onun İİV-ə tutulma ehtimalı artır”.

Qeyd edək ki, ümumilikdə, Azərbaycanda ilk İİV infeksiyası 1987-ci ildə Neft-Kimya İnstitutunun tələbəsi olan Uqanda vətəndaşında aşkar edilib.

Dünyada QİÇS

Ümumdünya Səhiyyə Təşkilatı 1988-ci ildən dekabrın ilk gününü «Ümumdünya QİÇS-lə mübarizə günü» elan edib. QİÇS-dən vəfat edən insanların anım günü ilk dəfə 1983-cü ildə ABŞ-ın San-Fransisko şəhərində olub.

Eyni zamanda hər bir ölkədə xəstəliyin qarşısının alınmasına yönəldilmiş sanitariya maarif işi, konfrans, seminar və digər tədbirlər keçirilir.

Bildirək ki, QİÇS xəstələrinin az rast olunan ölkələr İslam dövlətləridir. Müsəlmanların yaşamları əxlaq normaları çərçivəsində olduğundan belə hal həmin ölkələrdə az baş verir. Xəstəliyin ən çox müşahidə olunduğu ərazilər isə Afrika, Cənubi Amerika, Avropa, ABŞ və Kanadadır.

Dünyada 30 mln insan QİÇS-dən dünyasını dəyişib. Hər gün dünyada bu xəstəlikdən 5500 insan vəfat edir.

Ölkəmizdə zərərin azaldılması layihəsinin ən mükəmməl icraçısı AİDS-lə Mübarizə İctimai Birliyidir.
AİDS-lə Mübarizə İctimai Birliyi 2005-ci ildən başlayaraq bu xəstəliyin daşıyıcısı olan şəxslər, o cümlədən narkoistifadəçilərə müxtəlif sosial yardımların göstərilməsi ilə məşğuldur. Təşkilatın 197 üzvü var, onlardan 70 faizi HİV+-lə yaşayan insanlardır. HİV hallarının ölkənin müxtəlif regionlarında yayılmasını nəzərə alaraq təşkilat HİV-lə yaşayan insanların şəbəkəsini yaratmağa qərar vermiş və bu məqsədlə 9 avqust 2010-cu il tarixində ölkənin 5 regionunda nümayəndəliklər açılıb. Bunlar Tovuz, Lənkəran, Sumqayıt, Şirvan, Quba rayonlarındadır. HİV+ insanlara və HİV-ə qarşı yüksək risk qrupları olan narkoistifadəçilərlə profilaktik və qayğı işləri üçün nəzərdə tutulub. Bu ildən təşkilatın çalışdığı regionlara iki rayon - Şamaxı və Astara da qatılıb.

Həmçinin bu təşkilat Şərqi Avropa və Mərkəzi Asiya regionu ölkələrində HİV-lə yaşayan insanların şəbəkəsinin idarə heyətini üzvüdür. Şəbəkə regionun 15 ölkəsini özündə birləşdirir.

İlhamə ƏBÜLFƏT


Müəllif: